Prezidentin sərgilədiyi duruş: vətəndaşımız arxayın ola bilər

Prezident İlham Əliyev insanların istəyinə cavab vermiş oldu

Prezident İlham Əliyevin Az.TV, İTV və Xəzər TV-yə müsahibəsi siyasi təhlilçilər üçün yeni və hələ uzun müddət diqqət mərkəzində qalacaq material vermiş oldu. Müsahibənin geniş spektri əhatələməsi, Prezidentin istər iç, istərsə də dış siyasət məsələlərini çox aydın və tutarlı izah etməsi, Azərbaycanın özəlliklə də coronavirus pandemiyası dönəmində gördüyü işlərə diqqət çəkməsi indiki şəraitdə hər kəs üçün gərəklidir. Çünki pandemiyanın yaratdığı obyektiv rahatsızlıq fonunda təbii ki, insanlar ölkə rəhbərindən ümidverici və izahedici sözlər eşitmək istəyir. O baxımdan Prezident İlham Əliyev bu müsahibəsində həm ümidverici, həm də izahedici fikirləri ilə insanların bu istəyinə cavab vermiş oldu.

Biz cənab Prezidentin müsahibəsindən bir daha belə anladıq ki, dövlət son ana qədər vətəndaşın yanında olmaqda qərarlıdır. Bundan başqa önləyici tədbirlər ilk günlərdə olduğu kimi – eyni intensivliklə davam etdiriləcək. Yəni bizim dövlətimiz oturub insanların yoluxmasını gözləmək, sonra əlavə tədbirlər görmək fikrində deyil. Ona görə də xəstəxana sayı artırılır, yeni xəstəxanalar tikilir, ən irəli texniki təchizatla təmin edilir. Azərbaycan hazırda bu xəstəliklə mübarizə üçün dünyada mövcud olan ən üstün ixtiraları əldə edib vətəndaşın istifadəsinə verən ölkələrin önündə gedir.

İlham Əliyev müsahibəsində Dünya Səhiyyə Təşkilatı ilə işbirliyi və pandemiyadan əziyyət çəkən 30-dan artıq ölkəyə Azərbaycanın yardım göndərməsinə də toxunub. Ayrıca reklam etmədən edir dövlətimiz bunları. Bizim dövlətimizin rəhbəri yalnız özümüzü deyil, bütün bəşəriyyəti düşünür və bütün dünyanın qurtuluşuna öz töhfəsini verməyə çalışır. Ona görə də Türk Zirvəsi, Qoşulmama Hərəkatı kimi dövlətlərarası qurumların yüksək səviyyəli onlayn toplantılarını məhz Azərbaycan təşəbbüs etmiş və keçirmiş, hazırda da BMT Baş Məclisinin çağırılması üçün irəli sürdüyü təşəbbüsə 130 dövlətin dəstəyini almışdır. Prezidentin də sözüylə desək, bu dəstək Azərbaycanın illər öncə BMT Təhlükəsizlik Şurasına seçilməsi zamanı qazanılmış 155 dövlətin dəstəyinin – qlobal etimadın təkrarı kimi qəbul edilə bilər.

Müsahibədən görüntü

Siyasi müxalifətin radikal kəsiminə də toxunan Prezident İlham Əliyev onları kədərləndirəcək fikirlər səsləndirib. O, qeyd edib ki, pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyata mənfi təsirini göstərib. Lakin durum heç də faciəvi-fəlakətli deyil. Hətta o qədər ki, dövlət heç bir sosial layihədən imtina etmir, əksinə, onları daha intensiv şəkildə gerçəkləşdirməkdədir. Bu isə o deməkdir ki, sosial layihələrin hədəf qrupuna aid kəsim dövlətdən – Prezidentdən razı qalmağa davam edəcək. Yəni neftin qiymətinin 14 dollara düşməsini bayram edən radikallar Azərbaycanda arzuladıqları çöküşü görə bilməyəcəklər.

Maraqlı faktlardan biri də budur ki, fevral ayında Azərbaycanda koronavirusu aşkarlamaq üçün cəmi 6 laboratoriya olub. Prezident müsahibəsində bu məsələyə də toxunaraq qeyd edib ki, dövlətimiz qısa müddət ərzində bu rəqəmi 29-a çatdırıb, əlavə 15 laboratoriya da sifariş edilib. Yaxın vaxtlarda test laboratoriyalarının sayı 44-ə çatmış olacaq. İlham Əliyev onu da qeyd edib ki, ölkəmiz davamlı koronavirus testi aparmaqla ən yaxşı nəticələrdən birini göstərməkdir. Hazırda Azərbaycanda 500 mindən çox test gerçəkləşdirilib.

İşğalçı Ermənistanla bağlı danışarkən Prezident maraqlı bir müqayisə də aparıb: “Azərbaycan neftinin qiymətinin düşməsinə bir Ermənistan, bir də özünə “milli şura” deyən radikallar sevinir”. Bununla İlham Əliyev onların mahiyyətinin Ermənistandan fərqli olmadığını bir daha vurğulamış olur.

Müsahibənin ümumi mənzərəsi, Prezidentin danışarkən sərgilədiyi əminlik və arxayınlıq ondan xəbər verir ki, Azərbaycan dövləti dünyanı sarmış koronavirus pandemiyası dövründə də yetərincə etibarlı əllərdədir. Belə bir durum isə məhz indiki vaxtda hər bir Azərbaycanlıya – vətəndaşa hava və su kimi lazımdır. Çünki bəzən insanlar durumla bağlı psixoloji rahatsızlıq keçirir, sabah nə olacağını bilmək istəyirlər. Belə bir şəraitdə Prezident İlham Əliyevin geniş müsahibə verərək bütün suallara aydınlıq gətirməsi çox yerinə düşmüş oldu.

Azər Həsrət