İranın xarici siyasətindəki "din"

Yaxın Şərqin qan çanağına çevrilməsində İranın imzası mövcuddur.

İranın xarici siyasətinin istiqamətləri “islam dünyasını parçala və hökm sür” prinsiplərini özündə ehtiva edir, hərçənd ki, molla rejimi bunu pərdələmək üçün gah təhlükəsizlik mühitini, gah da müsəlman hüquqlarının qorunmasının adı altındakı fəaliyyətini bəhanə gətirir.

İran əsrlər boyu müsəlman coğrafiyasında davam edən sünni-şiə rəqabətini siyasi motivlərlə alovlandırır və dini müzakirələri mədəni mübahisə kontekstindən çıxarmağa can atır.

İran islam dünyasında əsasını dərin dini mübahisələr təşkil edən münaqişələrin mövcudluğunu özünün güc siyasətinin mühüm aspekti kimi görür. Bu, İranın islam dünyasını İslam inqilabı konsepsiyasının bəhrələri olan hərbi-siyasi şiəlik çərçivəsində görmək istəklərindən qaynaqlanır.

Molla rejimi islam məzhəbləri arasındakı parçalanma meyllərini zəhərli ideoloji vasitələrlə stimullaşdırır, Yaxın Şərqin qan çanağına çevrilməsində bu regionda maraqları olan böyük oyunçuların nə qədər rolu varsa, İranın da bəd əməllərdə imzası mövcuddur.

Regional təhlükəsizlik mühitini mütiləşdirib öz caynağında saxlamaq istəyən İran ideoloji bazalarının laxlamasından sonra onu yenidən dirçəltməkdə çətinlik çəkir, ölkədə tüğyan edən təlatümlər və etirazçıların molla rejiminə qarşı sərt mövqeyi Tehranı sarsıdır.

Aqşin Kərimov