İranın nüvə silahı regionda yeni silahlanma yarışına yol aça bilər? - AÇIQLAMA

“İranın nüvə proqramının yaratdığı əsas narahatlıq, bu proqramın təkcə müdafiə məqsədi daşımaması, həm də İran Konstitusiyasında və rəsmi bəyanatlarında əksini tapan ideoloji məqsədlərlə əlaqədardır. Belə ki, İran Konstitusiyasında açıq şəkildə göstərilir ki, ölkənin əsas strateji məqsədlərindən biri İsrailin varlığını aradan qaldırmaqdır. Bu isə beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. İranın hazırkı siyasi rejimi dəfələrlə bəyan edib ki, İsrailin məhv edilməsi onların əsas hədəflərindən biridir. Bu bəyanatlar fonunda İsrail özünü real təhlükə altında hiss edir. Çünki əgər İran nüvə silahına sahib olarsa, bu silahın ilk hədəfinin İsrail olacağı ehtimalı yüksəkdir. Məhz buna görə də İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün müxtəlif diplomatik və hərbi yollar axtarır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Xatırladaq ki, hazırda dünyanın diqqəti İsrail-İran müharibəsinə yönəlib. İranın nüvə proqramı ilə bağlı iddialar isə bu ölkəyə qarşı diplomatik və hərbi təzyiqlərin artmasına səbəb olur. Beynəlxalq ictimaiyyət bu proqramı regional və qlobal təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirir.

Siyasi şərhçi qeyd edib ki, digər bir narahatlıq isə ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri ilə bağlıdır.

“İranın nüvə silahına sahib olması Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələr üçün də ciddi təhlükə yaradır. Bu dövlətlərin əksəriyyətində ABŞ-ın hərbi bazaları yerləşir və onlar Vaşinqtonla sıx əməkdaşlıq edirlər. İran isə bu ölkələrə qarşı zaman-zaman təhdidedici ritorika nümayiş etdirir və bəzi hallarda birbaşa hərbi təzyiqlər göstərir. Bu kontekstdə İranın nüvə silahına malik olması regionda balansı kökündən poza bilər. Səudiyyə Ərəbistanı üçün isə bu təhlükə təkcə hərbi deyil, həm də ideoloji xarakter daşıyır. İran şiəliyin cəfəri məzhəbini, Səudiyyə Ərəbistanı isə sünniliyin vəhhabi təriqətini əsas dini ideologiya kimi qəbul edir. Bu iki ölkə arasında uzun illərdir davam edən dini-ideoloji rəqabət regionda əlavə gərginlik yaradır. İranın nüvə silahına sahib olması bu ideoloji qarşıdurmanı da daha təhlükəli səviyyəyə daşıya bilər”.

Siyasi şərhçi əlavə edib ki, məsələyə müdafiə prizmasından baxdıqda, Pakistan nümunəsi xüsusilə diqqətəlayiqdir:

“Pakistan, Hindistanın nüvə silahına sahib olmasından sonra özünümüdafiə məqsədilə nüvə silahı əldə etdi. Lakin İran nüvə silahını yalnız müdafiə deyil, potensial hücum vasitəsi kimi də istifadə edə bilər ki, bu da digər dövlətlər üçün narahatlıq yaradır. Bu səbəbdən, bir çox ölkələr İranın nüvə silahına sahib olmasının qarşısını almağa çalışır. Nəticə etibarilə, İranın nüvə silahı əldə etməsi regionda və qlobal səviyyədə təhlükəsizlik balansını ciddi şəkildə poza bilər. Bu da Yaxın Şərqdə yeni silahlanma yarışına, hərbi qarşıdurmalara və daha geniş geosiyasi gərginliyə səbəb ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az