FETÖ-nün müridi, fərari Bəxtiyar Hacıyev Nikol Paşinyanın əlinə necə oynadı? FETÖ-nün müridi, fərari Bəxtiyar Hacıyev Nikol Paşinyanın əlinə necə oynadı?
  • Tribuna
  • 21 Noyabr 2019 15:26
  •  17 142

Ata Abdullayev, “bala” Hacıyev...

FETÖ-nün müridi, fərari Bəxtiyar Hacıyev Nikol Paşinyanın əlinə necə oynadı?

Ata Abdullayevi gördünüz!

Basıb getmiş İtaliyanın Milan şəhərinə, girmiş bir kilsəyə, çıxmış Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısına!

Getməsə, daha yaxşıdır!

Çıxmasa, daha yaxşıdır!

Bunun adı bloqqerlik deyil, informasiya savaşı aparmaq deyil, Paşinyanla torpaq davası döymək deyil, onun əlinə, reytinqinə, imicinə oynamaq, düşmənə “ayı xidməti” göstərməkdir!

İndi məlum səhnələri izləyənlər sosial şəbəkələrdə bir suala cavab axtarırlar: axı, kim göndərib Atanı Milana?

Dərhal deyim: Bəxtiyar Hacıyev!

Bəli, onu ora nə Prezident Administrasiyası göndərib, nə DTX, nə Diaspor Komitəsi...

Ata, sadəcə, düşünüb: “Mənim Bəxtiyar Hacıyevdən nəyim əskikdir? Əgər Bəxtiyar Hacıyev Paşinyana sual ünvanlamaqla, hərbi xidmətdən yayınan bir fərari ola-ola özünə “vətənpərvər” imici yaratmaq istəyirsə, mən niyə bu qədər söyüldüyüm halda, nə qədər cəsur bir yurdsevər olduğumu sosial şəbəkələrə nümayiş etdirməyim?”

Bax, Ata Abdullayevi Milanda Paşinyanın qarşısına çıxmağa sövq edən bu motivlər idi və onu ora “göndərən” də müqayisənin digər tərəfi, yəni Bəxtiyar Hacıyev idi.

Nəticə o oldu ki, Ata Abdullayevlə “bala” Hacıyev, yəni Hafiz Hacıyevin əmizadəsi Ermənistanda Nikol Paşinyanın yetkin, hazırcavab, erməni maraqlarının prinsipial müdafəçisi imicinin möhkəmlənməsinə yardım etdilər, Ermənistandan kənarda isə dözümlü, suallara açıq, demokrat obrazının formalaşmasına...

Azərbaycan prezidenti İlham Əliyev yüksək diplomatik məharəti, intellekti, özünə inamı ilə Aşqabadda və Soçidə Nikol Paşinyanı, dünyanın gözü önündə, necə deyərlər, sıxıb suyunu çıxarandan sonra, Ata Abdullayevlə “bala” Hacıyevin, misalları Azərbaycanın prizmasından çəkirəm, qaş qayırmaq istədikləri yerdə, göz tökmələri, bığ dalınca getdikləri halda, saqqalı da qoyub gəlməklikləri Ermənistanın baş nazirinin imicmeykerləri üçün göydəndüşmə fürsət oldu...

Açığı, mənim Ata Abdullayevin vətənpərvərliyinə bir şübhəm yoxdur, onun da düşüncə səviyyəsi, həyat obrazı budur, nə demək olar?

Açığı mənim heç Hafiz Hacıyevin də vətənpərvərliyinə, elsevərliyinə də elə bir şübhəm yoxdur, şəxsən tanıyıram və bilirəm ki, xalq dilində çox gözəl danışmağı bacaran o adam kifayət qədər el-oba təəssübkeşidir.

Odur ki, Bəxtiyarla qohum olması Hafiz Hacıyev üçün utanc olmasın gərək. Ümumiyyətlə, mən heç qohumluq əlaqəsini paxır kimi dəyərləndirməyin tərəfdarı deyiləm, patriarxal münasibətləri əldə bayraq etməyi də özümə rəva görmürəm.

