Hadı Rəcəblidən Rusiyada işləyən azərbaycanlılarla bağlı - Açıqlama

"Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməlidirlər"

"Son 2 ildə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində ciddi dəyişiklər baş verib".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə parlament bu sahədə bir sıra sənədlər qəbul edib: "Ölkədə ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb. Pensiya təyinatının elektronlaşdırılması çox vacib rol oynayıb. Əhalinin 80 faizi evdə olarkən ona təyin olunan pensiyanı sms və ya email vasitəsilə alır. Son illərdə sosial sahədə verilən sərəncam və fərmanlar nəticəsində 4,2 milyon əhali 40 faizdən 100 faizə qədər maliyyə dəstəyi qazanıb".

H.Rəcəbli eyni zamanda qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajına dair dövlətlərarası konvensiya var: "Ancaq bu konvensiya Rusiya tərəfindən ratifikasiya olunmayıb. Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. İnsanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlılar işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməlidirlər. Ona görə bu məsələlər üzərində iş aparılmalıdır". (APA)

AzNews.az