"Seçin ki, zaman sizə işləsin, müasir, inkişaf etmiş Saatlını birgə quraq!" "Seçin ki, zaman sizə işləsin, müasir, inkişaf etmiş Saatlını birgə quraq!"
  • Tribuna
  • 27 Yanvar 2020 18:04
  •  22 170

Deputatlığa namizədin uğurlu görüşləri

"Seçin ki, zaman sizə işləsin, müasir, inkişaf etmiş Saatlını birgə quraq!"

Bu gün 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Nahid Bağırovun Saatlı mədəniyyət mərkəzində seçiçilərlə kütləvi görüş keçirildi.

AzNews.az xəbər verir ki, görüşə 500 nəfərə yaxın Saatlı sakini toplaşmışdı. Bu möhtəşəm toplantı qarşısında çıxış edən Nahid Bağırov öncə, ona hörmət əlaməti olaraq bir araya gəldikləri üçün hər kəsə təşəkkürünü bildirmişdir. Deputatlığa namizəd təbliğat kompaniyasının keçən dövrü ərzində gördüyü işlər və öz platforması haqqında geniş məlumat verərək, əgər onların etimadıni qazanıb Deputat seçilərsə, görəcəyi işlər barədə öncədən geniş məlumat vermişdir. Öz gələcək fəaliyyətini görüşə gələnlərə açıqlayan Millət vəkilliyinə namizəd toplaşanlardan tədbiri dialoq formatında keçirməyi xahiş edib. Elə bu formada da davam dən görüş zamanı 62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürmüş Nahid Bağırov öz seçicilərinə müraciət edib.

"Hörmətli seçicilər! Əziz Saatlı sakinləri!

Öncə hər birinizi ürəkdən salamlayıram! Bu gün sizin qarşınıza çıxmaq, sizinlə üzbəüz dayanıb gələcəyə yönəlmiş planlar barədə danışmaq, sizləri dinləmək mənim üçün həqiqətən də xoşdur və deputatlığa namizəd kimi böyük bir şərəfdir. Zəhmət çəkib bu görüşə gəldiyinizə, mənə sizinlə öz fikirlərimi bölüşmək imkanı yaratdığınıza görə hər birinizə təşəkkür edirəm!

Bilirsiniz ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın qanunverici orqanının tarixində də yeni bir səhifə açacaq. O mənada ki, indi ölkədə çox genişmiqyaslı islahatlar dövrü başlayıb və bu dövrdə vətəndaşların Milli Məclisdən gözləntiləri də dəyişib. Cənab Prezident İlham Əliyev də yeni parlament barədə danışarkən gələcək deputatlara öz tövsiyələrini verib. Dövlət başçısı yeni seçiləcək deputatlara tövsiyə edib ki, onlar öz dairələrində daha fəal olsunlar, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar da öz növbələrində "yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar”. Bu baxımdan əminəm ki, yeni Milli Məclis sözün yaxşı mənasında daha fərqli, daha çevik bir qurum olacaq.

Təbii ki, indi seçicinin özü də daha tələbkardır, parlamentin fəaliyyəti barədə daha aydın təsəvvürlərə malikdir. İndi seçici sosial-iqtisadi inkişaf meyllərini, ölkədəki ictimai-siyasi prosesləri daha dərindən bilir və yaxşı başa düşür ki, islahatlar dövründə deputat onun səsinə çevrilməlidir. Mən də bu görüşə sizin parlamentdəki səsiniz olmaq, sizin sözünüzü yeni Milli Məclisdə demək, təşəbbüslərinizi qanunvericiliyin daha da təkmilləşdirilməsinə yönəltmək niyyətilə gəlmişəm.

Bilirsiniz ki, mən özəl sektoru, qeyri-neft sektorunu təmsil edirəm. Ona görə də Saatlıdan deputatlığa namizədliyimi irəli sürərkən bu rayonun sosial-iqtisadi göstəricilərini, mövcud problemləri və gələcək inkişaf perspektivlərini dərindən təhlil etmişəm, özəl sektordakı vəziyyəti araşdırmışam. Görüşümüzdə bu məsələlər barədə də ayrıca danışacam.

