Şuşa və Ağdam məscidlərində qan verilir

Aşura günü Azərbaycanda ənənəvi qanvermə aksiyası keçirildi – Şuşa və Ağdamda da məscidlər bu nəcib təşəbbüsə qoşuldu

Bu gün Aşura günü münasibətilə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə ölkə üzrə genişmiqyaslı qanvermə aksiyası həyata keçirilir. Aksiya çərçivəsində Azərbaycanın 30 şəhər və rayonunda, ümumilikdə 38 məntəqədə - o cümlədən 22 məscid və ziyarətgahda, 15 tibb müəssisəsində könüllü qanvermə təşkil olunub.

Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev bildirib ki, hər il olduğu kimi bu il də Aşura günü vətəndaşlar insanlara həyat bəxş edən bu aksiyada böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

Nağıyev vurğulayıb ki, bu ilki aksiyanın ən qürurverici məqamlarından biri Şuşa şəhərində Yuxarı Gövhərağa məscidində və Ağdam Cümə məscidində də ilk dəfə olaraq qanvermənin təşkil olunmasıdır. Onun sözlərinə görə, bu, yalnız sağlamlığa deyil, həm də vətənə, birlik və mərhəmətə verilən dəyərin göstəricisidir.

Qeyd edək ki, Aşura günündə qanvermə aksiyası Azərbaycanda artıq uzun illərdir ki, humanist və sosial həmrəylik ənənəsi kimi həyata keçirilir. Toplanan qan ehtiyatı isə ölkənin müxtəlif bölgələrindəki xəstəxanalara, təcili tibbi yardıma və qana ehtiyacı olan xəstələrə yönləndirilir.

AzNews.az