Məşədi Molla Mehdini xatırlayaq Məşədi Molla Mehdini xatırlayaq

Yuxuma girməyən Laçın

Məşədi Molla Mehdini xatırlayaq

1905-ci ilin yazında qonşu ermənilər yaşayan Xoznavar kəndindən bir dəstə silahlı fədai Zəngəzur mahalındakı Sadınlar kəndini səhər erkən mühasirəyə alırlar. Qəfil yaxalandıqlarından silahsız dinc əhalinin əksəriyyəti heç geyinməyə də macal tapmır. Kənddən ancaq üç-dörd yerdən ermənilərə tərəf atəş açılır. Pərən-pərən düşən camaat dərə yenişə Qarıqışlaq və Quşçu kəndləri istiqamətində qaçır. Qaçanların əksəriyyəti qadın və uşaqlar olub. Kişilər silahsız olsalar da, ermənilərə müqavimət göstəriblər. Həmin gün 32 nəfər sadınlarlı vəhşicəsinə qətlə yetirilir, evlər yandırılır.

Nənəm həlak olan kənd igidlərinin yadında qalanların adlarını çəkər, qətlə yetirilən bacısı Abuhəyatdanda da söz açar, acı-acı ağlardı. On üç yaşında gördüklərini əlli altmış il sonra danışanda da yaşadıqları dəhşətin izləri sifətinə çıxar, urfu çəkilir, əsməcə tutardı onu. Qaçaraq Qılınclı kəndində böyük din alimi Məşədi Molla Mehdinin evində sığınacaq tapdığını, onun həyat yoldaşının lüt-üryan qızcığaza paltar tikdiyini, təsəlli verdiyini, tezliklə evlərinə qayıdacağını söylədiyini danışırdı nənəm. Mehdi Xorasanda dini təhsil almış, vətənə qayıdandan sonra əhali arasında dinin təbliği ilə məşğul olmuşdu. O, riyaziyyat, ədəbiyyat, astranomiya elmlərini də mükəmməl bilirdi. Təmizliyinə, müqəddəsliyinə görə heç sovet hökuməti də incitməmişdi onu. Nənəm danışırdı ki, hər səhər yuxudan duranda Məşədi Molla Mehdi məndən soruşurdu ki, Hürizad, qızım, yuxuda nə gördün? Mən də gah anamı, gah da ermənilər öldürən bacımı gördüyümü deyirdim. O isə dərhal “çox şükür”, “allah, sənə şükürlər olsun” deyər, qoşa əllərini səmaya tuşlardı. On üç yaşlı uşaq bu hərəkəti yəqin ki, dərk etmir, bəzən də mollanın nəyə şükür etdiyinə təəccüblənirdi. Aylar keçdi, vaxt dolandı...

Həyatı dərk elədiyim anlardan nənəmin erməni-müsəlman davasının dəhşətləri haqqında danışdıqları ilə formalaşır, düşüncələrimdə bir düşmən obrazının yarandığını dərk edirdim. Erməninin üzün görməmişdən onu düşmən seçmişdim özümə.

Böyüdükcə bizim dərə boyu yerləşən kəndlərdə erməni-müsəlman davası barədə yüzlərlə tükürpədici epizodlar eşidir, sovet dövrünün şərtləri daxilində bu məsələləri özlüyümdə dəyərləndirməyə çalışırdım.
Hadisələrin səbəbləri, erməninin bizə düşmən olduğu, nədən bu davaların qarşısının alınmadığını dərk etsəm də təkcə Məşədi Molla Mehdinin Allaha şükür etməsinin səbəbi mənə çatmırdı.
İnstitutda oxuyanda yay tətilində kəndimizə gəlmişdim. Bir dəfə məni narahat edən bu məsələni nənəmə dedim. O, təəccübləndi, amma mənim marağıma diqqət də yetirdi. Günlərin birində nənəmlə Qılınclı kəndinə getdik. Qızıl qayadan bir az keçmiş sağ tərəfə çönüb bağlı-bağatlı dərin bir dərə boyu dar bir cığırla kəndə tərəf qalxdıq. Nənəm kəndə çatanda bir evin həyətinə döndü. Öncə ağbirçək qadın bizi qarşılayıb içəri dəvət etdi. Danışıq, söz-söhbət, hal-əhvalın gedişində duydum ki, üz-gözündən nur yağan, danışığından hikmət tökülən, davranışından müqəddəslik təravəti saçılan Məşədi Molla Mehdi, nənə və nəvənin gəlişindən azca təəccüblənmiş kimi görünürdü. Mən bilirdim ki, bu müqəddəs din adamı nadir hallarda Quran açar, xoşməramlı dualar yazar, eyni zamanda, dələduz mollaların etdiklərinin hamısına nifrət edər, o mövzularda müraciət edənləri nəvazişlə danlardı.

