Torontoda ABŞ konsulluğuna silahlı hücum edilib

Toronto polisi şəhərdə yerləşən ABŞ konsulluğuna atəş açıldığını açıqlayıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Açıqlamada bildirilib ki, diplomatik missiyaya qarşı silahlı hücum yerli vaxtla saat 05:30 radələrində baş verib. Hadisə zamanı çox sayda atəş səsi eşidilib. Polis hadisə yerində araşdırmaların davam etdiyini, lakin hələlik şübhəli şəxsin müəyyən edilmədiyini bildirib.

“Atəşli silahdan istifadə olunduğuna dair sübutlar aşkar edilib”, — deyə açıqlamada qeyd olunub. Həmçinin konsulluq binasının qarşısındakı yolun təhlükəsizlik məqsədilə nəqliyyat üçün bağlandığı bildirilib.

Kanadanın baş naziri Mark Karni yayımladığı açıqlamada hücumu “qəti şəkildə pislənməli olan zorakılıq aktı və qorxutma cəhdi” adlandırıb.

Karni hücum zamanı zərərçəkənlərin olmamasından məmnunluq ifadə edib və hadisə ilə bağlı istintaqa dəstək verəcəklərini, bu zorakılıq aktının məsul şəxslərinin müəyyən edilməsi üçün bütün zəruri resursların ayrılacağını bildirib.

Qeyd edək ki, martın 8-də Norveçin paytaxtı Oslo şəhərində yerləşən ABŞ səfirliyində də partlayış baş vermişdi. Oslo polisi həmin partlayışın “ABŞ səfirliyini qəsdən hədəf alan hücum ola biləcəyi” ehtimalını irəli sürmüşdü.

Mövsüm,

AzNews.az