Artıq 10 aya yaxındır ki, uşaqlar məktəbdən, gənclər auditoriyadan uzaq düşüblər Artıq 10 aya yaxındır ki, uşaqlar məktəbdən, gənclər auditoriyadan uzaq düşüblər

Təhsildə "Pandemiya dərsi"

Artıq 10 aya yaxındır ki, uşaqlar məktəbdən, gənclər auditoriyadan uzaq düşüblər

COVID-19 pandemiyası dünyanın əksər ölkələrini və ictimai həyatın bütün sahələrini əhatə etdi. Təhsil sistemi də istisna olmadı. Sosial təcrid bu gün də koronavirus infeksiyasının qarşısını alma yollarından biri olaraq qalır. Bu yönümdə həyata keçirilən tədbirlər təhsil müəssisələrinin və müvafiq infrastrukturun qismən və ya tamamilə bağlanmasını tələb edir.

Nəticədə dünyada 1,5 milyarddan çox məktəbli və tələbə (təhsil alanların ümumi sayının 91,3%-i) təhsil ocaqlarından uzaq düşüb. Mövcud şəraitdə dövlət qurumları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlərin özləri və valideynləri yeni təhsil mühitinə uyğunlaşmağa çalışır, məsafədən ünsiyyətin müxtəlif formatlarını mənimsəyirlər.

Pandemiya sivilizasiyanın rəqəmsal reallığa keçidi dövründə dünyanın inkişaf etmiş ölkələrində dövlət və cəmiyyət qarşısında duran aktual problemləri qısa müddət ərzində inanılmaz dərəcədə qabartmaqla yanaşı, insan həyatının müxtəlif sahələrində sürətli dəyişikliklərin katalizatoruna çevrildi.

Dünyanın müxtəlif ölkələrində təhsil rəhbərləri çətin bir seçimlə qarşılaşdılar: təhsil proseslərinin onlayn-mühitə köçürülməsinə cəhd göstərilməsi və ya müvafiq müəssisələrin fəaliyyətini müvəqqəti dayandıraraq təhsil prosesinə fasilə verilməsi.

Birinci yola üstünlük vermiş ölkələr əksər hallarda rabitə kanallarının mövcudluğundakı fərqlər, avadanlıq və proqram çatışmamazlığı, telekommunikasiya xidmətlərinin yüksək qiyməti kimi bir sıra ümumi problemlərlə üzləşmiş oldular.

Bu problemlər bizim ölkəmizdən də yan keçmədi. Artıq 10 aya yaxındır ki, uşaqlar məktəbdən, gənclər auditoriyadan uzaq düşüblər. Təhsildə fasiləsizliyin təmin edilməsinin yeganə yolu İnternet üzərindən qurulan ünsiyyətdir ki, bu da həm təhsil verənləri, həm də təhsil alanları ciddi problemlərlə üz-üzə qoyur.

Pandemiyanın yaratdığı və cəmiyyətin kifayət qədər hazırlıqlı olmadığı şəraitin gələcəkdə təkrarlanmamaq ehtimalının heç də az olmadığını nəzərə alaraq “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi bir sıra təkliflərin irəli sürülməsini vacib hesab edir:

Birincisi, pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi nəticəsində təhsil prosesinə dəymiş ziyanın müəyyənləşdirilməsi və ölçülməsi, məsafədən təhsilin onun keyfiyyətinə mümkün mənfi təsirinin proqnozlaşdırılması və müvafiq tədbirlər paketinin hazırlanması məqsədilə təhsilin idarə olunması istiqamətində fəaliyyət göstərən qurumlarda peşəkar mütəxəssislərdən ibarət xüsusi struktur bölmələrin və ya işçi qruplarının yaradılması.

İkincisi, təhsil prosesi iştirakçılarının canlı ünsiyyətdən təcrid olunmuş şəraitdə psixoloji və sosial dəstəklənməsini təmin etmək məqsədilə peşəkar mütəxəssislərdən ibarət kadr ehtiyatlarının müəyyənləşdirilməsi, təhsil müəssisələrində çalışan psixoloqlar və İKT mütəxəssislərindən ibarət çevik “təcili yardım” qruplarının formalaşması və onların iştirakı ilə onlayn-təlimlərin təşkili.

Üçüncüsü, karantin rejimində internet şəbəkəsi üzərinə düşən yükün yüngülləşdirilməsi məqsədilə elektron KİV-lərin məktəb fənlərinin məsafədən tədrisi prosesinə sistemli şəkildə cəlb edilməsi (təcrübə göstərdi ki, müxtəlif fənlər, elm və bilik sahələri üzrə əyani vəsait qismində təsiredici qüvvəyə və geniş əhatə dairəsinə malik olan televiziya efirimiz cəmiyyəti qayğılandıran təhsil problemlərindən olduqca uzaqdadır);

Dördüncüsü, Təhsil Nazirliyinin tabeliyində orta, orta-ixtisas və ali təhsil müəssisələrində tədris edilən fənlər üzrə elektron dərsliklər, dərs vəsaitləri, tədris lüğətləri və digər məlumat ədəbiyyatının, müəllimlər üçün elektron metodiki göstərişlərin, valideynlər üçün elektron məsləhət və yaddaş kitabçalarının təxirə salınmadan tərtib edilməsi və internet şəbəkəsinin istifadəçiləri olan təhsil prosesi iştirakçılarına təqdim edilməsini həyata keçirən xüsusi qurumun yaradılması.

Mövcud vəziyyətin bütün mürəkkəbliyini və dramatizmini nəzərə alaraq, qeyd etmək lazımdır ki, bu gün hər bir birimiz ölkə təhsilinin yeni reallıqda davamlı inkişafına dəstək göstərməli, uşaqlarımızın gələcəyi naminə mövcud problemlərin həllində hamılıqla səy göstərməliyik.

Könül Quliyeva

Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri