Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.