Sultan Zahidov: “İranın dron iddiaları əsassız və reallıqdan uzaqdır”

“Son günlər İran tərəfinin səsləndirdiyi bəzi fikirlər reallığı əks etdirmir və Azərbaycana qarşı əsassız iddialar səviyyəsində qiymətləndirilməlidir. Belə ki, yayılan məlumatlarda guya Azərbaycan ərazisindən İsrail-İran qarşıdurması zamanı İran istiqamətində dronların istifadə olunduğu iddia edilir. Halbuki, bu məlumatlar tamamilə yalandır və heç bir əsas daşımır. Artıq Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında telefon danışığı baş tutub. Həmin danışıq zamanı İran Prezidenti bir daha əmin olub ki, Azərbaycan heç bir dövlətə qarşı öz ərazisindən istifadə olunmasına icazə vermir və belə bir niyyəti də yoxdur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani guya İsrailə məxsus dronların Azərbaycan ərazisindən, xüsusilə də Zəngilan istiqamətindən İrana qarşı hücum həyata keçirdiyinə dair əsassız və təxribat xarakterli iddialar səsləndirib. Bu açıqlamaların fonunda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bəyan edib ki, Tehran rəsmi Bakının öz ərazisindən İrana qarşı heç bir qüvvənin istifadə etməsinə yol verməyəcəyinə dair qəti əminlik ifadə edir.

Siyasi şərhçi qeyd edib ki, bu cür iddialar Azərbaycanın suverenlik və neytrallıq prinsiplərinə ziddir, eləcə də ölkənin qonşularla qarşılıqlı hörmətə əsaslanan münasibətləri ilə uzlaşmır.

“Azərbaycan hər zaman regional dövlətlərlə mehriban və sabit qonşuluq münasibətlərinin inkişafında maraqlı olub və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Bu günə qədər də Azərbaycan heç bir xarici dövlətə qarşı öz ərazisini platforma kimi təqdim etməyib. Əgər bir dövlət digər bir dövlətə qarşı üçüncü bir ölkənin ərazisindən istifadə edərsə, bu, açıq şəkildə həmin dövlətə qarşı düşmən münasibətinin göstəricisidir. Azərbaycan isə heç bir halda belə bir yanaşmanı qəbul etmir. Odur ki, səsləndirilən bu iddialar tamamilə əsassızdır. İran rəhbərliyi də bu məsələdə rəsmi mövqeyini ortaya qoyaraq, Azərbaycanın belə bir addım atmadığını təsdiqləyib. Lakin buna baxmayaraq, İranın bəzi dairələrindən fərqli səslər gəlməkdədir. İran rəsmisi Mehdi Sobhani tərəfindən səsləndirilən bəyanatlar bu baxımdan diqqət çəkir”.

Siyasi şərhçi əlavə edib ki, Sobhaninin açıqlamaları ya Ermənistan auditoriyasının rəğbətini qazanmaq məqsədi daşıyır, ya da onun əvvəllər olduğu kimi Azərbaycana qarşı qara piar kampaniyasını davam etdirdiyini göstərir:

“Bu cür çıxışlar İranın rəsmi siyasəti ilə üst-üstə düşmür və bu ölkənin ikili mövqe sərgilədiyinin göstəricisidir. Bu, klassik siyasi taktikadır: bir tərəfdən rəsmi səviyyədə mülayim münasibətlər nümayiş olunur, digər tərəfdən isə sərt və təxribat xarakterli açıqlamalar verilir. Əslində, bu yanaşma qədim Roma mifologiyasındakı ikiüzlü Yanus tanrısını xatırladır – bir üzü başqa, digər üzü isə tam fərqli. Beləliklə, İran bu “ikiüzlü” siyasəti Mehdi Sobhani timsalında davam etdirir. Bu isə təkcə Azərbaycan-İran münasibətlərinə deyil, eyni zamanda Cənubi Qafqazda sabitliyin və regional həmrəyliyin inkişafına da ciddi zərbə vurur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az