Bu gün “Kaspi Liseyi”ndə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyədən Giresun Universitetinin rektoru Aygün Attar arasında görüş keçirilib. Bu gün “Kaspi Liseyi”ndə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyədən Giresun Universitetinin rektoru Aygün Attar arasında görüş keçirilib.

Kaspi Təhsil Şirkəti Giresun Universiteti ilə Əməkdaşlıq Müqaviləsi imzaladı

Bu gün “Kaspi Liseyi”ndə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyədən Giresun Universitetinin rektoru Aygün Attar arasında görüş keçirilib.


AzNews.az AZADİNFORM-a istinadən xəbər verir ki, görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq və gələcək inkişaf prioritetləri müzakirə olunub.

Aygün Attar Kaspi Təhsil Şirkətinin Türkiyədə doğurduğu əks-sədadan bir azərbaycanlı olaraq qürur duyduğunu vurğulayıb, bu əməkdaşlığa çox böyük ümid bəslədiyini qeyd edib: "Getdiyim bütün Avropa dövlətlərində qarşıma Azərbaycan dövlətinin dəstəyi ilə təhsil üçün xaricə göndərilən gənc potensiallar çıxır. Azərbaycanda getdikləri ölkənin dilinə, mədəniyyətinə, elminə yiyələndikləri üçün həmin ölkələrin elm insanlarını yaxşı anlamda heyran qoyan bir gənclik formalaşır. Azərbaycan ictimaiyyətinin gözündən yayınan, görə bilmədiyi bir şey var. Azərbaycanın bugünkü idarəçiliyi 20-30 il sonrası üçün ən böyük investisiyasını həmin gənclərin təhsili ilə bağlı edib. Mən elm sahəsində işlədiyimə bunları daha yaxşı görürəm. Dünyadakı bütün iqtisadi investisiyalardan daha qüvvətlisi təhsildir. Məsələn, Amerikanı bu dərəcədə inkişaf etdirən fərqli, ağıllı beyinləri ölkəsinə toplaya bilməsidir. Azərbaycan əslində dünyanın müxtəlif ölkələrinə bilikli gəncləri seçib göndərərək möhtəşəm bir iş görür. Ölkənin gələcəyi üçün ağıllı bir strateji investisiya qoyur. Bunu gördüyüm üçün çox şadam".

Rektor qeyd edib ki, Kaspi Təhsil Şirkəti elm, təhsil sahəsində uğurlu addımlar atıb: "Burada ilk olaraq uşaq bağçasından tutmuş orta məktəbə qədər uşaqlara çox gözəl təhsil verilir. Mən istəyərdim ki, "Kaspi Liseyi" gələcəkdə universitet statusu alsın. Lap əvvəldən sona kimi təhsilin keyfiyyətini əldə saxlamaq çox vacibdir. Kaspi Təhsil Şirkəti ticarət məqsədi ilə xaricə tələbə göndərmir. Burada tələbəyə keyfiyyətli təhsil verərək biliyini yüksəldib sonra xaricə təhsil almağa göndərir. Məndə istərdim ki, Azərbaycana bu sahədə xeyrim dəysin. Ona görə bu gün burada bir protokol imzalayacağıq ki, ağıllı gənclik daha keyfiyyətli təhsil alaraq geriyə - Azərbaycana dönsün. Giresun Universitetinin 30 minə yaxın tələbəsi var. Onların da 350-dən çoxu Azərbaycandan gələn tələbələrimizdir".



Görüşdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Azərbaycanda təhsil siyasətinə dövlətin həssas yanaşdığını və bu sahədə xüsusi Dövlət proqramları qəbul edildiyini bildirdi. S.Vəliyeva qeyd etdi ki, 2015-ci il ərəfəsində müxtəlif sahələr üzrə tam püxtələşmiş 500-ə qədər gənc kadr xaricdə təhsil alaraq ölkəyə qayıdır: "Bu layihə həyata keçirilən ilk gündən dövlət dəstəyi görür. Yəni dövlət bu gənclərə maddi dəstək göstərərək, orada oxuyub təhsil almalarının təminatçısı kimi çıxış edir. Biz də Kaspi Təhsil Şirkəti olaraq həmin layihəyə qatıldıq. Dövlət dəstəyi alan bəzi gənclər var ki, onların da 300-dən çoxu məhz Kaspi Təhsil Şirkətinin hazırlayıb göndərdiyi gənclərdir. Biz də qürur duyuruq ki, dövlətin təhsil siyasətində bizim az da olsa əməyimiz var".

S.Vəliyeva bildirib ki, indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə oxumağa göndərilib: "Gələn il də azərbaycanlı gənclərin xaricdə təhsili "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən həyata keçiriləcək. Lakin 2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır".

S.Vəliyeva qeyd edib ki, Kaspi Təhsil Şirkəti özəl təhsil şirkəti kimi ilk təhsil müəssisəsidir: "Xaricdə təhsil almaq istəyən gənclər məsafə qət etmədən, pul xərcləmədən yerindəcə xarici universitetlərlə Bakıda tanış olurlar. Həmin gənclərin suallarına o universitetlərdən gələn mütəxəssislər cavab verir. Biz artıq məktəbdən əlavə 8 filialla da fəaliyyət göstəririk. Çünki biz hiss etdik ki, buna ehtiyac var".



Rektor Aygün Attar isə Azərbaycanda bu kimi təhsil verən müəssisələrin fəaliyyətinə böyük ehtiyac duyulduğunu bildirib: "Mən Türkiyədə bu sahədə çalışan bir azərbaycanlı kimi bunu hiss edirəm. Arzu edirəm ki, bundan sonra da bütün dünyaya və mənim də rəhbərlik etdiyim universitetə "Kaspi Liseyi"ndə təhsil alan daha savadlı gənclər gələcək."

Görüşün sonunda Kaspi Təhsil Şirkəti və Giresun Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında Müqavilə imzalandı. Müqaviləni Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyə Giresun Universitetinin rektoru Aygün Attar imzalayıblar.
Sonra A.Attar "Kaspi Liseyi" ilə tanış olub.

Qeyd edək ki, Türkiyənin Giresun vilayətində yerləşən Giresun Universiteti ölkədə tanına və sayılıb-seçilən universitetlər sırasındadır. Universitetdə 2809 saylı Ali Təhsil Qurumları Təşkilatı Qanunu çərçivəsində, 10 Fakültə, 3 İnstitut, 5 Məktəb, 11 Peşə Məktəbi, 7 Araşdırma və Tətbiq Etmə Mərkəzi və Dövlət Konservatoriya ilə fəaliyyətlərini davam etdirir.

Giresun Mərkəz Gur Tədris Korpusunda Rektor Vəzifəsi Xidmət Binası, Təhsil Fakültəsi, İqtisadi və İnzibati Elmlər Fakültəsinin, Dövlət Konservatoriyası ilə açıq idman meydançaları, kitabxana, iki konfrans zalı, iki iclas zalı, çox məqsədli tətbiqi zalı, mərkəzi laboratoriya, Mühəndislik fakültəsi və Səhiyyə Xidmətləri Peşə Məktəbi ilə yataqxanalar, səfər sahələri və yeməkxana yerləşir.

Universitetin rektoru isə azərbaycanlı xanım, professor, Oxford Socrates mükafatı laureatı Aygün Attardır. O, 1962-ci ildə Qubadlıda anadan olub.

1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib.

Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və bu ölkənin vətəndaşıdır.
2012-ci ildən Türkiyənin Giresun Universitetinin rektorudur. O 2014-cü ildə Oxford Socrates mükafatına layiq görülüb. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.