Vaqif Səmədoğlu (Vəkilov Vaqif Səməd oğlu) 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Vaqif Səmədoğlu (Vəkilov Vaqif Səməd oğlu) 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

“Məzarıma bir cüt ayaqqabı qoyun” – Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu (Vəkilov Vaqif Səməd oğlu) 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

O, Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

Şair, dramaturq, publisist Vaqif Səmədoğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. O, əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), "Nəsimi" mükafatı laureatıdır (2014).

4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifi Vaqif Səmədoğlu 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

O, Azərbaycanın xalq şairi Səməd Vurğunun və Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğlu, Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun və Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşı, görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq Mehdixan Vəkilovun qardaşı oğludur.

Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...


***

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...


***

Salam, ata…

Salam, ata, salam.
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi…
Salam trolleybus,
əlvida ata…