Qlobal Bakı Forumunda Aİ-nin gələcəyi müzakirə olunub

"Avropa İttifaqının qonşuluğundakı xalqlar, ölkələr İttifaqda həmrəyliyin olmadığını müşahidə edirlər"

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində “Qlobal arenada Avropa İttifaqının gələcəyi” mövzusunda panel keçirilib.

Aznews.az xəbər verir ki, panelin moderatoru Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa olub.

Vayra Vike-Freyberqa deyib ki, Avropa İttifaqı (Aİ) vahid bazardır, hərbi ittifaq deyil.

Xorvatiyanın keçmiş Prezidenti (2015-2020) Kolinda Qrabar-Kitarovic qeyd edib ki, Avropa İttifaqına üzv dövlətlər 1990-cı illərdə Bosniya və Herseqovinada münaqişəyə adekvat reaksiya vermə bilməyib: “Avropalaşmaq prosesi hələ başa çatmayıb. Qlobal tendensiyalar dəyişməkdədir və çox təəssüf ki, Avropa İttifaqı yeni reallıqların yaradıcısı deyil. Avropa İttifaqının qonşuluğundakı xalqlar, ölkələr İttifaqda həmrəyliyin olmadığını müşahidə edirlər. Avropa İttifaqı tək yumşaq güc olmamalı, müdafiə qabiliyyətini də inkişaf etdirməli, dəyərlərini yaymalıdır. Biz vahid Avropa görmək istəyərdik”.

Rumıniyanın keçmiş Prezidenti (1996-2000) Emil Konstantinesku Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına diqqət çəkib: “Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası təmin olunmalıdır. Avropa İttifaqına yeni nəfəs lazımdır”.

Belçikanın keçmiş Baş naziri (2008-2011) İves Lötem qeyd edib ki, Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələr aparılmalı, Avropa İttifaqının müdafiə siyasəti formalaşdırılmalıdır: “Avropa İttifaqı ABŞ və Çin arasındakı antoqonizmin qarşısını almağa çalışmalıdır. Biz Çinlə münasibətlərdə yaxşı bir balans tapmalıyıq”.

İtaliyanın keçmiş Baş naziri (2014-2016) Matteo Renzi Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramını diqqət mərkəzində saxlamalı olduğunu bildirib.

Vayra Vike-Freyberqa Macarıstan və Polşanın addımlarının Avropa İttifaqına daxili təhlükələr barədə Xorvatiyanın keçmiş Prezidenti (2015-2020) Kolinda Qrabar-Kitarovicin münasibəti ilə maraqlanıb.

Kolinda Qrabar-Kitarovic isə ilk öncə vaksin millətçiliyinə diqqət çəkməyi zəruri sayıb: “Avropa İttifaqı bu məsələni tənzimləyə bilmədi. Digər tərəfdən, Avropa İttifaqı daxilində fərqli yanaşmaların şahidi oluruq. Artıq biz Avropa İttifaqında ərazi iddialarına da rast gəlirik. Biz tək Rusiya və Çindən müdafiə barədə düşünməməliyik. ABŞ da Çinlə münasibət baxımından Avropa İttifaqına təzyiqlər edəcək. Həm də Qərbi Avropada Çin sərmayələri artır. Bəs biz gələcəkdə soyuq müharibələrin qarşısını necə ala bilər? Avropa İttifaqı bu prosesdə mühüm rol oynaya, dünyada növbəti soyuq müharibənin qarşısını ala bilər”.

Boston Qlobal Forumunun həmsədri Nquyen Anh Tuan texnoloji şirkətlərin sürətlə inkişaf etməsinə diqqət çəkib: “Avropa İttifaqı texnologiyaların inkişafı yönündə bürokratiyalara yol verməməlidir. ”.

Belçikanın keçmiş Baş naziri (2008-2011) İves Lötem rəqəmsal texnologiyanın inkişafı qlobal asılılığı artırır: “Avropa İttifaqının enerji və digər resursları kifayət qədər deyil. Digər tərəfdən, rəqəmsal texnologiyalarla bağlı məlumatların saxlanılması ilə bağlı sahədə xüsusi yer tutan ABŞ şirkətləri var. Ümumiyyətlə, 21-ci əsrdə qarşılıqlı asılılıq artır. Ona görə də daha səmərəli əməkdaşlıq vacibdir. Avropa İttifaqı da bu prizmadan çıxış etməlidir”.

Panel müzakirələrlə davam edib.