Odur ki, məni Bəxtiyar Hacıyevin Müasir Müsavat Partiyasının sədri ilə fiziki, genetik qohumluq əlaqələri yox, ictimai rəyə söyüş ixrac edən bloqqerlərlə mənəvi-psixoloji, sosial-genetik yaxınlıqları maraqlandırır.

Məzmunca, mahiyyətcə heç bir fərqləri yoxdur, hamısı eyni zehniyyətin, eyni stixiyanın, eyni məcranın adamlarıdılar- küçə uşağı!

Bir küçə uşağının hansı vəzifə tutmasının önəmi yoxdur- Nikol Paşinyan kimi!

Bir küçə uşağının hansı ölkədə, hansı şəhərdə yaşamasının önəmi yoxdur- Natiq Ədilov kimi!

Bir küçə uşağının hansı universitetdə təhsil almasının da önəmi yoxdur- Bəxtiyar Hacıyev kimi!

Allah hələ üzümüzə baxdı ki, Nikol Paşinyan “Azərbaycandan hədiyyə olaraq” bala Hacıyevdən aldığı qələmi geri verəndə eşitdiyi “aldıqlarınızı da belə qaytaracaqsız” replikasına “Qarabağı da hədiyyə vermişdiniz?” sualı ilə cavab vermədi...

Yoxsa, illərdir Ermənistanın işğalçı olması gerçəyini dünyaya çatdırmaq üçün çəkilən əziyyət ağır zərbəyə məruz qalacaqdı...

Xudavəndi-aləm işimizi onda rast saldı ki, Nikol Paşinyan “biz ermənilər Qarabağda minlərlə fədainin (onlar öz işğalçı əsgərlərinə belə deyirlər) qanı bahasına oturmuşuq, bu gün də dığalar əllərində silah səngərdə keşik çəkir. Sən heç əsgərlikdə olmusanmı?” sualı ilə cavab vermədi bala Hacıyevə!

Lap biabır olardıq!

Bilirsiniz niyə?

Qarabağdan, vətəndən, millətdən, xalqdan, respublikadan, suverenlikdən danışmağa heç bir haqqı olmayan bir fəraridir, hərbi xidmətdən, əsgərlikdən yayınmış qorxaq, vicdansız və şərəfsizdir Bəxtiyar Hacıyev!

Bəli, mənim nəzərimdə, hərbi xidmətdən yayınan istənilən şəxs qorxaqdır, vicdansızdır, şərəfsizdir və əgər bala Hacıyev bununla razılaşmırsa, məhkəmənin qapısı açıqdır.

Əgər o fərari üstəlik Fətullah Gülənin də mürididirsə, gedib hocasının türk qanına batmış əlini öpübsə, əlavətən, satqın və riyakardır!

Uca yaradan bu vətənə, bu millətə belə nadürüst, Ramin Hacılının timsalında gənc bir ictimai fəal borca-xərcə düşməsi səbəbindən saxlanılanda “həbs edilməlidir, məhbəsdə çürüməlidir” anlamında statuslar paylaşan, tvitlər atan naqis və xıltlı “oğul”lar bəxş etməkdəndirsə, ABŞ-ın Kaliforniya ştatında Vladimir Pozneri öz savadı, məntiqi, ritorikası ilə çürük qoz kimi divara çırpan Arzu Məmmədova kimi qızlar bəxş etsin!

Uca Yaradan bu cəmiyyəti ABŞ-ın Los-Anceles şəhərindəki Cənubi Kaliforniya Universitetində təhsil aldığı müddətdə Erməni Tələbələr Cəmiyyətinin sədri olmuş Kristina Puşau ilə ortaq layihələr gerçəkləşdirən Aslan İsmayılov kod adlı Allahverdilərin və onun fiziki və sosial törəmələrinin şərindən hifz eləsin!

Taleh ŞAHSUVARLI,

AzNews.az xəbər portalının Baş redaktoru

image description