“İran daxilində Bakı ilə münasibətlərə dair fikir ayrılıqları var” -AÇIQLAMA

“İranda, təəssüf ki, əvvəlki hökumətlərin dövründə Azərbaycana qarşı münasibət kifayət qədər sərt olub. Buna baxmayaraq, son zamanlar, cənab Pezeşkianın prezident seçilməsindən sonra İran-Azərbaycan münasibətlərində müəyyən istiləşmənin şahidi olduq. Bəli, iki ölkə arasında yaxınlaşma prosesi müşahidə olunur. Bu müddət ərzində Pezeşkianın iki dəfə Azərbaycana səfər etməsi, keçirdiyi görüşlər və həm İran rəsmilərinin, həm də onun özü tərəfindən Azərbaycanın lehinə verilən açıqlamalar münasibətlərin normallaşmasına və mehriban qonşuluq əlaqələrinin qurulmasına müsbət təsir göstərir. Bu cür addımlar iki dövlət arasında münasibətlərin yaxşılaşmasına mühüm töhfə verir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, son dövrlər beynəlxalq siyasi arenada İranda Azərbaycanla münasibətlərə dair ikili yanaşmaların mövcud olduğu bildirilir. Bununla belə, Prezident Məsud Pezeşkian və Tehran hökumətinin Bakı ilə əlaqələrin normallaşmasında maraqlı olduğu müşahidə olunur. Eyni zamanda, SEPAH və radikal mühafizəkar dairələrin bu yaxınlaşmaya qarşı olduğu iddia edilir.

Siyasi şərhçi bildirib ki, buna baxmayaraq, İranda müxtəlif dini, hərbi və siyasi dairələr tərəfindən Azərbaycana qarşı zaman-zaman müxtəlif iddialar səsləndirilir.

“Bu isə, təbii olaraq, Azərbaycanda narahatlıq və ciddi narazılıq doğurur. Düşünürəm ki, Pezeşkianın prezident seçilməsi və onun münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar gələcək əməkdaşlıq üçün xüsusi zəmin yaradır. Əgər bu siyasi xətt davam etdirilərsə, İran-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edə bilər. Separatçı və ya mühafizəkar dairələrin bu prosesi əngəlləməyə çalışması isə, əslində, İranın öz maraqlarına ziddir. Unutmaq olmaz ki, İran hazırda müəyyən dərəcədə beynəlxalq təcrid vəziyyətindədir və ABŞ, həmçinin İsraillə bağlı ciddi təzyiqlərlə üz-üzədir. Belə bir şəraitdə qonşularla, xüsusilə də Azərbaycanla münasibətləri normal saxlamaq İran üçün həyati əhəmiyyət daşıyır. İranın iqtisadiyyatı və geosiyasi durumu nəzərə alındıqda, bu məsələ daha da aktuallaşır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az