Dəfələrlə yorulduğumuz, usandığımız anlar olub… - Təsisçi ilə YUBİLEY MÜSAHİBƏSİ

Medianews.az saytının 10 yaşı tamam olur. Adıçəkilən qurumda çalışan həmkarlarımız ilk böyük yubileylərini qeyd edirlər

Bu münasibətlə adıçəkilən media orqanının təsisçisi Ələsgər Süleymanovla söhbətləşdik.

Medianews.az-ın təsisçisi Ələsgər Süleymanovun Publika.az-a müsahibəsini təqdim edirik:

– Ələsgər bəy, əvvəla, Medianews.az saytının 10 yaşının tamam olması münasibəti ilə sizi və kollektivinizi təbrik edirik. Geriyə baxanda 10 ilin pəncərəsindən nələri görmək mümkündür?

– İlk olaraq bizi yad etdiyiniz üçün təşəkkür edirəm. Doğrusu, bir qədər fikirləşəndə Medianews.az-ın 10 yaşının tamam olması bizə qəribə gəlir. Çox qəribə hisslər keçiririk. 10 il az müddət deyil. Bu on il çox keçməkeşli keçib. Dəfələrlə bezdiyimiz, yorulduğumuz, usandığımız anlar olub. Amma yolumuzdan və inadımızdan dönməmişik. Çıxdığımız yola davam etmişik. Demişik ki, biz bir yola başlamışıqsa, mütləq bunu axıra çatdırmalıyıq. Sözün bütün mənalarında çox çətinliklərimiz olub. Enişli-yoxuşlu yollarla bu günlərə qədər gəlib çatmışıq.

– Rəhbərlik etdiyiniz qurumun maliyyə durumu hansı səviyyədədir? Sizi qane edirmi?

– Hazırda Medianın İnkişafı Agentliyinin maliyyə ayırdığı saytların siyahısına düşmüşük. Onlardan da dəstək alırıq. Reklam gəlirlərinin azlığı, eləcə də reklam bazarının zəif olması da bu məsələdə öz təsirini göstərir. Maddi imkanlarımız imkan verdiyi qədər saytı ayaqda tutmağa çalışmışıq. Ümid edirik ki, bundan sonra daha da böyüyəcəyik. Eyni zamanda, kollektivimizin sayını artıracağımıza da ümidliyik. Yeni-yeni rubrikalar, təzə-təzə trendlərlə oxucularımızın qapısını döyməyi düşünürük. İşimizə və yolumza davam etmək əzmindəyik. Kollektivimiz də günü-gündən böyüyür. Daha böyük uğurlara imza atmağa iddialıyıq.

– Bəs işçilərinizi verilən maaş qane edirmi?

– Mən Medianews.az-ı 10 ildir ki, yaratmışam. Amma ümumilikdə götürdükdə otuz ildir ki, media sahəsindəyəm. Həm də “Yeni Musavat” Media Qrupunun baş direktoru idim. Yəni, bu işlərlə artıq 30 ildir məşğulam. Könül istər ki, əməkdaşlara yaxşı maaş, yüksək qonorar verəsən. Bütün işçilərin yaxşı yaşamasını, dolanmasını istəyirsən. Jurnalistlər bunu haqq edirlər. Amma əfsuslar olsun ki, bu günə qədər verdiyimiz maaş demək olar ki, heç kimi qane etməyib. Bu da bizdən asılı deyil. Çünki bu vəziyyəti doğuran nüanslar bizdən asılı səbəblər deyil. Ən azından reklam bazarı və azad rəqabət yoxdur. Ona görə də reklam verənlərin sayı olduqca azdır. Reklamlar da tanışıqla, tapşırıqla bölünür. Bu baxımdan da maaşları artıra bilmirik. İşçiləri də verilən maaş qane etmir. Hələ ki, minimum imkanlarımızla keçinməyə davam edirik.

– 10 il ərzində yadda qalan, sevincli-kədərli xatirələrdən hansıları indi də xatırlayırsınız?

– Doğrusu, hazırda xatırladığım hansısa hadisə, xatirə yoxdur. Çünki məni qəfil yaxalamısınız (gülür). Hazırda yadıma salmağa çalışıram, amma xatırlaya bilmirəm… Təbii ki, iş prosesində çox xatirələr olub. Zamanında bir xeyli acılı və şirinli anlar yaşamışıq.

– Rayonlarda, əyalətlərdə müxbir postlarınız varmı?

– Yox, hələ ki, heç bir rayonda müxbir postumuz yoxdur. Hələlik Bakıda, paytaxtda fəaliyyət göstəririk. İnşallah böyüb imkanlarımızı artıra bilsək, birinci Qarabağ bölgəsində, daha sonra digər rayonlarda öz müxbir postlarımızı yaradarıq.

– Yəqin Şuşanı nəzərdə tutursunuz…

– Fərqi yoxdur, Şuşa da, Ağdam da ola bilər. Arzumuz odur ki, məmnuniyyət hissilə Qarabağda bir müxbir postumuzu açaq.

– Hazırkı ofisiniz sizi qane edirmi?

– Hazırkı ofisimiz 5 nömrəli ASAN Xidmətin üstündəki məkanda yerləşir. İndi vəziyyətimiz əvvəlki dövrə nisbətən yaxşıdır. Amma istərdik ki, şəraitimiz daha yaxşı olsun. Otaqlarımızın daha geniş olmasını istərdik. Müasir standartlarla götürsək, şəraitimiz pis sayılmaz… İnşallah, qismət olarsa, daha da böyüyərik. MEDİA İnkişaf Agentliyinin gələcəkdə bizə və digər saytlara ayırdığı vəsaitin miqdarını artıracağına ümid edirik. Rəqəmlərlə müqayisə edəndə görürük ki, indi hər şeyin qiyməti iki dəfə artıb. Amma ayrılan vəsaitlərin miqdarı hələ ki, artırılmır. Keçən il ayrılan pula hansı işi görmək mümkün olurdusa, indi həmin pula ancaq həmin işin yarısını görmək mümkündür. Bu baxımdan arzu və ümid edirəm ki, gələcəkdə bu məsələlərə də baxılacaq. Çox güman ki, vahid reyester məsələsi öz həllini tapdıqdan sonra bu məsələlərə də diqqət yetiriləcək. Çünki bu labüddür; hər şey inkişaf edir, eyni zamanda, infilyasiya var və qiymət artımları mövcuddur. Bu baxımdan, bizə ayrılan maliyyələrin də artırılması arzuolunandır.