5 Aprel görüşü artıq nəticəsini göstərdi

Aprelin 5-də Brüseldə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüş Bakı vaxtı ilə saat 14-də başlayıb. Görüşdən öncə keçirilən brifinqdə Avropa İttifaqı və ABŞ təmsilçiləri verdikləri açıqlamalarla əslində görüşün məqsədini və hansı məsələlərin müzakirə ediləcəyini bəyan etmiş olublar. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla normallaşma prosesinə sadiqdir. “Biz 1991-ci il Almatı bəyanatına uyğun olaraq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında Azərbaycanla normallaşma prosesinə sadiq qalırıq. Ermənistan həmçinin Almatı bəyanatı əsasında sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların ölkələrin suverenlik prinsipi əsasında açılmasına sadiqdir”, - Paşinyan vurğulayıb. Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb. O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə üçtərəfli görüşdən əvvəl bildirib ki, Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq. O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: “Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik".
Görünən odur ki, ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər. Ancaq bu addımın sadəcə görüntü məqsədi daşıdığı məhz həmin ərəfədə törədilən təxribatlardan aydındır. Üstəlik maliyyə yardımının özü belə Ermənistanın silahlandırılmasına yetəcək dəstəkdir. Əgər səmimi maliyyə dəstəyindən söhbət gedirsə, bu dəstəyə 30 ilə yaxın işğalçılığa məruz qalan, torpaqları vandalizmə uğrayan, yaşayış məskənləri, abidələri dağıdılan Azərbaycanın ehtiyacı yoxdurmu? Dünyanın iki önəmli güc mərkəzinin bir araya gələrək cırtdan Ermənistan üçün baş sındırması çox gülməli görünmürmü? Məqsəd sadəcə maliyyə dəstəyidirsə, bu qədər həngamə görüşə nə ehtiyac var ki.. Sülh Fondlarının ayırdığı yardımlar ki, həmin maliyyəni də həmişəki kimi yönləndirə bilərdilər. Demək ki, maliyyə yardımı işin sadəcə görüntü hissəsidir. İşin əsl məğzi isə Ermənistanın sülh danışıqlarından yayınmasında, kəndlərlə bağlı sabotaj ritorikasında, şərti sərhəddə aktivləşən təxribatlarında yatır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.