Nailiyyətlərin əldə olunmasında bu aksiyaların əhəmiyyətli təsiri oldu Nailiyyətlərin əldə olunmasında bu aksiyaların əhəmiyyətli təsiri oldu

Oqtay Qasımov: "Azərbaycan dövlətinə qarşı təhdidlər ciddi şəkildə azalacaq"

Nailiyyətlərin əldə olunmasında bu aksiyaların əhəmiyyətli təsiri oldu

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Mövzu ilə bağlı suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq. O AzNews.az-a açıqlamasında deyib ki, bu tarixi hadisədir.

"44 günlük müharibədən sonra Azərbaycanın müxtəlif istiqamətlərdə uğurları olduğu müddətdə sərhəd bölgəsində, Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində əməliyyatlar keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü, terrorçulara qarşı anti-terror əməliyyatları aparıldı", - O. Qasımov əlavə edib.

Politoloq hesab edir ki, 44 günlük müharibədən sonrakı ən önəmli hadisə budur:

"Bununla Azərbaycan bütün dünyaya göstərdi ki, artıq özünün dövlət sərhədinin bütün hissələrinə tam şəkildə nəzarət edir. Beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində istədiyi sərhəd keçid məntəqələrini qurur. Bu olduqca vacib addım idi. Bununla Ermənistan tərəfinin 31 il davam edən maneəsiz gediş-gəlişi, silah-sursat, daşınması, terrorçuların sərbəst hərəkəti və s. kimi məsələlərə artıq son qoyuldu. Bundan sonrakı dönəmdə Qarabağda hələ də qalmaqda olan Ermənistan ordusuna aid, rəsmi İrəvanın da imtina etdiyi və bunun üçün də qeyri-qanuni silahlı birləşmələr, yəni terrorçular kateqoriyasına aid olan qruplaşmalarla bağlı məsələ də artıq öz həllini tapacaq. Bundan sonra Azərbaycan dövlətinə qarşı təhdidlər ciddi şəkildə azalacaq. Artıq ölkənin hər nöqtəsində giriş-çıxış nəzarət altındadır. Bu eyni zamanda 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərindən biridir və Rusiya sülhməramlıları bunu təmin etməlidirlər”.

O.Qasımov bildirib ki, digər bir məsələ bölgənin reinteqrasiya prosesidir:

"Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan Konstitusiyasını qəbul edənlər Azərbaycan vətəndaşlarına verilən bütün hüquq imkanlarından və imtiyazlarından istifadə edə biləcəklər. Digər Azərbaycana qarşı cinayət törətmiş şəxslər, silahlı terrorçular ya silahı qoyub ərazilərimizi tərk etməlidirlər, ya da Azərbaycan dövlətinin sərt üzünü görəcəklər. Bir digər məsələ hazırda bizim eko-fəalların 136 gündür davam edən aksiyalarıdır. Nailiyyətlərin əldə olunmasında bu aksiyaların əhəmiyyətli təsiri oldu. Hesab edirəm ki, bu aksiyalar öz hədəflərinə tam şəkildə çatmadığına görə davam etməlidir. Azərbaycanın bölgədəki qızıl və mis-molibden yataqlarına nəzarətdən əlavə eyni zamanda Qarabağ ərazisində Azərbaycanın olduqca önəmli strateji obyekti olan Sərsəng Su Anbarının nəzarətə götürülməsi prosesi həyata keçməlidr. Eko-fəalların tələblərinin biri də bu olmalıdır".

Onun sözlərinə görə, bundan sonrakı dövrdə Qarabağda yaşayan ermənilərin həqiqi təmsilçiləri ilə Azərbaycan dövlət qurumları arasında təmaslar yaradılmalıdır:

"Ermənistan da artıq reallıqları qəbul edərək rasional addımlar atmalıdır. Bu hadisələrin yəqin ki, Ermənistanın hakim dairələrinə, o cümlədən cəmiyyətinə təsiri olacaqdır. Onlar hazırda hay-küy salsalar da, bir müddət sonra onlar da reallıqları qəbul edəcək və bu reallıqlara uyğun davranmaq məcburiyyətində qalacaqlar".

O. Qasımov sonda vurğulayıb ki, Azərbaycan bu addımı atarkən bütün uyğun şərtləri, bölgədə marağı olan qüvvələri, o cümlədən onların reaksiyalarını hesablayıb:

"Fransa xaric əslində bu məsələ ilə bağlı verilən açıqlamalara baxdığımızda digər dövlətlərin Azərbaycanın bu addımının kifayət qədər məntiqli olduğunu qəbul etdikləri aydın şəkildə görünür. Fevralın 18-də Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vasitəçiliyi ilə üçtərəfli görüş zamanı bu fikirləri səsləndirmişdi. Görüşdən sonra da məlum oldu ki, həm ABŞ, həm də Avropa İttifaqı Azərbaycanın beynəlxalq hüquqa uyğun olan bu təklifini məntiqli qəbul edir və buna etiraz etmirlər. Bu olduqca vacib hadisədir. Bəlkə də bunun miqyasını bəzən tam şəkildə dərk etmirik. Bu, Azərbaycanın müstəqillik qazanandan sonra tam şəkildə öz sərhədlərini bərpa etdiyinin və daha ciddi şəkildə qoruduğunun, bundan sonra da müdafiə etməyə hazır olduğunun bir nümunəsi kimi göstərilə bilər".

Rəşid QARAYEV,

AzNews.az