İndiki məqamda Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilata başçılıq edir İndiki məqamda Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilata başçılıq edir
  • Yazarlar
  • 29 Noyabr 2019 08:22
  •  12 803

Generallar yenə də Bakını seçdilər...

İndiki məqamda Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilata başçılıq edir

Güman ki, generalların Bakıda müzakirə etdikləri məsələlər tam məxfidirlər: hər halda, dünyanın iki əsas hərbi blokunun təmsilçiləri mətbuat - konfransları keçirmir, jurnalistləri qəbul etmir və onların suallarına cavab vermirlər.

Odur, demək olar ki, yerli və ya əcnəbi siyasi təhlilçilər, hərbi politologiya və ələlxüsus da hər şeyə daha dərin marağı ilə seçilən regional və qlobal təhlükəsizlik məsələləri üzrə mütəxəssislər müzakirə predmetləri ətrafında yalnız müxtəlif hipotetik fərziyyə və mülahizələr qurmaqla məşğuldurlar.

Bizim sırf yerli – azərbaycanlı jurnalistlərə gəldikdə isə, onları NATO və Rusiya generallarının müzakirə etdikləri problemlər elə də maraqlandırmır,- onların nəzərincə bu cür görüşlərin Bakıda keçirilməsi faktının özü artıq yetərlidir, çünki bu cür görüşlər istər-istəməz insanların gözündə Bakının geosiyasi çəkisini artırır və istər - istəməz milli qürur predmeti kimi çıxış edir.

Belədə isə, NATO və Rusiya generallarının müzakirə etməli olduğu çox problemlər var, çünki bizim kürəşəkilli planetimizdə elə nöqtə yoxdur ki, orada bu iki hərbi - siyasi Blokun maraqları toqquşmasın. Xüsusən də rusiyalı mütəxəssislər daim şikayət edir ki, NATO Rusiyanın sərhədləri boyunca özünün hərbi infrastrukturunu genişləndirir, onu üzük qaşı kimi hər tərəfdən əhatə edir.

Əlbəttə ki, bizi daha çox iki Blokun keçmiş sovet məkanında toqquşduğu ünvanlar maraqlandırır. Qeyd etmək lazımdır ki, Şimali Atlantika Bloku yaxın vaxtlarda əski Baltik respublikaları və Polşa ilə bağlı yeni strategiya və taktika qəbul etməyi planlaşdırır. Bundan başqa, yeni, daha bir toqquşma müstəvisi rolunda Ukrayna çıxış edir, çünki lap əvvəldən məlum idi ki, bütün Ukrayna maydanlarının həm də çox ciddi geosiyasi məqamları da var.

Bilavasitə bizim Cənubi Qafqaz regionuna gəldikdə isə, əlbəttə ki, NATO-nun ən yeni ambisiya ünvanı qismində indiyədək Gürcüstan çıxış edirdi və bu gün də həmin rolu saxlamaqdadır. Elə bu səbəbdən də Gürcüstandakı ən son hadisələr siyasi müşahidəçiləri həm də bu aspektdən narahat edir – belə ki, Tiflisin qərbyönümlü dövlət olması təkcə fonetik-akustik məzmun kəsb etmir, bu ölkədə söz və ifadə azadlığı, azad və demokratik seçkilər təkcə gəlişigözəl şüar olmamalıdır.

Amma etiraf etmək lazım gəlir ki, hazırda qonşu ölkədə elə proseslər cərəyan edir ki, onlar qeyri - formal olaraq NATO üzvü sayılan, barəsində hətta ABŞ Konqressinin “Dəstək Aktı” qəbul etdiyi ölkə üçün yumşaq şəkildə desək, tamam biabırçılıqdır.

Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, “Gürcü arzusu”nun lideri B.İvanişvili öz vədini yerinə yetirmək əvəzinə müxalifətə açıq şəkildə siyasi alver təklif edir və bildirir ki, müxalifətin mandatlarının sayını artırmaq üçün onun koalisiyası bəzi majoritar dairələrdə namizədlər irəli sürməyə bilər.

Prinsipcə, təkcə belə təklifin özü demokratik Gürcüstan üçün açıq biabırçılıqdır, çünki söhbət normal siyasi yarışdan və ya rəqabətdən yox, hakim partiyanın təklif etdiyi sədəqən və ya bəzi müxalifət təmsilçilərinin satın alınmasından gedir ki, çətin, Gürcüstan müxalifəti bununla razılaşmalı olsun...

Amma problemin başqa tərəfi də var: müxalifət seçki islahatları platformasında kütləvi etirazlar təmin edə biləcəkmi? Axı məlumdur ki, belə siyasi çağırışlar adi vətəndaşları elə də cəlb etmir, çünki hətta təcrübəli politoloq da dərhal belə bir suala cavab verə bilməz ki, gürcü reallıqları üçün hansı seçki sistemi daha yararlıdır – axı hər sistemin öz üstünlükləri və çatışmazlıqları var.

Gürcüstan müxalifətinin məhz proporsional sistemə keçiddə israr etməsinin də səbəbi aydındır – belə ki, “Gürcü arzusu” koalisiyası müxtəlif qruplardan və partiyalardan ibarətdir və onların bir partiya olaraq seçkidə daha çox səs toplayacağına ümid böyük deyil...

Amma Gürcüstanın qəti güzəştə getməməyə qərar verən hakim partiyası və yaxud da geri çəkilmək istəməyən müxalifəti hər şeyi yetərincə qötür-qoy edibdirmi? Biz dəfələrlə yazmışıq ki, “rəngli inqilablar” elə çiçəklər kimidir, çiçəklər isə yalnız istixanalarda çiçəkləyir...

Bütün bu proseslərin Azərbaycanın siyasi və geosiyasi tarazlığına təsirinə gəldikdə isə, əlbəttə, dünyanın iki aparıcı Blokunun generalının görüş üçün yenə də (bu il artıq ikinci dəfə!) Bakını seçməsi o deməkdir ki, ölkəmizin hərbi - siyasi seçimi dünyanın böyük güclərində etimad və hörmət yaradır, xüsusən də indiki məqamda – o vaxt ki, Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilata başçılıq edir.

Amma biz də hansısa bir siyasi vakuumda yaşamırıq və hətta 120-dən çox üzvü olsa da, Qoşulmama Hərəkatı da heç də ideal, necə deyərlər, yağış suyunu tamamilə buraxmayan ideal çətir deyil –yox, regionda və bəzən də qlobal məkanda cərəyan edən proseslərin bizə də təsiri vardır.

Təsadüfi deyil ki, bu son vaxtlarda Azərbaycan rəsmilərinin də çıxışlarında müxalifətin, daha doğrusu, özünü radikal adlandıran müxalifətin də adı çox hallanır – di gəl, belə hal, dinamik, özünə kənardan baxmağı bacaran bir təşkilat üçün qətiyyən qorxulu deyildir, xüsusən də nəzərə alanda ki, indi Azərbaycanda müxalifətdən yox, onun pərakəndə qəlpələrindən danışmaq daha məntiqlidir...

Hüseynbala Səlimov