"Hər kəs bir-birini təbrik edir, prezidentə minnətdarlıq ifadə edirdi" "Hər kəs bir-birini təbrik edir, prezidentə minnətdarlıq ifadə edirdi"

İlham Əliyev Azərbaycanda dəfələrlə böyük inqilablar edib - İlahə Həsənova

"Hər kəs bir-birini təbrik edir, prezidentə minnətdarlıq ifadə edirdi"

Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İlahə Həsənova hesab edir ki, dövlət başçısı bu fərmanı ilə növbəti dəfə vətəndaşların yanında olduğunu isbat edib.

- Dünən ölkə başçısının fərmanı ilə problemli kreditlər məsələsi çözüldü. Təbii ki, bu xəbər orta nəslin nümayəndələri kimi gəncləri də sevindirdir. Sizin müşahidələriniz necədir?

- Dövlət başçısı uzun müddətdir vətəndaşları narahat edən daha bir məsələ - problemli kreditlər və onun həlli istiqamətində görülən işlərdən söz açmışdı. Ümumiyyətlə, istər ölkə başçısı İlham Əliyev, istərsə də Mehriban xanım Əliyeva daim xalqı, vətəndaşları diqqət mərkəzində saxlayıb. Ona görə də bu problemə də hakimiyyətin ən üst səviyyəsində həssaslıqla yanaşılması təbii haldır. Cənab Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman çox insanları böyük sıxıntıdan xilas etdi. Bir daha prezidentimizin xalqı üçün, milləti üçün çalışdığını bizlərə sübut etdi. Əslində, mən bu məsələyə prezidentin sosial siyasət paketinin tərkib hissəsi kimi baxmağın tərəfdarıyam. Bu gün ölkəmizin inkişafı istiqamətində uğurlu islahatlar aparılır, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir, yüksək ixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir. Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı bir fərman və iki sərəncam - "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sənədlər də bu prosesin məntiqi davamıdır. Bütün bu hallar öz növbəsində biz gənclərdə böyük stimul yaradır.

- Sizin ətrafınızdakı gənclərdən kredit problemləri ilə üzləşənlər varmı?

- Əlbəttə ki, həm gənc nəsil arasında, həm də orta və yaşlı nəsil arasında kredit problemi ilə üzləşən bir çox tanışlarımız var. Dünən bir-birilərinə bu şad xəbəri necə çatdırırdılar, bunun bilavasitə şahidi oldum. Hər kəs bir-birini təbrik edir, prezidentə minnətdarlıq ifadə edirdi.

- Sizcə, bu fərman aztəminatlı ailələrin büdcəsinə necə təsir göstərəcək?

- Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etməkdən, daxili siyasətin sosial yönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti sosial-iqtisadi sahədə həyata keçirdiyi layihələrlə hər il yeni-yeni nailiyyətlərə imza atır. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsinin, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Fevral ayında Prezidentin böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda dövlətin vətəndaşına qayğısının şahidi oluruq. İlk olaraq dövlət başçısı fevralın 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzaladı. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da töhfə verəcək. Ümumiyyətlə, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir.

- Prezidentin bu fərmanını sosial inqilabın nümunəsi hesab edirlər…

- Doğrudur və bu cür yanaşsaq, deyə bilərik ki, İlham Əliyev Azərbaycanda dəfələrlə böyük inqilablar edib. Son 15 ildə Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək üçün real imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivlərini müəyyənləşdirib. Dövlət başçısı dəfələrlə qeyd edib ki, iqtisadi uğurlarımız olmasaydı, Azərbaycanda sosial layihələrin reallaşdırılması qeyri-mümkün olardı. 2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir fərman və sərəncamın şahidi oluruq. Heç bir ölkədə bir ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu qədər fərman və sərəncam imzalanmır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını ən başlıca vəzifə hesab edən Prezident İlham Əliyev bu istiqamətdə artıq bir çox ciddi addımlar atır və xalq da bunu yüksək dəyərləndirir. Dövlət başçısı əhalini narahat edən bütün məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara ciddi tapşırıqlar verir və icrasının nəticəsi ilə şəxsən özü maraqlanır. Şad gündə də, dar gündə də insanlarla görüşüb səmimi söhbət edir, problemlərini dinləyir. Əminliklə deyə bilərik ki, İlham Əliyevin böyük sosial islahatlar paketi əsasında hələ çox belə fərman və sərəncamlar imzalanacaq. Elə İlham Əliyev də bunu dəyərləndirərkən demişdi ki, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edilsə, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də uğurlu və inkişaf yolu ilə gedəcək.

Səidə Vahid

AzNews.az