Çay-çörəkdən sonra nənəm və mən bir-birimizin sözün kəsə-kəsə, fikirləri tamamlaya-tamamlaya gəlişimizin məqsədini açıqladıq. Başını tərpədə-tərpədə bir neçə dəfə “baho-baho” deyəndən sonra “bərəkallah, bərəkallah” söylədi və fikrə getdi. Xeyli keçəndən sonra başını qaldırdı və düz gözlərimin içinə baxdı. Qəribə, yarıtilsimli bir aləmdə hiss edirdim özümü. Kal, doluxmuş, boğanaq bir səslə:

– Hürizad nəvən məni neçə illər dala, Xorasanda təhsil aldığım illərə qaytardı. – dedi – Bala, bu yayın istisində qoca arvada da əziyyət verərək bu boyda yolu gəlmisən, mən sənə borcluyam. Öyrədən öyrənənə borcludur həmişə. Bir də ki səndə bu təpər ki var, yəqin Allah məsləhətidir bu gəliş.
Yerdən döşəkçələrin üstündə bardaş qurmuşduq. Azacıq qabağa əyilib heç kəsin üzünə baxmadan danışmağa başladı Molla Mehdi:

– Mən İranda neçə illər təhsil aldım. Məşhur bir ruhani mənim qəribliyimi, kasıb vəziyyətimi görüb öz evində saxladı və mükəmməl təhsil almağımı təmin etdi. Xeyli müddət keçəndən sonra hiss etdim ki, evin qızı mənə biganə deyil. Başa düşdüm ki, məsələni onun valideynləri də hiss ediblər. Amma hər şey pərdəli idi və mənim məqsədim dini təhsili başa vurub vətənə dönmək idi. Vətəndə gözaltım da var idi. – Bunu deyib barmağını həyat yoldaşına tərəf tuşladı və üzünə utancaq bir təbəssüm qondu. Qadın da yaşmağını düzəltdi və baş yaylığını bir az gözü üstünə çəkdi. – Bu məsələ bəyan olan andan evin xanımı və mənim müəllimim çox nəzakətlə, incəliklə, eyhamlarla qızlarına qarşı fikrimi öyrənmək istəyir və abırlı ustalıqla bu işin baş tutması üçün məni yönləndirirdilər də.

Hərdən-hərdən müəllimim məndən soruşurdu: Mehdi yuxu görürsənmi, nələr gəlir yuxuna, heç kəndiniz yuxuna girirmi? Mən də düzünü deyirdim ki, müəllim atamı, anamı, kəndlilərimizi görürəm yuxularımda. O, ardınca soruşardı kəndiniz yuxuna girirmi? Düzü heç kəndimiz girmirdi yuxuma. İstəyirdim ki, yuxuda kəndimizi də görüm, yadıma elə düşürdü ki, amma görə bilmirdim.

Hər dəfə yox kəlməsini eşidəndə müəllimin sifəti alınırdı. Mən də fərqinə varmırdım.
Nəhayət ayrılıq məqamı çatdı. Böyük izzət və hörmətlə məni qapıdan yola salanda evin qızı yavaşdan mənə dedi ki, “səni övlad üzünə həsrət qalasan”. Mən bu qarğışın səbəbini bildiyimdən cavab da vermədim. Kəndin ortasında müəllim tələbə qucaqlaşdıq, öpüşdük. Ayrılığın son məqamında o, dedi. Mehdi, mən istəmirdim sən gedəsən, ailəmiz də istəmirdi. Amma mən bilirdim ki, sən vətənə dönəcəksən. Hələ İslamdan öncə Zərdüştlük vaxtından belə bir əlamət var ki, qəriblikdə olan kimsə yuxularında vətəni görmürsə, o, mütləq doğulduğu yerə, yurda qayıdacaq. Bu fikir həmişəlik beynimə həkk olundu. Qaçhaqaç vaxtı ona görə şükr edirmişəm ki, Hürizad yuxularında kəndini görmürdü. Mən də şükr edirdim ki, bu yetim kəndlərinə, elinə, obasına dönə biləcək. Oğul, o qızın qarğışı da məni tutdu. Övladımız da olmadı...
Mən ani olaraq nəzərlərimi ağbirçəyə tərəf çevirdim. Baş bir az da sinəyə yenmişdi, yaylığın sallanan ucunu didirdi...

Sağollaşdıq, halallaşdıq, qapıdan çıxanda:

– Hürizad, bu nəvən sənin qisasını alacaq dedi, – Mehdi kişi!

Həyatın axarında bu söhbətin təfərrüatlarını unutduğumu zənn edirdim. Laçınsızlıq mənə həyatımı yenidən yaşatdı. Ömrümün hər anını, kiçicik həyat hadisələrini, adi deyimləri və münasibətləri də təkrar-təkrar yaşadım. Xatırladım, həqiqətdə olduğu kimi canlandırmağa çalışdım, qırx iki illik vətən ömrümü eninə, boyuna gəzişdim, yanıb-yaxıldım. Elə bir anım olmur ki, Vətən bir neçə saniyə də olsa yadımdan çıxsın.

Yuxular da görürəm. Nə Laçın girir yuxuma, nə də kəndimiz Qarıqışlaq... Var ol, baba Zərdüşt, yerin behişt olsun, xorasanlı ruhani, qəbrin nurla dolsun, Məşədi Molla Mehdi. Yuxunuza Laçın girməsin, laçınlı döyüşçülər!

Akif SƏLİMOV