Keçmiş işğalçı Ermənistanın 16 noyabrda növbəti hərbi-siyasi təxribatı dəf edildi. Zəfər qoxulu Milli Dirçəliş Günümüz ərəfəsindəki bu təxribat nəyi ifadə edirdi, Uğursuz dövlətlə nə etməli, necə davranmalı? Keçmiş işğalçı Ermənistanın 16 noyabrda növbəti hərbi-siyasi təxribatı dəf edildi. Zəfər qoxulu Milli Dirçəliş Günümüz ərəfəsindəki bu təxribat nəyi ifadə edirdi, Uğursuz dövlətlə nə etməli, necə davranmalı?

Ermənistanla nə etməli?

Keçmiş işğalçı Ermənistanın 16 noyabrda növbəti hərbi-siyasi təxribatı dəf edildi. Zəfər qoxulu Milli Dirçəliş Günümüz ərəfəsindəki bu təxribat nəyi ifadə edirdi, Uğursuz dövlətlə nə etməli, necə davranmalı?

Bəri başdan vurğulayaq ki, Ermənistanın hərbi-siyasi təxribatı nəticəsində yaranmış gərginliyə, qarşıdurmaya görə məsuliyyət birmənalı və təkzibolunmaz şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Gəlin hərbi əməliyyatların gedişini, bu əməliyyatlara qədərki durumu və sonucları xronoloji ardıcıllıqla sıralamağa çalışaq:

Uğursuz dövlətin ardıcıl təxribatları

Ermənistan hərbi-siyasi rəhbərliyi (bütün dünya erməniliyi) 44 günlük müharibədə ağır məğlubiyyəti, müharibəsonrası dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək, əvəzçıxmaqçün tarixi məlubiyyətinin birinci ildönümündən (bizim Zəfər Bayramı Günündən) başlayaraq Ordumuzun önxətdə qulluq edən bölmələrinə qarşı təxribatlara əl atdı. Sanki 12-16 iyul 2020-ci il tarixində baş vermiş Tovuz Döyüşləri ssenarisi təkrarlanırdı...

- Azərbaycan xalqı ilk dəfə Zəfər Gününü bayram etdiyi vaxt ermənilər Şuşa həndəvərində təxribat törətməyə cəhd göstərdi;

- Noyabrın 9-u (Azərbaycanın Bayraq Günü) döyüş bayraqlarını müharibə meydanında qoyub-qaçmaqda rekordlar sahibi olan Ermənistan silahlı qüvvələri Basarkeçərin Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcərin Yellicə yaşayış məntəqəsi səmtindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutdu;

- Noyabrın 9-da Qaragöl hədəvərində düşmənin 60 hərbçisinin bizim Ordumuzun mövqelərinə aparın təminat yolunda yerləşdirilməsinə cəhd göstərildi. Şanlı Ordumuzun bölmələri gərəkəni yapdı: görülən zəruri tədbirlər sonucunda erməni hərbçiləri mühasirəyə alındı, onların bütün hərəkətləri məhdudlaşdırıldı. Səhər saatlarınadək o vəziyyətdə saxlanan (daha betər müaliməni də haqq edən) uğursuz dövlətin məğlub ordusunun rəzil hərbçiləri Rusiyanın xahişi nəzərə alınaraq azad edildi. Rusiyanın eyni həssasiyyəti niyə yalnız Ermənistana, ermənilərə göstərdiyi də ayrı bir mövzudur; I Qarabağ müharibəsindəki oxşar hallara yaxud rəsmən Rusiyanın vətəndaşı olan Kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin 6 il boyunca qondarma rejim tərəfindən qanunsuz həbsdə saxlanmasına laqeyid yanaşan Rusiya, belə can-fəşanlıqla haraya qədər və hansı etibar və əyarda “qurtarıcı” ola biləcək?.. Bəli, Azərbaycan hərbçiləri o 60 rəzil erməni hərbçisinin geri dönməsinə şərait yaratdı, ancaq rəsmi açıqlama yapıldı ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaq;

- Noyabrın 13-də səhər saatlarında Şuşanın yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinin postuna qumbara ataraq növbəti terror aktı törətdi, 3 hərbçimiz yaralandı. Rus sülhməramsızları terrorçunu bizə təhvil verməkdənsə, hələ də Xankəndindən İrəvana göndəriləcəyi barədə məlumatlar dolaşmaqdadır;

- Ardınca Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçərin Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərin Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutdu. – Buna hər hansı bir zəruət yox idi, əgər Ermənistan illa da ehtiyac dumuşdusa bu əydəmli, ziyanlı, zərərli “zərurət”di və çanaq Ermənistanın başında çatdamalaydı, əlbət;

- Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçərin Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərin Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən mövqelərini növbəti dəfə atəşə tutdu;

- Noyabrın 16-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhəddinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi. Bu, bardağı daşıran son damlaydı! Bir qədər öncə vurğuladıq ki, “təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaq” – oldu da!

Uğursuz və məğlub dövlətin hərbi birləşmələri dövlət sərhəddimizin Laçın-Kəlbəcər səmtindəki yüksəklikləri ələ keçirməyə, adına bayraq dedikləri əski parçasını bizim dağlara sancmağa, bir sözlə, hərbi üstünlüyə nail olmaqla, əvəzçıxma üçün daha əlverişli mövqelərə yiyələnməyə çalışırdı.

Keçmiş işğalçının hərbi bölmələri şanlı Ordumuzun mövqelərini artilleriya qurğuları başda olmaqla, müxtəlif çaplı atıcı silahlardan, qumbaraatan və b. silahlardan intensiv atəşə tutdu. Əvəzçıxma peşində olan düşmənin döyüş aktivliyinin qarşısını almaq lazımdı və təxirəsalınmaz tədbirlər görən şanlı Azərbaycan Ordusunun Laçın-Kəlbəcər istiqamətində xidmət aparan bölmələri Dəmir Yumruğun yerində olduğunu düşmənə bir daha göstərdi.

