• Tribuna
  • 16 Yanvar 2019 11:14
  •  642

“Bu islahatlar davam edəcək” - Musa Quliyev

Azərbaycan dövlətçiliyi getdikcə inkişaf edir, möhkəmlənir.

“İdarəetmənin daha çevik, daha müasir formaları ölkəmizdə cəsarətlə tətbiq olunur. Şübhəsiz ki, cənab Prezident bu islahatların ideya müəllifi və həyata keçirən şəxsdir”.

Bunu millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, ölkə prezidentinin sonucu fərmanı da Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin optimallaşdırılması, lüzumsuz xətlərin aradan qaldırılması, bir fəaliyyəti yönəldən bir neçə təşkilatı, qurumu bir yerdə birləşdirərək daha effektli, səmərəli etmək niyyətini güdür və bu fərman gözlənilən idi:

“Cənab prezident 2018-ci ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında artıq bu islahatların anonsunu vermişdi. Əlbəttə, İlham Əliyev bütün dünyada islahatçı bir lider kimi tanınır və onun son illərdə verdiyi fərmanlar, sərəncamlar Azərbaycanda idarəetmənin çevikliyinə, idarəetmənin xalqa yaxınlaşmasına, səmərəliliyin artmasına xidmət edir.

Millət vəkili sosial sahədə görülən işlərdən danışaraq bildirib ki, səhiyyə sahəsində cənab Prezidentin tarixi bir fərmanı oldu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi yarandı:

“Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrin əksəriyyətinin TƏBİB-ə keçməsi ilə də icbari tibbi sığortanın ölkədə geri dönməz şəkildə sürətlə tətbiqinə hüquqi əsas yaradılması prosesinə başlanıldı. Artıq 2020-ci ilə qədər bu proses sona çatacaq, bütün icbari tibbi sığorta sistemi ilə işləyə biləcək müəssisələrin şəbəkələri formalaşacaq. Elektron idarəetmə formalaşacaq və səhiyyə xidməti yaxşılaşacaq.

Sosial müdafiə ilə də bağlı prezidentin fərman və sərəncamları oldu. Bunlara “DOST” mərkəzlərinin yaradılması, elektron pensiya sisteminin həyata keçirilməsi istiqamətində, məşğulluq xidmətinin daha da yaxşılaşması ilə əlaqədar Məşğulluq Fondunun yaradılması, ünvanlı sosial yardımın daha çevik və səmərəli formada vətəndaşlara çatdırılması üçün özünəməşğulluq proqramlarının yaradılması və s. aiddir.

Hərbi sənaye sahəsində də bir Müdafiə Nazirliyi anlayışı, bir də silah istehsalı ilə məşğul olan açıq tipli səhmdar anlayışı var. Bunların mahiyyəti də fərqlidir. Bu günə kimi Azərbaycan müdafiə xarakterli silahların daha çox istehsalına fikir verirdisə, bundan sonra eyni zamanda hücum xarakterli silahları da istehsal edə biləcəyik və torpaqlarımızın işğaldan azad edilməsində, lazım gələrsə, Azərbaycan silahı da öz sözünü deyəcək”.

Musa Quliyev hesab edir ki, sonrakı dövrlərdə də belə fərmanlar olacaq:

“Bu islahatlar davam edəcək və bunların hamısı bizim dövlətçiliyimizin daha sivil formada inkişafına xidmət edir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı müvafiq fərmana əsasən, bəzi qurumlar ləğv edilib, bəziləri isə aidiyyəti agentlikdə birləşdirilib.(teleqraf.com)

© AzNews.az