Umac ova bilməyənlərin mediaya kəsdikləri əriştə barədə Umac ova bilməyənlərin mediaya kəsdikləri əriştə barədə

Arif Əliyevin başlığı, çaşlığı və çaşmaqlığı

Umac ova bilməyənlərin mediaya kəsdikləri əriştə barədə

Feysbukun bir şakəri var, bəzən dostların köhnə paylaşmalarına kimsə rəy yazır, yaxud işarə qoyur, nəticədə həmin məlumat yenidən təqdim olunur, ana səhifəyə çıxır. Məhz bu səbəbdən dünən gördüm ki, elektron poçtu belə olmayan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev təzədən açdığı qaravəlli klubunun internet səhifəsində Münxen Təhlükəsizlik Konfransına qatılmış Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında təşkil olunan debatdan, daha dəqiqi, həmin açıq polemikanın yerli KİV-lərdə necə işıqlandırılmasından bəhs edib. Yenə geyinib Dədə Qorqud kaftanını əyninə, alıb qopuzunu əlinə, öyüd dalınca öyüd, nəsihət dalınca nəsihət verib, araya salıb bu barədə daha öncə yazdığı məqalənin oxunmamasından gileylənib, günahı isə onda görüb ki, bəs, bizim internet mediası xəbər və təhlillərə düzgün başlıq qoymur. Müəllifin yazısının başlığı isə mən görəndə belə idi: “Qarabağ qaldı bir yanda, hamı prezident “yarışdırır”.

Lakin linki tıklayanda məlum oldu ki, başlıq dəyişdirilib və bu şəklə salınıb: “Qarabağ qaldı bir yanda, hamı lider “yarışdırır”.

İlk baxışda başlığın dəyişdirilməsi adi, sırf texniki məsələ kimi görünür, xüsusi diqqətə layiq sayılmır. O sadə səbəbə görə ki, qəzet çapa gedəndən sonra mətndə düzəlişlər etmək mümkün deyil, ancaq internet mediasında hər cür dəyişiklik etmək bir su içimlikdir. Ən müxtəlif səbəblərdən redaktorlar bəzən materiallar səhifəyə qoyulduqdan sonra mətndə dəyişikliklər edirlər. İnternet mediasının operativliyi müqabilində bundan qaçış yoxdur. Ancaq Arif Əliyevin səhifəsinin operativlik dərdi yoxdur. Üstəlik, usta yazarlığın bir göstəricisi də odur ki, mətn öncə beyində “yazılır”. Belədə, müəllif yazacaqlarını- nədən bəhs edəcəyini, mövzunu haradan başlayıb harada bitirəcəyini, istifadə edəcəyi faktları, sadalayacağı arqumentləri, üslubu zehni süzgəcdən keçirir, ondan sonra əyləşir bilgisayarın qarşısına. Əlbəttə, yazı prosesində mətn istər-istəməz zənginləşir, konkretləşir, orası-burası kəsilir, dəyişdirilir, ancaq əsas sxem zehni süzgəcdən keçən variant olaraq qalır.

Mən, əlbəttə, Arif Əliyevi usta yazar-filan hesab eləmirəm. Ona görə hesab eləmirəm ki, bəhs etdiyim yazısı da daxil, onun hər hansı ciddi, şəxsən məni yaxşı mənada təəccübləndirən, təsəvvürlərimi genişləndirən, məlumatlılığımı artıran bir məqaləsini oxumağım yadıma gəlmir. Məsələn, Türkiyənin “Hürriyet” qəzetinin guşə yazarı Ərtuğrul Özkök mənim sevimli müəlliflərimdəndir, hər yazısı oxucu olaraq mənə zəngin məlumatlar və istiqamətlər verir. Çexiyada yaşayan Rövşən Əliyev və elə Arif Əliyevin simsarı İbrahim Nəbioğlunun sosial şəbəkədə adicə statuslarını oxuyanda dərhal bilinir ki, adamlar mütaliə edir, fəlsəfənin, elmin, ədəbiyyatın, jurnalistikanın müasir trendlərini izləyir və səsləndirdikləri fikirlərin arxasında olduqca ciddi intellektual “baqaj” dayanır. Zira, eyni “baqaj”ı və baxış açısını Arif Əliyevdə, Mehman Əliyevdə, Qulu Məhərrəmlidə, Elçin Şıxlıda görmürəm. Görə bilmədiyim halda isə, adı çəkilənlərin jurnalistikamıza vurduqları saysız-hesabsız zərbələri, hər fürsətdə içi özüm qarışıq qələm əhlinin haqqına girmələrini də xatırlayıb Dədə Qorqud libasında qarşımıza çıxmalarına, cavanlar demiş, əməlli-başlı qıcıq oluram.

Axı necə qıcıqlanmamaq olar ki, “Qarabağ qaldı bir yanda” deyə tipik populistlik edəsən, ardınca “hamı” deyə əsl “obıvatel” ümumiləşdirməsi aparasan, primitiv bir pafosla ona-buna məsləhət verəsən, ancaq özün açıq səhvlərə yol verəsən, yəni, özünə umac ova bilmədiyin halda, başqalarına əriştə kəsəsən.

