• Tribuna
  • 14 Sentyabr 14:13
  •  2 125

Vüqar Rəhimzadə: Ermənistan hərbi avantüralarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır

Onların növbəti hərbi təxribatlarının da qarşısı qətiyyətlə alındı

“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Yada salaq ki, bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə malik olduğu hərbi gücünü düşmənə yenidən göstərməklə yanaşı, dəmir yumruğun yerində olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışmasına baxmayaraq Silahlı Qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırladır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, istənilən təxribat Ermənistana baha başa gələcək: “Onların növbəti hərbi təxribatlarının da qarşısı qətiyyətlə alındı. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Ermənistan tərəfi yenə də xislətinə uyğun olaraq Azərbaycanı üçtərəfli Bəyanatın tələblərini pozmaqda ittiham etsə də artıq reallıq dünyanın gözü qarşısındadır: “Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Qələbəmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Azərbaycan qalib tərəfdir. Torpaqlarımız öz tarixi sahibindədir. İşğaldan azad edilmiş ərazilərimizdə iki ilə yaxın dövrdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün infrastruktur yenilənir, təkmilləşdirilir. Bu torpaqlarda dünya standartlarına cavab verən üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Azərbaycan Qarabağın dünyaya hava qapısını açıb. Yaxın günlərdə bu mühüm addım Şərqi Zəngəzurdan atılacaq. Bu, Azərbaycanın bu ərazilərimizdə bütün işləri beynəlxalq səviyyədə həyata keçirdiyini, təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atdığını göstərir. Ermənistanda baş qaldıran revanşist qüvvələr daim Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında aciz olduqlarını nümayiş etdirirlər. Azərbaycan Ordusu növbəti təxribatların qarşısını alaraq və düşmənə layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, dəmir yumruq yerindədir.”

Vüqar Rəhimzadə erməni yalanlarının qarşısında diqqəti bu reallığa da yönəldib ki, dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu: “30 il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Əks təqdirdə 44 günlük Vətən müharibəsində aldığı dərs növbəti dəfə işğalçı dövlətə xatırladılacaq. Bu gün Azərbaycan qalib ölkə olaraq üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısı İlham Əliyev bəyan edir ki, əgər biz 10 noyabr Bəyanatının bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Təxribata verilən cavab nəticəsində Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Şəhidlərimizin qisası artıqlaması ilə alınıb” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və düşmən daha böyük itkilərə məruz qalacaq: “44 günlük Vətən müharibəsinin reallıqlarından biri bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, istifadə edilən silahlar bütün məqamlara aydınlıq gətirdi. Ermənistan kimi kasıb ölkənin həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Digər tərəfdən, işğalçı dövlət illərdir qurduğu həmin istehkamlarla sübut etdirdi ki, torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində deyil. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə həm bu torpaqların sahibi olduğumuzu, bir qarış ərazimizi belə düşmənə verməyəcəyimizi, həm də bəzi güclərin dəstəyi ilə silahlanıb təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, beynəlxalq təşkilatlar və süpergüclər tərəfindən Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi yaşanmazdı: “Azərbaycan təkbaşına BMT qətnamələrini yerinə yetirdi, ədaləti bərpa etdi. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqları Ermənistan tərəfi keçirilən görüşlərdə, ən əsası 10 noyabr 2020-ci il tarixli Bəyanatda qəbul etsə də konkret addımların atılması zamanı gəldikdə hərbi təxribatlar törətməklə vaxtı uzatmaqda maraqlı olduğunu nümayiş etdirir.

Məlum olduğu kimi, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca 4-cü görüşü keçirildi. Azərbaycanın növbəti diplomatik qələbəsi olan həmin görüşdə Ermənistana bir daha sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərdarlıq edilərək son şans verildi. Ermənistan hakimiyyətinin bu şansdan bəhrələnərək xalqının gələcəyi üçün sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlara əl atılmasında maraqlı olması bütün məqamlara aydınlıq gətirir. İşğalçı dövlət bu mövqeyi ilə artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpasında maraqlı olduğunu da nümayiş etdirir. Bu istəyi şərtləndirən amillərin geniş təhlilinə ehtiyac yoxdur. 30 ilə yaxın dövrün reallıqları bu istəyin təqdimatıdır. Lakin dövlət başçısı İlham Əliyev bununla bağlı konkret mövqeyini ortaya qoyub. Çıxışlarında “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var” söyləyən Prezident İlham Əliyev bildirir ki, indi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Minsk qrupunun həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan bir tərəfdən Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul edir, digər tərəfdən isə Minsk qrupunun fəaliyyətini bərpa etməyə cəhd göstərir. Artıq Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!”