Dövlətimizin başçısı Azərbaycanı Davosda hamının görə biləcəyi mövqelərə çıxardı. Dövlətimizin başçısı Azərbaycanı Davosda hamının görə biləcəyi mövqelərə çıxardı.
  • Tribuna
  • 23 Yanvar 2019 14:59
  •  2 523

“Bu, Azərbaycana artan maraqdan xəbər verir” - Siyasi ekspert

Dövlətimizin başçısı Azərbaycanı Davosda hamının görə biləcəyi mövqelərə çıxardı.

Bu il Davosda Dünya İqtisadi Forumunda Azərbaycanla bağlı proses özünün əhatəliliyi və məzmunlu olması baxımından daha çox diqqət cəlb edir.

Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq müstəvidə və daxili siyasətdə əldə etdiyi nəticələrə, Prezident İlham Əliyevin iş və idarəçilik üslubuna, ölkələrin inkişaf və təhlükəsizlik məsələlərinə baxışlarına daha böyük maraq göstərildiyi aydın görünür:

"Ümumən Forumda Azərbaycanla əlaqədar prosesləri əsasən üç istiqamətdə izləmək daha dəqiq olar: Prezidentin dünya şöhrətli şirkətlərin rəhbərləri ilə məzmunlu və işgüzar müzakirələri; bir milyarddan artıq tamaşaçısı olan Rusiya və Çin televiziyalarına geniş müsahibələri və nəhayət, müxtəlif mövzulu müzakirə platformalarında fəal məruzəçi qismində iştirak. Hər üç istiqamətdə baş verən hadisə və təzahürlərin təhlili həqiqətən Azərbaycanın dünya üçün getdikcə daha maraqlı bir geosiyasi və geoiqtisadi məkana çevrildiyini aydın nümayiş etdirir. Aparıcı şirkət rəhbərlərinin Davosda Azərbaycan Prezidenti ilə görüşə can atması ölkəmizə artan maraqdan xəbər verir. Cənab Prezidentlə görüşmək istəyən böyük şirkətlərin daha çox qeyri-neft sektorunda fəaliyyət göstərməsi əlamətdar nüansdır və Azərbaycanın son illərdə bu sektorda mühüm nailiyyətlərinin dünyada lazımınca izlənildiyini ifadə edir. Şirkətlərin bəzisinin artıq illərdir Azərbaycanda işlədiyi, bəzilərinin ölkəyə yenicə qədəm qoyması faktı da az əhəmiyyət kəsb etmir. Deməli, köhnə şirkətlər ölkəmizlə əməkdaşlığın davam etdirilməsi üçün bütün əlverişli şəylərin uzun müddət mövcud olacağına şubhə etmir, yeni maraqlı şirkətlər isə Azərbaycanın nə qədər sabit və maraqlı tərəfdaş olduğuna dəyər verməyə başlayırlar. Demək olar, bütün şirkət rəhbərləri Azərbaycanda gələcək fəaliyyətlərinə daha maraqla yanaşırlar ki, bu da ölkəmizdə sabitlik və iqtisadi inkişaf üçün təməlin daha möhkəm əsaslar üzərində qurulduğuna bir daha əminlik yaradır".

Ekspert bildirib ki, Prezident İlham Əliyevin Davosda ikitərəfli işgüzar görüşləri Azərbaycanın qeyri-neft sektoruna, infrastruktur layihələrinə və rəqəmsal iqtisadiyyatın inkişafına xarici investisiyaların cəlbində yeni, daha böyük mərhələnin başlayacağına şübhə yeri qoymur:

"Dünya Bankı rəhbərliyinin, eləcə də digər mötəbər qurumların Azərbaycanda iqtisadi və struktur islahatlarının nəticələrinə böyük etimad göstərmələri və bunu qətiyyətlə ifadə etmələri ölkəmiz üçün çox əhəmiyyətlidir. Bütün dünya Azərbaycanın islahatlar, inkişaf, infrastruktur quruculuğu, daxili gücü daim artırmaq, regionda əməkdaşlıq mühitini fasiləsiz möhkəmləndirmək və s. kimi məsələlərdə doğru və strateji olaraq seçilmiş yolla getdiyinə bir daha əmin ola bildi. Çox maraqlıdır ki, bəzi şirkət rəhbərləri Azərbaycanın uğurlarının səbəblərini də təhlil etməyə xüsusi maraq göstərir və real nəticələrə gəlirlər. Azərbaycanda bacarıqlı liderin olduğunu, inkişaf planlarının mövcudluğunu və bu planların dəqiq icrası üçün məsuliyyət daşıyan strukturların müəyyən edilməsi çox vacib inkişaf şərtləri kimi məhz xarici şirkət rəhbərləri tərəfindən ifadə edilir ki, bunun da çox mühüm beynəlxalq və ölkədaxili əhəmiyyəti var".

