Türkiyə “Sürix kompleksi”ndən niyə çıxa bilmir?

Türkiyə Azərbaycan üçün sıradan bir qonşu dövlət deyil. Amma zaman-zaman Türkiyə Azərbaycana elə münasibət bəsləyib, Bakıya qarşı elə addımlar atıb ki, hətta sıradan dövlətlər belə bunların heç birini etməzdi. Kritik məqamlarda Türkiyənin, həm də çox da uzaq olmayan keçmişdə ortaya qoyduğu, yumşaq desək, qardaşlıqla bir araya sığmayan mövqeyi kifayət qədər ciddi suallar doğurub.

Azərbaycanın müstəqilliyinin ilk illərində Ankara Bakıya ehtiyyatla yanaşmasını post-sovet sindromu ilə izah edirdi. Bu izahat heç vaxt səmimi görünməsə də, Türkiyənin Azərbaycan torpaqlarını işğal edilməsinə və işğal altında saxlanmasına qarşı İrəvana hərbi təzyiq göstərməkdən çəkinməsi bir gerçəklikdir. Türkiyəni soyqırımda ittiham edən Ermənistana qarşı hərbi təzyiq rıçaqları işə salmamaq bəlkə də siyasi komlekslərdən qaynaqlanırdı. Lakin 6 sentyabr 2008-ci ildə Türkiyə Prezidenti Abdullah Gül Ermənistan prezidenti - Xocalı soyqırımının törədənlərdən biri olan Serj Sarkisyanın dəvəti ilə İrəvana getdi. Guya Gül Ermənistan və Türkiyə milli futbol komandalarının qarşılaşmasını izləməyə həvəsli idi. Əslində isə, hadisə bir futbol matçından çox-çox qalmaqallı idi.

Xatırlayırsınızsa, Gül və Sarkisyan futbol oyunundan əvvəl görüşmüşdülər. Görüşdə iki ölkənin xarici işlər nazirləri də iştirak etmişdi. Ermənistan tərəfinin yaydığı rəsmi məlumatda açıq şəkildə yazılırdı ki, prezidentlər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını və regiondakı problemləri müzakirə ediblər. Sarkisyan tərəfdarları İrəvanda bu səfəri “münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım” kimi təqdim edirdi. Sonradan bu proses “futbol diplomatiyası” adlandırıldı. Hərçənd ona Azərbaycanı diplomatik hərraca çıxarmaq demək daha düzgün olardı. Axı heç kimə sir deyil ki, həmin vaxt Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayırdı. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması ermənilərin Ankaraya qarşı tarixi iddialarını aradan qaldırmırdı, buna baxmayaraq, Türkiyə Azərbaycanın işğal faktının üzərində keçib İrəvanla münasibətlər qurmaq üçün diplomatik kanal açırdı.

Heç şübhəsiz bütün bunlar Bakının narahatlığına səbəb olmaq üçün kifayət qədər ciddi əsas idi. Ermənistan Türkiyə üzərindən Avropa bazarına çıxmaqla Azərbaycanın İrəvanın işğalçı siyasətinə qarşı ən təsirli təzyiq rıçaqlarından birini ortadan qaldırmaq niyyətində idi. Ankara isə Azərbaycanı özünün ən böyük müttəfiqi hesab etdiyi halda, Ermənistanla münasibətləri Bakının iradəsini nəzərə almadan yoluna qoymağı planlaşdırırdı. Türkiyə üçün Sürixə gedən yol İrəvandan keçirdi.

2009-cu ilin mayında Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda idi. Ərdoğan Bakıda hər kəsi əmin edirdi ki, İrəvan Azərbaycan torpaqlarının işğalından əl çəkməsə, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Bu, Azərbaycanın gözlədiyi məntiqli mövqe idi. Lakin cəmi bir neçə ay sonra Türkiyə rəsmiləri tamamilə başqa bir sənədə imza atdı. Söhbət 10 oktyabr 2009-cu ildə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sürixdə imzaladığı iki protokoldan gedir. Bu protokollardan biri həmin ölkələr arasında diplomatik münasibətlərin qurulması, digəri isə ikitərəfli münasibətlərin inkişafı haqqında idi. İkinci protokolun birinci maddəsi olduqca konkret idi və həmin maddəyə görə, sərhədlər protokol qüvvəyə mindikdən sonra iki ay ərzində açılmalı idi. Sənəddə siyasi məsləhətləşmələr, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, mədəni münasibətlər və tarixi məsələlər üzrə dialoq da nəzərdə tutulurdu. Amma Sürix protokollarında Azərbaycanın işğal olunmuş ərazilərindən qətiyyən bəhs edilmirdi. İşğal faktının aradan qaldırılması Türkiyə-Ermənistan sərhədinin açılmasının hüquqi şərti kimi qoyulmamışdı belə!

Bu, əlbəttə, sadəcə texniki detal deyil və dərin siyasi məzmun daşıyan fundamental məsələdir. Çünki Türkiyə siyasətçiləri Bakıda bir söz deyir, Sürixdə tamam başqa mövqedən çıxış edirdilər. Beynəlxalq münasibətlərdə isə istənilən sənəd istənilən vəddən daha önəmlidir. Sürix protokollarının ən təhlükəli tərəfi də elə bu idi.Bu təhlükəyə Azərbaycan kəskin etiraz edirdi. Çünki Bakı haqlı olaraq hesab edirdi ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı halda Türkiyə-Ermənistan sərhədinin açılması Ermənistanın regional təcridini yumşaldacaq və işğalın siyasi qiymətini azaldacaq. Əgər bu sərhəd Qarabağ məsələsi həll olunmadan açılsaydı, Ermənistan işğal siyasətinin özü üçün mənfi nəticələrindən birini aradan qaldırmış olacaqdı. Hərçənd Türkiyəyə nifrət edən Ermənistan parlamentariləri sənədi ratifikasiya etmədi və protokollar hüquqi qüvvəyə minmədi. Amma olan olmuşdu. Yəni Abdullah Gülün İrəvan səfəri, Sürix protokolları müəyyən bir proses yaratmışdı.

2020-ci ildə Azərbaycan 44 günlük müharibə nəticəsində ərazilərinin böyük hissəsini təkbaşına işğaldan azad etdi. Bununla regional reallıq dəyişdi. Xankəndidə Azərbaycan bayrağının dalğalanması Ermənistanı artıq fakt qarşısında qoymuşdu. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı oldu. Bu olaydan sonra Türkiyə və Ermənistan arasındakı münasibətlərin də gec-tez qaydaya düşməsi gözləniləndir. Lakin Ankara yenə də tələsdi və Bakıdan xəlvət 2022-ci ildə Ermənistanla “normallaşma danışıqları” aparmaq xüsusi nümayəndə təyin etdi. Türkiyənin nümayəndəsi səfir Sərdar Kılıç, Ermənistanın nümayəndəsi isə Ruben Rubinyan oldu. Onların ilk görüşü 14 yanvar 2022-ci ildə Moskvada keçirildi. Tərəflər danışıqları “ön şərtsiz” davam etdirmək barədə razılaşdılar. Bu ifadə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi məlumatında da açıq şəkildə yer alır. Eyni mövqe 24 fevral 2022-ci ildə Vyanada keçirilən ikinci görüşdə də təsdiqləndi. 3 may 2022-ci ildə üçüncü görüşdə də eyni formul təkrarlandı. Nəhayət, 1 iyul 2022-ci ildə keçirilən dördüncü görüşdə artıq konkret məsələlər müzakirəyə çıxarıldı. Türkiyə və Ermənistan üçüncü ölkə vətəndaşlarının quru sərhəddən keçidinin təmin edilməsi üçün proses başlatmaq barədə razılaşdılar. Birbaşa hava yük daşımalarının başlanması üçün də lazımi prosesin başladılması nəzərdə tutuldu. Və yenə rəsmi sənəddə “ön şərtsiz” normallaşma ifadəsi işlədildi. Bu “ön şərtsizlik” məsələsinin Bakıya qarşı məna verdiyini isə xüsusi izah etməyə ehtiyac yoxdur.

Artıq hər şeyi dürüst demək lazımdır. Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda öz xüsusi maraqlarından çıxış edir görüntüsü yaradır. Başqa sözlə, Ankara Cənubi Qafqazda regional rolunu gücləndirmək istəyir. Amma nədən Bakısız və Bakının başı üzərindən? Nədən “bir millət, iki dövlət” forumulunu unudaraq? Ən böyük problem, bax, budur! Axı Türkiyə siyasi elitası çox yaxşı bilir ki, Qarabağ münaqişəsinin və Azərbaycan ərazilərinin işğal edilməsinin arxasında birbaşa Türkiyəni təhdid edən amillər də dayanır. Ən azıdan Türkiyə ermənilərlə Azərbaycana görə düşmən olmayıb. Üstəlik, Ermənistan heç zaman Türkiyənin vilayəti olmağı planlaşdırmır, tam əksinə, Türkiyənin bir çox vilayətlərinə iddia edir.

Türkiyə bir NATO dövlətidir və öz təhlükəsizlik arxitekturasını bu sistemə əsasən qurub. Ermənistan isə, Moskva ilə bütün problemlərinə baxmayaraq, KTMT üzvü olaraq qalır. Azərbaycan isə bu qəbildən olan heç bir hərbi əməkdaşlıq blokunda təmsil olunmur. Belə bir şəraitdə Ankara Azərbaycanın müstəqil və soyuqqanlı xarici siyasətinə anlayışla yanaşmaq əvəzinə, Bakını Yaxın və Orta Şərqin köhnə nifaqlarına çəkmək istəməsi başa düşülən deyil. Yaxşı olar ki, Bakını nədəsə ittiham etməzdən öncə, hər kəs öz xarici siyasətinin nə qədər ardıcıl, nə qədər prinsipial, nə qədər effektiv olmasına baxsın. Ən azından iç siyasət üçün istehsal olunan siyasi marketinq məhsullarınının elektorata satışında Azərbaycanın adının hallandırılması xoş deyil.

Toğrul TOFİQ

MƏNBƏ: https://lent.az/xeber/siyaset/turkiye-surix-kompleksinden-niye-cixa-bilmir-40690566