Rəqəmsal risklər və ailə içi nəzarət mexanizmləri: Sosioloji baxış

"Məsələyə iki istiqamətdən yanaşmaq mümkündür. Valideynlərin uşaqların sosial mühitdən, internetdən və müxtəlif kənar təsirlərdən qorunması ilə bağlı narahatlığı təbiidir. Digər tərəfdən isə, övlad üzərində nəzarətin artırılması Azərbaycan cəmiyyətində uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Valideynlərin uşaqlarının təhlükəsizliyi və düzgün istiqamətdə inkişafı üçün müəyyən nəzarət mexanizmlərindən istifadə etməsi başadüşüləndir. Çünki sosial mühitdə mövcud olan müxtəlif təsirlər, uşaqlarla bağlı gözləntilərin özünü doğrultmaması və mümkün risklər valideynlərdə narahatlıq yarada bilər. Lakin nəzarətin həddindən artıq sərtləşdirilməsi də müəyyən problemlərə səbəb ola bilər. Bəzi hallarda valideynlər uşağın müstəqil qərar vermək, məsuliyyət daşımaq və şəxsiyyət kimi formalaşmaq imkanlarını kifayət qədər nəzərə almırlar. Halbuki tətbiq olunan qadağa və məhdudiyyətlərin məqsədi uşağın inkişafına mane olmaq deyil, onun təhlükəsizliyini təmin etmək və sağlam mühit formalaşdırmaq olmalıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, son dövrlərdə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi, onların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklər və valideyn nəzarətinin sərhədləri cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Valideynlər bir tərəfdən övladlarını zərərli məzmundan və kənar təsirlərdən qorumağa çalışır, digər tərəfdən isə həddindən artıq nəzarətin uşaqların müstəqilliyinə və şəxsiyyət kimi formalaşmasına təsiri müzakirə olunur. Bu baxımdan uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə onların sərbəstliyinin qorunması arasında balansın necə qurulması aktuallıq daşıyır.

Sosioloq qeyd edib ki, valideynlərin yol verdiyi müəyyən səhvlər hər zaman eyni nəticə ilə nəticələnmir.

