- Göz önü
- 1 Avqust 20:45
- 12 640
Qara Tofiq vəfat edib
Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, ictimai-siyasi xadim Tofiq Hüseynli (Qara Tofiq) vəfat edib.
AzNews.az xəbər verir ki, 1952-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olan Tofiq Hüseynli 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb.
1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulan Tofiq Hüseynli 20 Yanvar hadisələrindən sonra Kommunist Partiyasının sıralarını tərk edib. O, Tovuzda Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılarından və liderlərindən biri olub.
1991-ci ildə Tovuz Rayon İcraiyyə Komitəsi sədrinin müavini, 1992-ci ilin mayında isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib, həmin ilin iyununda isə Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
Tofiq Hüseynli 1994-cü il martın 25-də həbs olunub, 1995-ci il yanvarın 18-də azadlığa buraxılıb. Sonrakı dövrdə Müsavat Partiyasına üzv olaraq partiyanın Məclis, Divan üzvü və başqan müşaviri kimi fəaliyyət göstərib. 2014-cü ildə Müsavat Partiyasının Tovuz Rayon Təşkilatı ilə birlikdə partiyadan istefa verib.
Son illər İsveçrədə yaşayan Tofiq Hüseynli ailəli idi və iki övladı var.
Allah rəhmət eləsin.