Sevindirici haldır ki, bu gün Saatlı ölkədəki genişmiqyaslı sosial-iqtisadi inkişaf prosesinin bir hissəsinə çevrilməyi bacarıb. Son illərdə ölkəmizdə görülən işlər isə göz qabağındadır. Bu gün Azərbaycan cəmi bir neçə onillik əvvəlki dövlət deyil. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan regionun lider dövlətinə çevrilib, iqtisadiyyatın inkişafı istiqamətində çox böyük işlər görülüb. Uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələr vaxtında və düzgün icra olunub. Bu da öz növbəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarıb. Sahibkarlıq mühiti daha da yaxşılaşdırılıb, yeni müəssisələr, iş yerləri açılıb. Əhalinin məşğulluğu artıb, yoxsulluq səviyyəsi azaldılıb.

Əziz seçicilər!

Hamımıza yaxşı məlumdur ki, 2004-cü ildən başlayaraq uğurla icra olunan Dövlət proqramları regionların, şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib. Hazırda əsas məqsədlərdən biri ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaqdır . Bu Dövlət Proqramının əhatə etdiyi regionlardan biri də Saatlının da daxil olduğu Aran iqtisadi rayonudur.

Azərbaycan kəndinin inkişafına xüsusi əhəmiyyət verən dövlətimiz aqrar sahənin inkişafını da diqqətdə saxlayır. Odur ki, bununla bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün görülmüş işlər bu sahənin inkişafına güclü təkan verib. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılıb. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib. Dövlət proqramları çərçivəsində sahibkarlığın inkişafı sahəsində sistemli və ardıcıl tədbirlər həyata keçirilib. Bundan əlavə, qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib, vergi yükü azaldılıb. Başqa sözlə, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilib.

Regionların dayanıqlı inkişafının təmin olunması, yaşayış üçün rahat şərait yaradılması, bölgələrdə, o cümlədən kənd yerlərində yaşayış tərzinə müsbət münasibətin formalaşdırılması vacib məsələlərdəndir. Regionlarda əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. Regionlarda təhsil, səhiyyə və digər sosial xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə də xüsusi önəm verilir.

Digər bir istiqamət kəndlərdə yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasıdır. Bu gün rayonda qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir. Dövlət Proqramına sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən pambıq emalı zavodunun istehsal gücünün artırılması, yem məhsullarının istehsalı və emalı müəssisəsinin yaradılması da daxil edilib.

Məlumdur ki, qarşıdakı illərdə rayonda kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafına xüsusi diqqət yetiriləcək. O cümlədən balıq yetişdirilməsi kompleksinin tikintisi, badam və nar bağçılığı, taxılçılıq, pambıqçılıq, quşçuluq üzrə aqroparkın yaradılması, nar şirəsi istehsalı zavodunun tikintisi, soyuducu anbar kompleksinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi planlaşdırılır. Yol təsərrüfatı və nəqliyyatın inkişafı, yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi istiqamətində ciddi işlər görüləcək. Kommunal xidmətlərin, elektrik enerjisi təminatının, qaz təchizatının, içməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Rabitə xidmətlərinin, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi, sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində işlərin davam etdirilməsi də Dövlət Proqramına daxil edilmiş məsələlərdir. Mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsinə də ciddi diqqət yetiriləcək. Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması rayonda işsizlik probleminin həllinə mühüm töhfə verəcək. Səhiyyə və təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi kimi tədbirlər də diqqətdə saxlanılacaq.

Lakin hələ də qarşımızda mühüm işlər dayanır ki, bunlardan biri də kənd təsərrüfatının inkişafıdır. Əgər səs verib etimad göstərsəniz, mən də Saatlıda kənd təsərrüfatının inkişafına öz töhfəmi əsirgəməyəcəm. İlk növbədə çalışacağam ki, Dövlət Proqramında Saatlıya aid bütün tədbirlər vaxtında həyata keçirilsin. Regional yem zavodunun tikintisi, narçılığın inkişafı, pomidor tədarük mərkəzinin inşası da planlarıma daxildir. Saatlı Aran bölgəsinin incilərindəndir, burada ov təsərrüfatının inkişafı, turizm məqsədli proqramların həyata keçirilməsi üçün geniş imkanlar var. Bu məqsədlə Muğan-mərkəz turizmi ideyasının gerçəkləşdirilməsinə xüsusi diqqət yetirəcəm. Turizmin inkişafı isə rayonun büdcəsinə əlavə vəsait daxil olmasına, əhalinin rifah halının daha da yaxşılaşmasına gətirib çıxaracaq.