Şanlı Ordumuzun bölmələri öz qarşılarında duran görəvləri əksiksiz yerinə yetirdi, düşmənin göz dikdiyi bütün strateji yüksəkliklər, məntəqələr qorundu. Bu zaman düşmənə ağır zərbə vuruldu, düşmən Dəmir Yumruqla zarafat etməyin mümkünsüzlüyünü idrak etməkçün gərəkən dərsi almış oldu.

Genişmiqyaslı hərbi təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Uğursuz dövlətin məğlub ordusunun hücumu əməliyyat-taktiki baxımdan tam iflasa uğradı. – Ermənistan heç bir nəticə əldə edə bilmədi. Düşmənin növbəti uğursuzluğu, Azərbaycan Ordusunun sərt tədbirləri əvəzçıxma peşində olan qüvvələrə (qüvvəsizlərə) tutarlı cavab oldu. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan bölgədə təhlükəsizliyin təminatçısı olan güclü ölkədir.

Beynəlxalq reaksiyalar

Azərbaycan Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində dəfələrlə hərbi təxribatlara əl atmasını, noyabrın 16-da isə genişmiqyaslı hücuma cəhd göstərməsini çevik şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Xüsusi vurğulandı ki, yaranmış gərgin duruma görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Noyabrın 16-da Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı açıqlamalar verdi. Açıqlamalarda rahatsızlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demar­kasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulandı. Qardaş Türkiyənin yüksək reaksiyaları zatən həmişə olduğu kimi haqqın-ədalətin ifadəsiydi. Türkiyəmiz Türkiyə kimi Türkiyədir! Deyə bilərik ki, məsələyə münasibət bildirən təşkilatların, dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə prinsipcə üst-üstə düşdü. Respublikamız artıq uzun müddətdir, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, siyasi iradə nümayiş etdirir, Ermənistan isə bu çağırışlara ya reaksiya vermir ya da oyun oynmaq istəyir. Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti dəfə hərbi-siyasi təxribat törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdlərinin perspektivi yoxdur. İşə baxın ki, Uğursuz və məğlub dövlət hətta ayrı-ayrı ölkələri şantaj etməyə də cəhd göstərdi: Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi halda, Ermənistanın digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması oldu... Ümumiyyətcə Uğursuz və məğlub dövlətin ayrı-ayrı güc mərkəzlərinə müraciətləri qorxaqlığın, ermənisayaq yaltaqlığın nümunələridir. Necə deyərlər, ermənilər mənfi presedent yaratmağa, yaymağa cəhd hüququnu özündə saxlayır... Amma neynəsələr də Zəngəzur dəhlizi açılacaq, neynəsələr də Azərbaycanın tarixi qalibiyyəti bundan sonra da ikitərəfli, çoxtərəfli sənədlərdə öz təsbit, təsdiq və təntənəsini tapacaqdır.

Vətən sağ olsun!

Ermənistanın noyabrın 16-da başladığı genişmiqyaslı təxribatında ağır silahlardan istifadə olundu. Belə toqquşmalarda itkilərə yol verməmək hərbi ekspertlər tərəfindən olduqca çətin, hətta praktiki cəhətdən mümkünsüz hal sayılır. Azərbaycan Ordusundakı nizam intizam, peşəkarlıq, bölmələrimizin ən çağdaş texnika, silah-sursatla təminatı itkilərimizin minimuma endirilməsini təmin etdi. Ermənistan növbəti dəfə Azərbaycandan dəfələrlə çox itki verdi. Ermənistan tərəfi 20-dən artıq canlı qüvvə itkisi verib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah sürsat onlardan qənimət götürülüb.

Bölgəmizdəki mövcud durum göstərir ki, Azərbaycan Ordusu həmişə təxribatlara hazır olmalıdır. Ermənistan hər mümkün halda yeni təxribat törətməyə cəhd göstərəcək. Qardaş Türkiyə uzun illərdir bu tipli təxribatlardan əziyyət çəkir. Həmçinin, dost İsrailin ordusu daim belə gərginlikdə fəaliyyət göstərir, hücumlar, silahlı toqquşmalar tez-tez baş verir.

Doğrudur, Ermənistanın bütün silahlı qüvvələr mənsubları hamısı bir yerdə bizim bir əsgərimizin yerə düşən telinə dəyməz ancaq fakt faktlığında qalır, döyüşlər itkisiz olmadı: 7 hərbçimiz şəhid oldu, 10 hərbi qulluqçumuz yaralandı.

Qədirbilən xalqımız həmişə şəhidlərin xatirəsini uca tutub, onların Vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirlib.

Leytenant Ümüd Oruc oğlu Niftəliyev,
gizir Orxan Hətəm oğlu Cabbarov,
kiçik çavuş Natiq Yusif oğlu Əliyev,
əsgər Elçin Mərifət oğlu Ağayev,
əsgər Elmin Samir oğlu Əlizadə,
əsgər Elçin Ramil oğlu Əliyev,
əsgər Murad Qalib oğlu Xəlilovun əziz xatirəsi unudulmayacaq xalqımız, dövlətimiz, dünya azərbaycanlıları, qardaşlarımız, bütün Azərbaycansevərlər tərəfindən uca tutulacaq!

Şəhidlərimizin əziz ruhları qarşısında dərin sayğı ilə baş əyirik!

VƏTƏN SAĞ OLSUN!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!