Tanınmış fransalı vəkil Olivye Pardo Vəkillər Kollegiyasını ziyarət etdi

Rəsmi qonaq Çingiz Qənizadə tərəfindən müşayiət olunub

Bu gün Fransadan olan vəkil Olivye Pardo Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını ziyarət edib.

Hüquq peşəsinə vaxtilə hakim olaraq başlamış cənab Pardo hazırda Paris şəhərində fəaliyyət göstərən vəkil bürolarından birinə rəhbərlik edir. O, Azərbaycan Respublikasının Fransdakı Səfirliyinə hüquqi xidmətlər göstərir və ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşən şəhər və kəndlər ilə Fransanın 12 şəhəri və 2 əyaləti arasında imzalanmış qanunsuz “əməkdaşlığ”a dair 14 müxtəlif saziş və xartiyarların ləğvi ilə bağlı Fransa məhkəmlərində Azərbaycan dövlətinin maraqlarını müdafiə edib. Bu günədək görülmüş işlərin nəticəsi olaraq 14 “əməkdaşlıq” sazişində 9-nun ləğvinə nail olunub. Digər sazişlər ilə bağlı isə işlər davam etdirilməkdədir.

Görüşdə qonağı salamlayan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov ümummilli məsələlərdə Azərbaycan vəkillərinin həmrəy olduqlarını qonağa çatdırıb, xüsusilə qonağın diqqətini Avropa Məhkəməsinin “Çıraqov Ermənistana qarşı” qərarına çəkərək Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Ermənistan ordusunun effektiv nəzarət etməsi faktının tanınması, eyni zamanda hazırda azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı Avropa Məhkəməsinin icraatında olan “Əsgərov və digərləri Ermənistana qarşı” işinin xüsusatlarına yönəldib.

Daha sonra qonaq Bakıya səfərindən məmnun qaldığını, Azərbaycanın Qərbdə multikultural və dinamik inkişaf edən ölkə olaraq tanınmasını xüsusi vurğulayıb. Bundan başqa, gələcəkdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Səfər çərçivəsində cənab Pardo Milli Məclis və ölkəmizin digər dövlət qurumlarında bir sıra görüşlər keçirilib.

Qeyd olunmalıdır ki, rəsmi qonaq Milli Məclisin deputatı Çingiz Qənizadə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təmsilçisi tərəfindən müşayiət olunub.

Daha sonra qonaqla xatirə fotosu çəkilib.(barassociation.az)

AzNews.az