“Füzuli sənətkarlığı” kitabının Almaniyada nəşri: Dahi şairin 530 illik yubileyinə önəmli töhfə

Füzulişünaslığın və Mir Cəlal yaradıcılığının tədqiqində yeni mərhələ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamda deyilir:

“Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun (..) ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.”

Görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev Füzulinin yaşayıb-yaratdığı dövrdən təxminən 4 əsr sonra, təxminin 1920-ci illərin sonlarında Füzuli yaradıcılığı haqqında ilk elmi tədqiqatlara başlamışdı. Mir Cəlal öz tədqiqatında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, ədəbiyyatşünaslıqda ilk dəfə onun ümumi ədəbi panoramasını elmi cəhətdən təqdim etməyə nail olmuşdu.

Mir Cəlal gəldiyi elmi nəticələri 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” və onun genişləndirilmiş bazasında “Füzuli sənətkarlığı“ kitabını nəşr etdirmişdi.

Mir Cəlal Paşayev bununla Azərbaycanda Füzulişünaslığın əsasını qoymuşdu.

Bu monoqrafiya Almaniyanın Erqon-Nomos nəşriyyatının Bibliotheca Academica - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında 2023-ci ilin yayında alman dilində çap edilib. Hazırda "Füzuli sənətkarlığı" kitabının alman dilindəki nəşrinin yayılma coğrafiyası genişlənir.

Kitabın tərcüməçisi şərqşünas alim Dr. Mixael Raynhard Hessin Azərbaycan, türk, ərəb və fars dillərini, eləcə də klassik Azərbaycan ədəbiyyatını bilməsi ona Füzuli və Mir Cəlal yaradıcılığını peşəkarlıqla tərcümə etməyə imkan verib. Bu fundamental monoqrafiya sayəsində Mir Cəlal Paşayevin tədqiqatları yeni coğrafi məkan fəth etmiş olub, Avropanın şərqşünaslıq və türkologiya tədqiqat mərkəzlərinə yeni yol açılıb.

Xatırladaq ki, kitabın Avstriyada və Bakıda Milli Kitabxana və Bakı Dövlət Universitetində təqdimatları keçirilib.

Hazırda monoqrafiya Almaniyanın Berlin, Bonn, Kiel, Tübinqen, Oldenburq, Bremen, Braunşvayq, Halle-Zaale, Hannover, Karlsruhe, Leypsiq, Münster, Ştuttqart universitet və dövlət kitabxanalarının, eləcə də Hamburq Bundesver Universitet kitabxanasının, ABŞ-ın Columbus Universitet kitabxanası kataloquna daxil edilib. Almaniyanın milli biblioqrafiyasına daxil edilmiş “Füzuli sənətkarlığı” kitabı həmçinin Avstriya, İsveçrə, Polşa kitab satış şəbəkələri vasitəsi ilə də oxuculara təqdim olunur.

Kitabın elmi əhəmiyyətini Dr. Hess qısa olaraq aşağıdakı kimi xarakterizə edir:

1. Dr. Hess kitaba yazdığı müfəssəl “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini apararaq yazır ki, Sovet-kommunist rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.

2.Dr. Hessin qənaətinə görə, “Azərbaycanda füzulişünaslığın əsasını qoyan “Füzuli sənətkarlığı” əsərinin dəyərli xüsusiyyətlərindən biri də Mir Cəlalın araşdırma zamanı orijinal mənbələrdən birbaşa istifadə etməsidir. Məhz bu səbəblərdəndir ki, yazıldığı tarixdən 80 il keçməsinə baxmayaraq, Füzuli yaradıcılığı haqqında Mir Cəlalın elmi əsəri ilə müqayisə oluna bilinəcək sambalda elmi əsər yazılmamışdır. Bu gün də bu əsər Füzuli yaradıcılığının araşdırmaçıları üçün əvəzolunmaz mənbədir.”

Dr. Hess bu kitabla yanaşı, uzun illərdir əməkdaşlıq etdiyi, siyasi elmlər doktoru Rizvan Nəbiyevlə birgə hazırladıqları alman və ingilis dillərində “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının inkişaf yolu və tarixi” (2022, 2023), “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” (2021), “Tanklar cənnətdə” (2016) kitablarının müəllifi kimi də tanınır.

Dr. Hess davamlı olaraq Almaniya KİV-lərdə ölkəmizlə bağlı yayılan böhtan xarakterli yazılara qarşı elmi dəlillərlə əsaslandırılmış oxucu məktubları ilə cavab verir və Azərbaycanın obyektiv mövqeyinin Avropada tanıdılmasına töhfə verir.

image description image description image description image description image description