Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası aprelin 26-dan bu günə qədər 600-dən çox müraciətə baxıb. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası aprelin 26-dan bu günə qədər 600-dən çox müraciətə baxıb.

Kimlər əfvə düşəcək? - Əliməmməd Nuriyev kriteriyaları açıqladı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası aprelin 26-dan bu günə qədər 600-dən çox müraciətə baxıb.

Hüquq müdafiəçiləri "siyasi məhbus" hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim ediblər. Onlar arasında həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri də var.

Əfv Məsələləri Komissiyasına göndərilən siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı salınıb. Bununla bərabər, əfv üçün müraciət edən məhbuslar arasında keçmiş OMON-çular da var.

Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, əfvlə bağlı daxil olan müraciətlərə baxılarkən bir sıra kriteryalar rəhbər tutulur.

Həmin kriteriyalar bunlardır:

- Cinayətin təhlükəlilik dərəcəsi,

- Ailə vəziyyəti, himayəsində yetkinlik yaşına çatan uşaqların olması,

- Qalan cəza müddəti,

- Məhkumun dövlət və cəmiyyət qarşısında xidmətləri - bu kriteriyada şəhid, qazi, müharibə veteranı ailələrinin üzvü olması da nəzərə alınır,

- Məhkumun islaha meylliliyi,

- Əvvəllər məhkum olub-olmaması və s.

Qeyd edək ki, 28 May Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacağı ehtimal olunur. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumilikdə, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb.