İmişlidə qanunsuz balıq ovu görüntüləri: Nazirə informasiya sorğusu göndərildi

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi sosial şəbəkələrdə İmişlidə qanunsuz üsullarla ovlanaraq satışa çıxarıldığı iddia olunan görüntülərlə bağlı Azərbaycan Respublikasıının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev cənablarına informasiya sorğusu göndərib. Sorğu belədir:

Hörmətli Muxtar müəllim!

Facebook və TikTok sosial şəbəkələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qanunla qadağan olunmuş üsulla- elektriklə ovlanmış balıqlarınn iaşə obyektlərində satışa çıxarılması barədə görüntülər yayımlanıb. Bu cür görüntülər mütəmadi və ölkəmizin demək olar ki, bütün ərazilərindən yayılır. Odur ki, Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi zərurəti ilə bağlı çağırışını əsas tutaraq və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq aşağıdakı suallara rəhbərlik etdiyiniz nazirliyin aydınlıq gətirməsini və yazılı formada elektron poçtumuza göndərilməsini xahiş edirəm:

1. 2024-cü ilin yanvar, fevral və mart aylarında ETSN İmişli rayonunda qanunsuz balıq ovuna qarşı hansı tədbirlər görüb?

2. Görülən tədbirlər nəticəsində İmişli rayonunda qanunsuz balıq ovu halları aşkarlanıbmı və əgər aşkarlanıbsa, bu barədə hansı hüquqi addımlar atılıb?

3. Facebook və TikTok sosial şəbəkələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qanunla qadağan olunmuş üsulla- elektriklə ovlanmış balıqların iaşə obyektlərində satışa çıxarılması barədə görüntülər rəhbərlik etdiyiniz nazirlik tərəfindən araşdırılırmı?

4. Əsaslı və əsassız olmasına baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatlara ölkənin bütün dövlət qurumları operativ reaksiya verdiyi halda, ETSN öz fəaliyyət sahəsinə aid olan faktları və iddiaları niyə adətən görməzlikdən gəlir?

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar 20 s nömrəli Sərəncamı ilə təsdiqlənmiş “2024-cü il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarı (kvotası), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”ndə Araz çayında sənaye balıq ovuna kvota ayrılmayıb. Belə olan təqdirdə, sosial şəbəkələrdə yayımlanan görüntülərdə satışa çıxarıldığı iddia olunan balıqlar Araz çayından hansı hüquqi əsasla ovlanıb?

6. Yuxarıda qeyd olunan Bölgüyə əsasən, Araz çayında elmi tədqiqat və nəzarət, o cümlədən təhsil və maarifləndirmə məqsədi ilə balıq ovlanmasına kvota ayrılıb. Bu ilin ilk üç ayında bu kvotalar üzrə Araz çayında nə qədər balıq ovlanıb?

7. Elmi tədqiqat və nəzarət, o cümlədən təhsil və maarifləndirmə məqsədi ilə Araz çayında ovlanan balıqların satışa çıxmaması üçün Nazirlik hansı tədbirləri görüb və görür?

Hörmətlə, Taleh Şahsuvarlı

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri

image description image description