Filologiya elmləri doktoru: Xalqlarımızı birləşdirən dəyərlər çoxdur Filologiya elmləri doktoru: Xalqlarımızı birləşdirən dəyərlər çoxdur
  • Tribuna
  • 7 Noyabr 2019 12:54
  •  4 586

Bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmalıyıq - Sona Vəliyeva

Filologiya elmləri doktoru: Xalqlarımızı birləşdirən dəyərlər çoxdur

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Xarəzm vilayət hakimiyyətinin birgə layihəsi ilə bu ölkənin qədim və zəngin mədəniyyətə malik Xarəzm vilayətində "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir.

Tədbir münasibəti ilə vilayətin böyük şəhərlərində Azərbaycana aid banerlər quraşdırılıb, dörd gün müddətində Azərbaycan mədəniyyəti, ölkəmizin turizm potensialı, elmi və ədəbi əlaqələrə dair silsilə tədbirlər keçirilib.

"Özbəkturizm” Dövlət Komitəsi, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi, Azərbaycandakı "Kaspi” qəzeti və @Kaspi Təhsil Şirkəti"nin dəstəyi ilə keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılışı Xarəzm vilayətinin administrativ mərkəzi olan Urgənc şəhərindəki Dövlət Dram Teatrında reallaşıb.

Öncə Urgənc Dövlət Dram Teatrının foyesində təşkil edilən "Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimlərinin moda sərgisi nümayiş olunub. Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən Qarabağ şikəstəsinin sədası altında Azərbaycanın, habelə onun Qarabağ diyarına aid milli qadın və kişi geyimləri nümayiş etdirilib.

Vilayət şəhər hakimiyyəti, Azərbaycandan gələn qonaqlar, vilayətin nüfuzlu elm, təhsil, mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirak etdiyi rəsmi açılış tədbirində Xarəzm Vilayət hakimiyyətinin rəhbəri Fərxad Ermanov açaraq bir milyon səkkiz yüz min əhalisi, böyük tarix və mədəniyyətə malik vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu, iki ölkə arasında münasibətlərin tarixi, yüksələn xətlə inkişaf edən Azərbaycan-Özbəkistan dostluğu haqqında geniş məruzə ilə çıxış edib.

Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Bakıda Türk Şurası dövlət başçılarının zirvə toplantısı çərçivəsində keçirdiyi görüşləri qeyd edərək, vilayətin iki şəhərində Urgənc və Xivədə Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb.

Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov hər il Özbəkistanın müxtəlif tarixi və böyük şəhərlərində mədəniyyət günləri tədbirlərinin keçirildiyini və keçirilən tədbirin məqsədinin dünyanı heyran qoyan zəngin mədəniyyətimizin, Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələrinin, möhtəşəm poeziyamızın qarşı tərəfə çatdırılması və ikitərəfli dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etmək olduğunu bildirib.

Diplomat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan prezidenti ilə görüşü zamanı səsləndirdiyi fikri vurğulayıb: Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında əlaqələr tarixin sınağından uğurla çıxmış, Özbək və Azərbaycan xalqlarının əsrlər boyu həmrəylik və sülh şəraitində yaşamış, bir-birinə qardaş münasibəti bəsləmiş və müstəqil dövlətlərimiz öz gələcəklərini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurmuşlar.

Samir Abbasov xalqlarımız arasında oxşar, ortaq dəyərlər haqqında danışaraq, Azərbaycanın muğam, aşıq və xalçaçılıq sənətinin, Qobustan və Azıx mağarası kimi qədim yaşayış məskənlərinin ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini dünyaya bir daha nümayiş etdirdiyini söyləyib.

Filologiya elmləri doktoru Sona Vəliyeva iki xalq arasında ədəbiyyat sahəsində əməkdaşlıq, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Çolpan, Hüseyn Cavid arasında ədəbi əlaqələr, dostluq münasibətlərindən danışaraq, xalqlarımızı birləşdirən dəyərlərin çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı xüsusi bədii proqram təqdim olunub. Konsert proqramında Azərbaycan Respublikasının əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnılarını, muğamlarımızı ifa ediblər.

Azərbaycanın Əməkdar artisti, Özbəkistanda keçirilən 2017 Şərq Təranələri Musiqi Festivalının qran-pri mükafatı laureatı Sahib Paşazadənin milli musiqimizin tarda ifası çoxsaylı tamaşaçılarının alqışları ilə müşayiət edilib.

Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları” rəqs ansamblının milli rəqslərimizi ifası ilə davam edib.

Qədim mədəniyyət beşiyi Xarəzm vilayətində "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində tədbirlər davam edir. (Artkaspi.az)

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description