• Qərb
  • 4 Mart 2019 17:08
  •  781

Buxarestdə birgə bəyannamə imzalandı - Yenilənib

Nazirlər bu nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd ediblər.

İmzalanma mərasimində nazirlər Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, iki dənizi birləşdirən mövcud nəqliyyat şəbəkələri arasındakı bu marşrut Avropanı Mərkəzi Asiya ilə birləşdirən ən qısa və iqtisadi cəhətdən effektivdir.

Tərəflər vurğulayıblar ki, Avropa İttifaqının üzvü olan Rumıniyanın da layihədə iştirakı təşkilata gələcəkdə nəqliyyat dəhlizinin inkişafında fəal iştirakına stimul verəcək.

Rumıniya XİN başçısı Teodor Meleşkanu bildirib ki, Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizi bu ilin yayında təsdiqlənəcək Aİ-Mərkəzi Asiya Əməkdaşlıq Strategiyasında əhəmiyyətli yer tutacaq.

Dəhlizin inkişaf etdirilməsi məqsədilə ekspertlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup texniki aspektlərin razılaşdırılması və prosedurların optimallaşdırılması istiqamətində iş aparacaq ki, bu da tariflərin uyğunlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsinə imkan verəcək.

Qeyd edək ki, Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizi ilə bağlı ilk danışıqlar ötən il baş tutub. 2018-ci ilin oktyabrın 24-25-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib.

***
16:23

Buxarestdə Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın xarici işlər nazirlərinin görüşü keçirilib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dördtərəfli görüşdən sonra Xəzər dənizi - Qara dəniz nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı birgə bəyannamə imzalanıb.

Sənədi Azərbaycanının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Rumıniya XİN rəhbəri Teodor Meleşkanu imzalayıblar.(report.az)

AzNews.az