Politoloq: "Bu görüşü Ermənistan mətbuatı yüksək dəyərləndirəcək"

“Bu, Avropa Siyasi Birliyinin sayca ikinci iclasıdır. Bu iclasda 45 dövlət və ya hökumət başçısı iştirak etdi. Qərb tərəfi Avropa Siyasi Birliyinin mövcudluq amalını sadəcə bir siyasi koordinasiya platforması kimi təqdim edir”

Bunu AzNews.az-a Prezident İlham Əliyevin Moldova səfərin şərh edərkən politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, Qərb-Rusiya münasibətlərinin mövcud durumunda istənilən belə toplantı və ya yığıncaq digər cəbhəyə qarşı yönəlmiş səylər kimi qiymətləndirilir. Məhz belə bir situasiyanın içində Ermənistan-Azərbaycan liderlərinin bir araya gəlməsi diqqətləri Moldovanın Bulboaca şəhərindəki Mimi qalasına daha da yaxından cəlb etdi.

Ş.Həsənova bildirib ki, hər şeydən öncə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin bu səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında olan iqtisadi və siyasi məsələlərin müzakirə olunması baxımından önəmlidir:

“Ermənistanla bağlı məsələyə gəldikdə isə ilk növbədə bilinməlidir ki, Azərbaycan Fransanın hansısa vasitəçilik cəhdlərini birmənalı olaraq qəbul etməyəcək. Bu sadəcə Fransaya və ya Ermənistana deyil, hər bir tərəfə yaxşı məlumdur. Elə status da bu qəbildən olan məsələdir. Bundan öncə Moskvada keçirilmiş görüşdə hər hansı sənəd imzalanmadı. Düzü, düşünmürəm ki, burada hər hansı bir sənədin ən azından bu məqamda imzalanması ümumi prosesə müsbət təsir edərdi. Onu da xüsusi vurğulayım ki, sənədin imzalanmamasının özü belə bu addımın Kişineuda da atılmayacağından xəbər verdi. Görüşün Avropasayağı sərbəst tərzdə və üslubda keçirilməsinin özü belə göstərdi ki, görüş fikir mübadiləsi, alış-verişi və mövqe yaxınlaşması baxımından önəmlidir.

Zənnimcə, gündəlikdə duran əsas məsələ kommunikasiyaların açılmasıdır. Onların da bərpası və inşasında Avropa İttifaqının maliyyə dəstəyi olduqca önəmlidir ki, bu məsələlərin də cızma-qarasının, təxminlərinin nəzərdən keçirildiyi də istisna deyil. Hər hansı bir konkret sənəd ortada olmasa belə Qərb mövqe yaxınlaşması baxımından vasitəçiliyin mərkəzində dayanmaqda, Cənubi Qafqazda mövcudluğunu daha bir üst səviyyəyə qaldırmaqda maraqlıdır. Regionun təhlükəsizliyi baxımından toqquşan maraqları iqtisadi zəmini maksimum möhkəm əsaslarla yaratmaqla tənzimləmək olar ki bunün özü də hər bir tərəfə müsbət nəticə vəd edən məsələdir. Ermənistan tərəfindən bəzən müsbət, bəzən mənfi, ümumilikdə isə qarışıq fikirlərin səsləndirilməsi onun nəticəsidir ki, ictimaiyyət sülhə hazırlaşdırılır. Yəni, hər teldən bir avaz gəlsə də İrəvan küçələrində keçirilən rəy sorğuları da bundan xəbər verir. Azərbaycan bölgədə qalan erməniləri vətəndaşlığına dəvət edir. Avropa tərəfi üçün hüquq və azadlıqlar məsələsi əsas bayraq, fəaliyyət agendası olduğu üçün istisna etmirəm ki, bu məsələ xüsusilə müzakirə olunub. Elə bu istiqamət üzrə əsir və girov götürülmüşlər məsələsi, onların mübadiləsi də həmin müzakirəyə daxildir”.

Politoloq sonda qeyd edib ki, istər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olsun, istərsə də regionun təhlükəsizliyi baxımından iki cinah arasında gedən qarşıdurmanı iqtisadi dividentləri artırmaqla, danışıqlarda təkəlçiliyə yol verməməklə tənzimləmək düzgün olmaz. Həm bu məsələyə müsbət təsir edəcək, həm də təmasları aktiv tutmaq baxımından görüşdən sonra bildirildi ki, liderlər arasında növbəti görüş iyulun 21-də Brüsseldə olacaq:

“Təmasların olması müsbətdir. Hətta bu görüşü Ermənistan mətbuatı olduqca yüksək dəyərləndirəcək ki, Qərbin vasitəçiliyinin səmərəsini daha da ön plana çıxartsın. Bu günə qədər isə real görünən odur ki, Aİ və Ermənistan hər nə qədər Qərbin vasitəçiliyi ilə keçirilən görüşü irəliyə doğru aparan addım hesab etsələr də, hər nə qədər layihələrə iqtisadi dəstək, elə dəmiryolunun Ermənistan tərəfindən keçən hissəsinə Avropanın maliyyə paketi ayırması olacaqsa belə, hətta belə görüşlər sülh müqaviləsinə hər hansı hüquqi zəmin formalaşdırsa belə Moskva regionda və bu işdə əsas sözsahibliyini güzəştə getməyəcək”.

Rəşid Qarayev