"Bəzən yanlış yanaşmalar uşağın xarakterinin və dünyagörüşünün daha da möhkəmlənməsinə səbəb ola bilər. Burada fərdi xüsusiyyətlər, uşağın şəxsiyyətinin formalaşması və ona göstərilən münasibətin xarakteri mühüm rol oynayır. Eyni zamanda, uşaqların müəyyən yaş mərhələsində qadağa və məhdudiyyətlərə ehtiyacının olması da nəzərə alınmalıdır. Uşaqlar və yeniyetmələr müxtəlif sosial təsirlərə qarşı daha həssas qruplar hesab olunur. Onların yaş xüsusiyyətləri və psixoloji inkişaf mərhələsi kənar təsirlərə daha tez məruz qalma ehtimalını artırır. Müxtəlif sosioloji və psixoloji tədqiqatlarda da azyaşlıların müəyyən dini, deviant və digər qrupların təsirinə daha asan cəlb oluna bildiyi göstərilir. Bu baxımdan onların sosiallaşma prosesində hansı mühitlərlə təmasda olması xüsusi əhəmiyyət daşıyır. Uşağın davranışına yalnız sosial şəbəkələrin təsiri ilə baxmaq düzgün olmaz. Ailə, məktəb, təhsil mühiti və digər sosial institutlar da bu prosesdə mühüm rol oynayır. Evdə valideynlərin, məktəbdə isə müəllim və pedaqoqların münasibəti uşağın davranışının formalaşmasına ciddi təsir göstərir. Bu baxımdan nəzarət uşağın inkişafına maneə yaratmaqdan çox, onun təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir. Təbii ki, bütün uşaqlara eyni yanaşmanı tətbiq etmək də mümkün deyil. Texnologiyadan düzgün istifadə edən, sosial məsuliyyət hissi formalaşmış və öz davranışlarına nəzarət edə bilən uşaqlar arasında fərqli yanaşmaya ehtiyac yarana bilər. Bununla belə, uşağın gündəlik mühitdəki davranışına əsaslanaraq onun internetdə və ya başqa sosial qruplarda necə davrandığını tam müəyyənləşdirmək mümkün deyil. Sakit, tərbiyəli və məsuliyyətli görünən uşaq fərqli bir mühitə düşdükdə tamamilə başqa davranış nümayiş etdirə bilər. Məsələn, internetdə müxtəlif şəxslərlə ünsiyyət zamanı təhqiramiz ifadələrdən istifadə etmək, uyğun olmayan paylaşımlar etmək və ya başqa riskli davranışlara yol vermək mümkündür. Uşaqlar bəzən yaşlarının az olmasını məsuliyyətdən yayınmaq üçün səbəb kimi də qəbul edə bilirlər. Buna görə də bu kimi halların qarşısının alınmasında həm ailə, həm məktəb, həm də ümumi ictimai nəzarət mexanizmlərinin rolu əhəmiyyətlidir. Bu məsələyə cəmiyyətin dəstək verməsinin əsas səbəblərindən biri insanların rəqəmsal mühitdəki riskləri artıq daha aydın görməsidir. Valideynlər müəyyən davranışların uşaqların gələcəyinə hansı təsirləri göstərə biləcəyini nəzərə alaraq qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Dövlət və qanunvericilik də uşaqların təhlükəsizliyini sosial təhlükəsizlik məsələsinin tərkib hissəsi kimi nəzərdən keçirir. Belə yanaşma yalnız Azərbaycana xas deyil, müxtəlif ölkələrdə uşaqların rəqəmsal mühitdə qorunması məqsədilə yaş məhdudiyyətləri və digər çərçivələr tətbiq edilir. Burada əsas məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil. Daha vacib məsələ onların bu mühitdən düzgün istifadə etməyi öyrənməsidir. Müəyyən məhdudiyyətlərin tətbiqi uşaqların zərərli məzmunla qarşılaşmasının, etik və sosial baxımdan riskli davranışlara cəlb olunmasının qarşısını almağa yönəlməlidir. Xüsusilə azyaşlıların təhlükəsizliyi bu məsələdə daha diqqətlə nəzərə alınmalıdır. Yeniyetmələr və artıq müəyyən yaş həddinə çatmış uşaqlar isə öz şəxsiyyətlərini formalaşdırmaq mərhələsində olurlar. Onların sərbəst düşünmək, özünü ifadə etmək və müəyyən seçimlər etmək imkanları tədricən genişlənir. Buna görə də nəzarət tətbiq edilərkən uşaqların hüquqları, inkişaf ehtiyacları və müstəqillik imkanları da nəzərə alınmalıdır. Uşağın təhlükəsizliyi, sağlam inkişafı və gələcək rifahı əsas məqsəd olaraq qalmalıdır. Digər tərəfdən, sosial şəbəkələrin yaratdığı risklər yalnız uşaqlara aid deyil. Böyüklər üçün də rəqəmsal mühitdə kimlə ünsiyyət qurduğunu və qarşı tərəfin real kimliyini müəyyənləşdirmək hər zaman asan olmur. Uşaqların sosial münasibətlərinin böyük hissəsinin virtual mühitə keçməsi isə zamanla başqa problemlərin ortaya çıxmasına səbəb ola bilər. Xüsusilə sosial şəbəkələrdən həddindən artıq istifadə real həyatda ünsiyyətin zəifləməsi və insanın gündəlik sosial münasibətlərdən uzaqlaşması ilə nəticələnə bilər. Bu səbəbdən valideyn nəzarəti vacib olsa da, onun forması düzgün seçilməlidir. Nəzarət uşağı davamlı təzyiq altında saxlamaq və bütün imkanlarını məhdudlaşdırmaq formasına çevrilməməlidir. Əsas yanaşma uşağa internetdən təhlükəsiz və məsuliyyətli istifadə qaydalarını izah etmək, onu düzgün istiqamətləndirmək və rəqəmsal mühitdə davranış mədəniyyəti formalaşdırmaq olmalıdır. Bunun üçün internetdən istifadəyə müəyyən vaxt limiti qoyulması, həmin vaxtın düzgün bölüşdürülməsi və uşağın onlayn fəaliyyətinin yaşına uyğun şəkildə tənzimlənməsi məqsədəuyğundur. Burada əsas hədəf sosial şəbəkələrdən istifadəni tamamilə məhdudlaşdırmaq deyil, onların uşağın gündəlik həyatında sağlam və balanslı yer tutmasını təmin etməkdir. Cəmiyyət səviyyəsində bu prosesə sosial münasibətlər və ictimai nəzarət təsir göstərirsə, ailə daxilində əsas tənzimləyici mexanizm valideyn və övlad arasındakı düzgün münasibətdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az