Baş redaktor vurğulayıb ki, bir milyarddan çox auditoriyası olan Çin və Rusiya televiziyalarının Azərbaycan Prezidentinin fikirlərinə detallı maraq göstərməsi isə olduqca mühüm faktdır:

"Prezidentə ünvanlanan sualların arxasında Azərbaycanın inkişaf modelini, ölkənin bu səviyyəyə hansı yolla, siyasətlə gəlib çatdığını öyrənmək və bunu yüz milyonlarla auditoriyaya çatdırmaq niyyəti aydın sezilir. Dövlətimizin başçısının öz növbəsində, bu fürsətə məharətlə və əhatəli dəyər verdiyini xüsusi qeyd etmək lazımdır. Müsahibələr onu göstərir ki, dünya Azərbaycanın inkişaf modelinə həqiqətən maraq göstərir və nümunə kimi baxır. Dünya Bankının baş icraçı direktorunun Azərbaycandakı iqtisadi transformasiyanı Çin və Hindistanla müqayisə etməsi də heç təsadüf deyil. Prezident Azərbaycanın inkişaf modelini xüsusən Çin televiziyasına çox detallı və məntiqli izah etdi və bu modelin mahiyyətini ümumi şəkildə belə ifadə etdi: inkişaf etdirilmiş neft-qaz sektorunun böyük gəlirlərinin ağıllı idarəçiliyi üzərində ən müasir infrastruktur sistemi yaratmaq, daxili iqtisadi güc və regional layihələrdə aparıcılıq hesabına ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmək. Azərbaycan Prezidentinin ifadə etdiyi bu formul indiki dünya reallıqlarında bacarıqla icra edildiyi halda istənilən ölkəyə uğur gətirmək gücündədir".

A.Quliyev əlavə edib ki, dövlətimizin başçısı müsahibəsində regional nəqliyyat və digər infrastruktur layihələri ilə mühüm geosiyasi dəyişikliklər arasında birbaşa əlaqəni çox gözəl şəkildə izah etdi:

"Prezidentin dediyi kimi, həqiqətən belə layihələr regionda dövlətləri bir-birinə bağlamaqda, yeni münasibətlər sistemi yaratmaqda və bunun üzərində siyasi dialoq imkanları açmaqda müstəsna rola malikdir. Televiziyanın Azərbaycan Prezidentinin balanslı siyasətə necə nail olduğu barədə sualına gəlincə, düşünürəm ki, bu, bütün azərbaycanlıların qürur duya biləcəyi məqamdır. Demək, hazırkı geosiyasətdə balanslı kursa nail olmağın asan olmadığını hamı başa düşür və Azərbaycan Prezidentinin bu istiqamətdəki uğuruna qibtə hisslərini gizlətmirlər. Televiziya müxbiri əsl liderin necə olmalı sualını Azərbaycan Prezidentinə ünvanlamaqla əslində Azərbaycandan öyrənilməli bir çox nümunələrin olduğuna diqqət çəkdi. Dövlətimizin başçısı "xarici siyasət elə olmalıdır ki, ölkənin daxilində də müsbət nəticələr versin, risklər yaratmasın" deməklə bir çöx ölkə liderlərinin düşünməsi üçün əla material verdi. Ölkəmizin balanslı siyasəti barədə bir neçə dəqiq tezisin də praktik faydalı olacağına şübhə yoxdur: sözlərimizə sadiqik, həqiqətən müstəqil siyasət aparırıq, başqalarına ziyan vurmuruq, daxili sabitlik və iqtisadi inkişafdan güc alırıq. Həqiqətən də bu, balansa nail olmağın çox tutarlı şərtləridir və cənab Prezident məhz bu fikirləri çatdırdı. Qarabağ problemi ilə bağlı cənab İlham Əliyevin fikirləri isə Azərbaycanın indi daha inamlı mövqedə olduğunu Ermənistana göstərmək baxımından xüsusi əhəmiyyətlidir. Azərbaycanın böyük daxili iqtisadi gücü və beynəlxalq nüfuzunu xatırladan Prezidentin hamını bunu qiymətləndirməyə dəvət etməsi təsirsiz qalmayacaq. Beləliklə, dövlətimizin başçısı bütün mənalarda Azərbaycanı Davosda hamının görə biləcəyi mövqelərə çıxardı".(trend.az)

© AzNews.az