Dağlıq Qarabağ hərbi-siyasi teatrı regional siyasətdə yeganə bir sahədir ki, Rusiya onu dəyişməz saxlamağa çalışır Dağlıq Qarabağ hərbi-siyasi teatrı regional siyasətdə yeganə bir sahədir ki, Rusiya onu dəyişməz saxlamağa çalışır

Diplomatik şablonların arxasındakı Rusiya...

Dağlıq Qarabağ hərbi-siyasi teatrı regional siyasətdə yeganə bir sahədir ki, Rusiya onu dəyişməz saxlamağa çalışır

“Qarabağ məsələsində bizim mövqeyimiz dayanıqlı və ölçülüb – biçilmişdir” – Rusiya XİN-nin mətbuat katibi M.Zaxarova ölkəsinin Qarabağ məsələsindəki mövqeyini növbəti dəfə belə xarakterizə etdi.

Bir qədər qəribə olsa da, bu dəfə hörmətli xanım-diplomat mübahisəli heç nə demədi: həqiqətən də Rusiyanın siyasəti “dayanıqlı” və “ölçülüb – biçilibmiş” olmasaydı Qarabağ məsələsi çoxdan həll olunardı və onu Azərbaycan özü həll edərdi – öz gücü və resursları hesabına.

Amma çox təəssüf ki, bu qanlı prosesin lap əvvəlindən Moskva dayanıqlı bir şəkildə qeyri-konstruktiv siyasət həyata keçirərək Qarabağ separatistlərini və əlbəttə, Ermənistanı müdafiə edir ki, Dağlıq Qarabağ hərbi –siyasi teatrı Azərbaycanın xeyrinə dəyişməsin, Azərbaycanın torpaqları ermənilərin nəzarəti altında qalmaqda davam etsin və bütün Dağlıq Qarabağ hərbi –siyasi teatrı rahat və cəlbedici tələ kimi azərbaycanlıları və eləcə də erməniləri öz cazibəsində saxlasın, eyni zamanda iki post-sovet ölkəsini - Azərbaycanı və Ermənistanı “sapdan asılı vəziyyətdə” tutmaqda köməkçi olsun.

Amma cəmi bircə il bundan əvvəl, Ermənistanın müstəqillik dövrü ərzində ilk dəfə olaraq Rusiya və onun forpostu arasında “siyasi çat” yarandı və bu günədək Kreml İrəvandakı yeni hakimiyyətə münasibətdə müəyyənləşə bilməyibdi – onları gah “Sorosun və ya ABŞ-ın uşaqları” adlandırır, gah da energetik təzyiq rıçaqlarını işə salır, amma nə qədər təəccüblü olsa da, ən gözlənilən və ehtimallı addımı atmır, Ermənistanı Dağlıq Qarabağla cəzalandırmağa tələsmir.

Bəli, “məxməri inqilab”ın artıq ikinci ili adlasa da Moskvanın məramını başa düşmək olmur.

Biz əlbəttə, rusiylaı politoloqların, xüsusən də Kremlə yaxınlığı ilə seçilənlərin çıxış və bəyanatlarından vəziyyəti başa düşməyə çalışır və bir nəticə əldə etməyə cəhd edirik.

Amma təəssüf, burada da tam pərakəndəlik hökm sürür: heç başa düşmək olmur ki, bizim rusiyalı analitiklərin beynində nələr qaynayır və onlar nə düşünürlər? Biri iddia edir ki, guya S.Sarqsyan hakimiyyəti işğal olunmuş torpaqların bir hissəsini qaytarmağa hazırlaşırdı, digəri belə söyləyir ki, guya Paşinyan da bunu istəyir, amma siyasi opponentlərindən ehtiyat edir, üçüncüsü isə israr edir ki, guya ki, İrəvan növbəti müharibəyə hazırlaşır, çünki Paşinyanın və komandasının reytinqi günbəgün düşür və belə bir vəziyyətdə yalnız müharibə ilə ölkə əhalisinin diqqətini digər daxili problemlərdən yayındırmaq mümkündü.

Amma bizə elə gəlir ki, Dağlıq Qarabağ hərbi-siyasi teatrı regional siyasətdə yeganə bir sahədir ki, Rusiya onu dəyişməz saxlamağa çalışır, çünki bu problemin yaxın vaxtlarda həlli Kremlin planlarına daxil deyil və Moskva daha çox ondan ehtiyatlanır, İrəvan birdən Qərb diplomatlarının və siyasətçilərinin tövsiyyələrini, bəzən isə tələblərini eşidib Bakı ilə yaxınlaşmaq kursu tutar və Moskvanı oyundan kənar bir vəziyyətdə qoyar.

Ona görə də əminik ki, N.Paşinyan hakimiyyətini hər tərəfdən sıxan Kreml bütün hallarda Qarabağ məsələsini toxunulmaz saxlayır. Bu yaxın günlərdə xarici işlər naziri S.Lavrov bildirdi ki, Dağlıq Qarabağla bağlı onun heç bir planı yoxdur.

Bu isə o deməkdir ki, Ermənistanın yeni hakimiyyəti anlamalı, ən başlıcası da arxayın olmalıdır ki, Qarabağ xəttilə hələki onlara heç bir təzyiq olmayacaq və təzyiq o vaxt olacaq ki, Ermənistan Rusiyanın otuz illik senarisindən kənara çıxmağa çalışacaq.

Odur ki, xanım Zaxarova bu dəfə haqlıdır: Rusiyanın siyasəti dayanıqlı və ölçülüb-biçilmişdir.

Əgər Kreml qəfil özünün Dağlıq Qarabağ vektorunu dəyişməyə qərar versə, çətin ki, bundan ötrü Bakının xidmətinə müraciət etsin – yox, onu belə variant qane etmir, çünki bu halda vəziyyət digər tərəfin – Bakının xeyrinə dəyişə bilər və bu da münaqişənin otuz illik arxitekturasında çox kardinal dəyişikliklərə gətirib çıxara bilər.

Kremldə bunu qəti arzulamırlar, ona görə ki, belə bir halda Dağlıq Qarabağ məsələsi özünün təyinatını – missiyasını itirər və Moskva eyni zamanda iki post-sovet ölkəsinə təsir imkanlarından məhrum olar...

Hüseynbala Səlimov