Axı “hamı” istəsə belə prezidentləri “yarışdıra” bilməzdi!

Ona görə “yarışdıra” bilməzdi ki, debatın iki iştirakçısından yalnız biri- Azərbaycanın dövlət başçısı İlham Əliyev “prezident” titulu daşıyır, Nikol Paşinyan isə prezident yox, Baş nazirdir.

Bəli, bu sıradan, texniki bir səhv deyil, lakin söhbət heç ondan da getmir ki, Arif Əliyev Nikol Paşinyanın Ermənistanın Baş naziri olduğunu bilməyəcək dərəcədə avamdır. Sözümün canı odur ki, öz müəllif yazısının başlığında elementar səhvə yol verən birinin, mənim fikrimcə, başqalarına başlıqdan “ustad dərsi” keçməyə qətiyyən haqqı yoxdur. Elə Arif Əliyev də özündə bu haqqı görməzdən öncə çox yaxşı olardı ki, bir də hansısa materialın başlığının uğurlu olub-olmaması barədə fikir yürütmək istəsə, TACT-Test metodundan istifadə eləsin, hərçənd çox böyük ehtimalla o, bu fənd barədə ilk dəfə indi eşidir. Necə ki, adındakı Allahdan üz döndərən, sonra “imana gəlib” Fətullah Güləni “xəstə dünyanın təbibi” adlandıran Qulu Məhərrəmli “Yeni Müsavat” qəzetində ötən yay təşkil olunan debatda çağdaş jurnalistikanın trendləri barədə dediklərimizdən qətiyyən baş açmırdı. Mikrofonu belə yaxasına düz taxmağı bacarmamışdı, lakin studiyanı tamamilə pərt şəkildə tərk etdikdən sonra başa düşmüşdü ki, “professor” titulu köhnəlmiş, sovetdənqalma nəzəri hazırlığı ilə birgə məsxərəlik olub, gedib təhqirə, söyüşə başladı. Yumşaq desəm, bu cür cığallıq deyəsən “PressKruq”un ortaq davranış tərzidir.

Qapılarını taybatay açmış “Ayna”nın bir müxbiri var. Test imtahanlarında sürünənlərin daxil olduğu Bakı Qızlar Seminariyasını bitirən, sovetlər dönəmində “Gənc fəhlə” adı ilə çap olunan “Sənətkar” jurnalından jurnalistikaya dişiqırıq külünglə gələn, paralel olaraq həm “Bələdiyyə həyatı” qəzetinin şöbə müdiri, həm də Hövsan bələdiyyəsində iqtisadçı vəzifəndə çalışan, eyni vaxtda çalışdığı və məntiqlə heç birini yarıtmadığı iki işini əlində saxlayaraq Aqrar Universitetdə də əlavə “təhsil alan”, mənim nəinki jurnalistikanın prestijinə, bütövlükdə heç bir insana yaraşdırmadığım dərəcədə vulqar leksikona malik olan həmin müxbirin SƏLİS tərəfindən mükafata “layiq görülmüş” məqaləsi barədə rəy bildirmişdim. İnanın, jurnalistikanın əlifbasından xəbərdar olanlar belə həmin məqaləni oxuyanda başa düşərdilər ki, müəllif bu sahənin elementar qaydalarından tam bixəbərdir, haracan desəniz savadsız və diletantdır, yazdığı da ödülə deyil, zibil yeşiyinə layiqdir. Üstündən bir qədər keçəndən sonra məlum oldu ki, jurnalistikanın “j”sindən xəbəri olmayan o bisavad zənən xeylağı əlinə bir AYNAlı götürüb və mən bir yana, prezidentin sabiq köməkçisi Əli Həsənovun qarasını “gülləbaran” edib. Bu isə artıq təkcə nadan cəsarəti deyil, həm də PressKruqun düşdüyü Əli Həsənov kompleksidir. Yenə eyni sancıları çəkəcəklər, ona görə cavablarını elə indidən versəm yaxşıdır.

Bəli, Əli Həsənov Azərbaycan Prezidentinin köməkçisi olanda PressKruq onun əleyhinə total və qərəzli təbliğat aparırdı. Onlar öz qərəzlərində o qədər uzağa gedirdilər ki, 1891-ci ildə “Kəşkül” qəzetinin çapının dayanmasının günahını da Əli Həsənovun ayağına yazmağa məmnuniyyətlə hazır idilər.

