- Müşahidə məntəqəsi
- 25 Sentyabr 22:01
- 7 128
Zeynal Əmrəliyev: "Yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər"
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin nə zaman normallaşacağı, sərhədlərin açılıb-açılmayacağı da sual doğuran məqamlardır. Türkiyə və Ermənistanın Xüsusi Nümayəndələri sonuncu dəfə avqust ayının əvvəlində görüş keçiriblər. Onlar iki ölkə arasında dəmir yolunun fəaliyyəti üçün lazımi texniki tələblərin qiymətləndirilməsinə də razılaşıblar. Lakin bundan sonra tərəflər arasında heç bir təmasın baş verməməsi ictimaiyyətdə maraqla qarşılanıb”.
“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılma prosesi Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasından, sülh müqaviləsinin imzalanmasından birbaşa asılıdır. Çünki dəfələrlə Türkiyə tərəfi də bəyan edib ki, Azərbaycanla sülh məsələsində müsbətə doğru bir irəliləyiş olmasa, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi aktuallaşa bilməz. Buna görə də iki ölkə Türkiyə və Ermənistanın nümayəndələri arasında keçirilən görüşdə əsas müzakirə mövzusu da məhz bu məsələdir. Rəsmi Ankara bu məsələdə rəsmi Bakı ilə ortaq şəkildə hərəkət edir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan da bunu dərk etməli və bilməlidir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi Azərbaycanla sülh müqaviləsi imzalanması üzərindən gedir.
“Buna görə də üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir. Zəngəzur dəhlizinin açılması və həmçinin digər məsələlərdə də prinsipial mövqe nümayiş etdirməlidir. Qərbi Azərbaycandan olan soydaşlarımız öz yurd-yuvalarına qayıtmalıdır. Bütün məsələlərdə Ermənistan ədalətli, konstruktiv mövqe ortaya qoymalıdır. Hansı ki, Azərbaycanın tələbləri bu məsələlərlə bağlı ədalətlidir. Beynəlxalq hüquq prinsiplərinə söykənir və Ermənistan bu mövqeyə ortaq olmalıdır. Yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilər. Sərhədlərin açılması Paşinyan hökuməti üçün son dərəcə vacibdir. Çünki bu, iqtisadi əlaqələrin qurulmasına, güclənməsinə xidmət edir. Türkiyə ilə sərhədlərin bağlanması səbəbindən Ermənistan iqtisadiyyatı uzun illərdir ki, çox böyük çətinliklər çəkir. Hazırda iqtisadi vəziyyəti düzəltmək üçün bu məsələlərə gedirlər. Buna görə Ermənistan tərəfi bütün mümkün vasitələrlə çalışır ki, Türkiyə ilə sərhədləri açsın. Ancaq bunun da yolu məlum olduğu kimi, Azərbaycanla münasibətləri nizamlamaqdan gedir”.
Rəfiqə NAMAZƏLİYEVA