Bizim inkişaf səviyyəmiz buna imkan verir Bizim inkişaf səviyyəmiz buna imkan verir
  • Tribuna
  • 13 Noyabr 2019 16:59
  •  4 506

80 yaşdan yuxarı ahıllara dərmanlar pulsuz verilsin - Elmira Axundova

Bizim inkişaf səviyyəmiz buna imkan verir

“Biz bu gün sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edirik. Respublikada demək olar ki, ən dinamik işləyən, sosial təminatı və müdafiəni çox uğurla həyata keçirən, inqilabi dəyişikliklərə start verən bir nazirliyin büdcəsinə baxırıq. Bu nazirliyin əməkdaşlarına və rəhbərinə həm biz deputatlar, həm də cənab Prezident çox inanır və onlardan çox şey gözləyirik. Ona görə biz şəxsən Sahil Babayevə, onun çox ağır və məsuliyyətli işində daha böyük uğurlar arzulayır və ona hər zaman dəstək olmağa hazırıq”.

Deputat Elmira Axundova bu fikirləri Milli Məclisdə DSMF-nin 2020-ci il büdcəsinin müzakirəsi zamanı söylədi. E.Axundova nazir Sahil Babayevdən xahiş etdi ki, təqaüdçülərə ictimai nəqliyyatın pulsuz olması haqqında düşünsün: “Artıq bir çox ölkələrdə, məsələn, Rusiyada, Avropa dövlətlərində təqaüdçülər bu imtiyazdan istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulubdur. Lakin yaşlı vətəndaşlarımız üçün demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini səsləndirdi: “Təklif edirəm ki, 80 yaş və ondan yuxarı, dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn: Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”. (Musavat.com)

AzNews.az