"Rusiya paytaxtı azərbaycanlılardan təmizləmək istəyir" - Azər Həsrət

“Yekaterinburq Rusiyanın daxili bölgəsində yerləşən bir şəhərdir. Bəs niyə məhz buradan? Azərbaycanlılara qarşı həyata keçirilən əməliyyatlar yalnız qanunsuz deyil, həm də vəhşiliklə müşayiət olunub. Bu hadisənin arxasında hansı mesajın dayandığı barədə sual verilsə, mən və başqa şəxslər belə ehtimal irəli sürürük. Bir müddət öncə “Georgi Lenti” adlı bir rəmzə qarşı fikirlərimiz səslənirdi. İllərdir biz bu rəmzə qarşı çıxış edirik, çünki “Georgi Lenti” məhz İmperatriça Yekaterina tərəfindən təsis edilib. Bu, rusların türklər üzərindəki “qələbəsini” simvolizə edən bir mükafatdır. Medallar, ordenlər məhz bu lentdən asılır. “Georgi Lenti”nin təsisçisi İmperatriça Yekaterinadır, bugünkü Yekaterinburq şəhərinin adı da ondan götürülüb. Sovet dövründə şəhərin adı Sverdlovsk idi, lakin SSRİ dağıldıqdan sonra şəhər öz əvvəlki adını – Yekaterinburqu – bərpa etdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Rusiya OMON-un Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirdiyi hücum bir sıra aspektlərə görə diqqət çəkir. Onlardan biri də Kremlin niyə məhz bu şəhəri seçməsidir. Bu seçim, şəhərin tarixi və simvolik önəmi ilə əlaqələndirilir.

Siyasi şərhçi bildirib ki, türklər üzərində qələbənin simvolu sayılan “Georgi Lenti”nin təsisçisi İmperatriça Yekaterina olduğu üçün, onun adını daşıyan şəhərdə azərbaycanlılara qarşı bu vəhşi əməliyyat edilib.

“Ümumilikdə isə Rusiya müxtəlif bölgələrdə azərbaycanlılar və digər türk xalqlarına qarşı qeyri-insani davranışlar sərgiləyir. İnsan ləyaqətini alçaldır, özbəklərə, qazaxlara, qırğızlara, türkmənlərə qarşı da oxşar əməliyyatlar dəfələrlə həyata keçirilib. Ən çox narahat olduğum məsələ isə budur ki, bu əməliyyatlar kənardan başlayıb, əsas məqsəd Moskva ola bilər. Yəni Rusiya paytaxtı azərbaycanlılardan təmizləməyi hədəfləyir. Əməliyyatın Moskvadan başlamamasının səbəbi sadəcə diqqət çəkməməkdir. Proses əyalətlərdən başlayaraq tədricən Moskvaya doğru irəliləyir və orada yekunlaşması planlaşdırılır. Ümumiyyətlə, türklərdən təmizlənmək Rusiyanın qarşısına qoyduğu məqsəddir. Bunu haradan dediyimə gəlincə, Qurban bayramında Moskvada müsəlmanların, xüsusən də böyük əksəriyyəti türk olanların, Tatar məscidində və digər məscidlərdə yüz minlərlə insanın birgə bayram namazı qılması faktı var. Bu il Ramazan və Qurban bayramında hardasa 450 min nəfər birgə namaz qıldı. Yollar bağlanıb, bu da ruslarda narazılıq yaradır. Təbiidir ki, Moskva bu görüntüləri sevmir, amma dini tolerantlıq nümayiş etdirmək məcburiyyətindədir və müsəlmanlara qarşı açıq əngəl yarada bilmir”.

Siyasi şərhçi əlavə edib ki, müsəlmanların böyük hissəsi, xüsusən azərbaycanlılar, Moskva əhalisi arasında sayca ikinci ən böyük qrupu təşkil edir:

“İllər əvvəl ortaya çıxan rəqəmlərə görə, Moskvada ruslardan sonra ən çox olan millət azərbaycanlılardır. Fikrimcə, Rusiyanın son hədəfi Moskvanı, ümumilikdə isə türkləri azərbaycanlılardan, özbəkdən, qazaxdan, qırğızdan, türkməndən, eləcə də Rusiyanın işğalı altında olan Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Yakutiya, Xakasiya kimi türk yurdlarından olan insanlardan təmizləməkdir. Ümumilikdə götürülsə, Moskva əhalisinin üçdə biri türk ola bilər. Rəsmi statistikalar bu haqda geniş məlumat vermək istəmir. Belə səbəblərin mövcudluğunu düşünmək tamamilə mümkündür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az