Onların nə yazmağından asılı olmayaraq mən yenə bu fikirdəyəm ki, əsl hədəfdə Əli Həsənov deyil, Azərbaycan prezidenti İlham Əliyev idi. Əli Həsənov sadə xalqın içərisindən çıxıb, gəncliyindən siyasi proseslərin içində olub, karyerasının ən yüksək pilləsinə intellekti, zəhməti və sədaqəti ilə qalxıb- hər kəsi tanıyır, hər kəsin niyyətini oxuya bilir. Odur ki, məlum çevrə prezidentin köməkçisi olaraq ona öz sözlərini keçirə bilmirdi. Əvəzində isə belə rəy yaratmağa çalışırdılar ki, guya Əli Həsənov medianın azadlıq çeşməsinin başını kəsdirmiş siyasi əjdahadır, prezident o “siyasi əjdaha”nı bulağın başından uzaqlaşdıran kimi hər kəs səhəngini sərbəstcə su nədir, ağappaq südlə dolduracaq. Bu, əlbəttə, nağıl, həm də pis uydurulmuş nağıl idi.

O sadə səbəbə görə ki, Azərbaycanda medianın fundamental problemləri davamlı ənənələrin olmamasından qaynaqlanır. Bu qıtlığa səbəb isə cəmiyyətimizin Avropa yox, Asiya kökənli olması, ölkəmizin renessans mərhələsini, sənaye inqilabını keçməməsi, ilk növbədə iqtisadi sferada üst-üstə qalanmış bütün tarixi problemləri informasiya çağında həll etmək məcburiyyəti ilə üzləşməsidir. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin icrasına Əli Həsənovun məsul olduğu media siyasəti mahiyyətcə doğru idi. Ona görə doğru idi ki, qlobal informasiya şəbəkəsi Azərbaycan kimi oturuşmamış cəmiyyətlərə dövlətin ideoloji əsaslarını təhdid edən virusları (siz işə baxın ki, PressKlubun loqosunda tac elementi var və bu element yada son günlərin məşhur infeksiyası koronovirusu xatırladır) asanlıqla ötürə bilir. Belə bir şəraitdə dövlətin özünü həmin diversiyalardan qorumaq, medianın “5-ci kolon”ların ruporuna çevrilməsinin qarşısını almaq üçün ideya bazarından xarici sərmayə donorlarının çıxarılması ən kəsə yoldur. (Bax, elə bu günlərdə Türkiyə kimi dərin dövlətdə biz xarici sərmayə ilə qurulan media qruplarının qardaş ölkənin milli maraqlarına qarşı hansı manipulyasiyalar etdiyini açıq-aydın görürük.)

Əli Həsənov qarşısında həmin adamların keçirdiyi kompleksin əsas böhran simptomlarını isə o yaradırdı və yaradır ki, cənabların heç biri dövlətçi deyil, öz maraqlarından başqa bir şey düşünmürlər, “sədaqət” anlayışları heç zaman olmayıb, məfkurə daşıyıcısı sayıla bilməzlər. Ən başlıcası isə, Əli Həsənov dövlət başçısının bilgisi daxilində bəlkə də onların bəzi maraqlarını təmin edə bilərdi- necə ki, dəfələrlə edib- ancaq heç zaman onlara istedad və dəyanət bəxş edə bilməzdi. Budur, Əli Həsənov indi dövlət başçısının media siyasətinin icrasına məsul fiqur deyil, öz məntiqlərinə görə, Arif Əliyevə, Mehman Əliyevə, Qulu Məhərrəmliyə, Elçin Şıxlıya mane olan kimsə yoxdur, əksinə, HAMISINA şərait yaradılıb ki, sözlərini desinlər, hakimiyyəti daha yaxşı müdafiə etsinlər, necə deyərlər, bilik və bacarıqlarını ortaya qoysunlar. Amma ortada nə bilik var, nə bacarıq, nə söz var, nə mövqe, nə də ciddi bir layihə. Təsəvvür edin, Elçin Şıxlının İTV-dəki verilişi “Pressinq” adlanır və yaşı düşən hər kəsin yadına gəlir ki, eyni adda verilişi vaxtilə ANS-də Eldəniz Elgüngil açmışdı. Əgər bu adamın və adamların yaradıcı təxəyyülü Eldəniz Elgünün 90-cı illərin sonundakı təsəvvürlərindən uzağa gedə bilməyibsə, deməli, uzaqbaşı Herbert Freydenberqerin “Tükənmişlik sindromu”nun araşdırılması üçün, türkün sözü, dənəklər, həm də çaş dənəklər ola bilərlər.

Niyə çaş? Çünki onlar hər zaman alternativ hamilər axtardıqları üçün bir tərəfə baxmırlar, dövlətlə, millətlə eyni hədəfə boylanmırlar. Onların əlindəki ayna- media hər zaman arxalarındakı xarici güclərin (Putinə yazılan məşhur məktubu yada salın) işarəsini görmək üçündür. Eybi yox, qoy onlar dənəkliklərinə və dönüklüklərinə davam etsinlər, biz isə başlıq məsələsinə qayıdaq. Mən bu yazının sərlövhəsini belə qoyuram: “Arif Əliyevin başlığı, çaşlığı və çaşmaqlığı”.

P.S: Jurnalistika nəzəriyyəsində bu cür sərlövhələrə nominativ başlıq deyirlər və bunun nə anlama gəldiyini bilməyənlər “Aslan İsmayılov” kod adlı media uzmanı Allahverdiyə müracət edə bilərlər.

Taleh ŞAHSUVARLI