Gələcək fəaliyyətimdə texniki su sistemlərinin qurulması, yeni su kanallarının inşası ilə bağlı məsələlərin həlli üçün müvafiq qurumlarla əlaqə yaradacam. Dərman bitkilərinin tədarükü tədbirləri də diqqət yetirəcəyim məsələlərdən olacaq.

Hörmətli seçicilər!

Bizim xalqın ən gözəl xüsusiyyətlərindən biri böyüklərə hörmət, gənclərə qayğıdır. Ona görə də yaşlı insanlarımızın rahatlığı, istirahəti üçün şərait yaradılması məsələləri diqqətimdə olacaq. Eyni zamanda, özüm də gənc olduğum üçün, gənclərin problemlərinə yaxşı bələdəm. Çalışacam ki, gənclərin məşğulluğunun təmin edlməsi üçün dövlətimizin gördüyü işlərə dəstək verim. Rayon gənclərinin asudə vaxtının səmərəli təşkili, onların təhsili, özlərini inkişaf etdirməsi ilə bağlı konkret niyyətlərim var. Aparıcı xarici dillərin öyrədildiyi kursların təşkili, kompyuter məktəbinin yaradılması, gənclərə informasiya texnologiyaları sahəsində biliklərin öyrədilməsi vacib hesab etdiyim məsələlərdəndir və bu istiqamətdə konkret addımların atılması üçün əlimdən gələni əsirgəməyəcəm.

Bilirsiniz ki, mən özəl sektoru təmsil edirəm. Bu sahədə olan problemləri dərindən bilirəm. Çox yaxşı haldır ki, bu gün Azərbaycanda həyata keçirilən yeni iqtisadi modeldə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Mən də çalışacağam ki, sahibkarlarla sıx təmasda olum, onların qaldırdığı hər bir məsələnin operativ həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldırım, yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edərək biznesin daha da inkişafına öz töhfəmi verim.

Əziz seçicilər!

Təbii ki, bütün bu planlardan daha öndə olan bir plan, bütün arzularımızdan daha yüksək olan bir arzumuz var ki, bu da bizim Qarabağımızla bağlıdır. Bilirik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həll etmək üçün kifayət qədər güclüdür, bütün iqtisadi və hərbi resurslara malikdir. Ermənistan isə ölkəmizlə müqayisə belə oluna bilməz. Bu ölkə miskin durumdadır və bunu erməni siyasətçilərinin özləri də yaxşı bilir. Əminəm ki, dövlətimizin yürütdüyü siyasətin nəticəsi olaraq çox tezliklə bu problem də həllini tapacaq. Bunun üçün isə ciddi işləmək, bütün mümkün vasitələrdən istifadə edərək səsimizi dünyaya çatdırmaq lazımdır. Əgər etimad göstərsəniz, mən də münaqişənin sülh yolu ilə həlli barədə məsələlərin dünyanın müxtəlif dövlətlərinin parlamentlərində təmsil olunan şəxslərə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəm. Eyni zamanda, bu problemin qurbanları olan qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, ümumiyyətlə, həssas qrupların qaldırdığı məsələləri, onların problemlərini daim diqqətdə saxlayacam.

Hörmətli Saatlı sakinləri!

Biz bu yola birlikdə çıxmışıq. Biz islahatlar dövrünün Azərbaycanının daha güclü dövlətə çevrilməsinə, vətəndaşımızın rifah halının yaxşılaşdırılmasına birgə töhfə verəcəyik. Bu yolda mən sizə, sizin dəstəyinizə, etibarınıza, inamınıza arxalanıram. Sizə güvənirəm, səsimin səsiniz olacağına inanıram! Seçin ki, zaman sizə işləsin, müasir, inkişaf etmiş Saatlını birgə quraq!"

AzNews.az