Növbədənkənar parlament seçkiləri - ANALİZ

Bu yay ölkəmizdə növbədənkənar seçkilər keçirilə bilər. Bu barədə kütləvi informasiya vasitələrində həm çoxsayda ehtimal, həm də “off record” informasiya yayımlanır. Əlbəttə, son qərarı dövlət başçısı verəcək. Ancaq hüquq baxımından bu barədə səslənən fikirlər yetərincə əsaslı görünür. Belə ki, parlamentin hazırkı tərkibi 2020-ci ilin əvvəllərində növbədənkənar seçki ilə formalaşdırıldığından, qanuna əsasən, yeni seçkilər bu ilin payızında təşkil olunmalıdır. Seçkilərin keçirilməməsi qanunən yasaqdır, eyni zamanda payızda Bakıda dünyanın ən genişmiqyaslı tədbiri olan COP29 konfransı keçiriləcək. Bu da Milli Məclisə seçkilərin qabağa çəkilməsini labüd edir.

Seçkilərin COP29 konfransından öncə keçirilməsi özü-özlüyündə parlament mandatları uğrunda mübarizənin 2020-ci ildəki səsvermədən demokratik açıdan daha təkmil keçirilməsini stimullaşdırır. Çünki sözügedən qlobal tədbirin Azərbaycanda keçirilməsindən narahat olan beynəlxalq təşkilatlar və mərkəzlər var. Onlar, heç şübhəsiz, seçkiləri bəhanə edərək tədbirin Azərbaycan üçün əhəmiyyətini və faydalarını şübhə altına almağa çalışacaqlar.

İkincisi, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı beynəlxalq irad və ittihamların puça çıxarılması üçün bu seçkilərin azad, ədalətli və şəffaf keçməsi tutarlı əsaslar yaradacaq.

Üçüncüsü, parlamentin post-münaqişə dövründə ölkəmizdə aparılan islahatların ve yeni milli hədəflərə hesablanmış cəmiyyət quruculuğunun təmsilçilik institutuna çevrilməsi tərəqqi prosesinin qaçılmaz tələbidir.

Əlbəttə, parlament seçkilərində seçici aktivliyinin son prezident seçkiləri ilə müqayisə ediləcək səviyyədə yüksək olacağını heç bir halda proqnozlaşdırmaq mümkün deyil. O sadə səbəbə görə ki, növbədənkənar prezident seçkiləri xalq üçün Qarabağ savaşında tarixi zəfər qazanmış prezidentə, Ali Baş Komandana təşəkkür günü idi. Məhz bu amil vətəndaşların seçki məntəqələrinə sel kimi axınını yaratdı. Bu axın bir daha təkrar olunmayacaq kimi görünür. Bu da son nəticədə hakim partiya üçün başqa bir sorun üzə çıxarır. Qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ərdoğanın deyil, partiyaların namizədlərinin “oylanması” AKP-nin məğlub olmasının səbəblərindən biri oldu. Düzdür, Azərbaycanda CXP qədər təşkilatlanmış müxalifət yoxdur. Ancaq bütün hallarda parlament seçkilərində Milli Məclisin indiki say tərkibinə uyğun hesablasaq, ən azı 800 namizəd iştirak edəcək. Bu da hakim Yeni Azərbaycan partiyasının seçkilərə rəqabətə davamlılığı yüksək namizədlərlə getməsini şərtləndirir.

Parlamentin hazırkı tərkibinin siyasi rəqabətə dözümlülük əmsalı, etiraf edək ki, aşağıdır. Deputatların ən azı yarısından çoxu qanunvericilik potensialına malik olmadığı kimi, cəmiyyətlə normal kommunikasiyaya da malik deyil. Hakim komandanın orta və ortadan yuxarı ranqları tutan kadrlarının “xaricdə təhsil” meyarı ilə təyin edilməsi bütövlükdə elita və sadə vətəndaş qrupları arasındakı rabitəyə əhəmiyyətli dərəcədə xələl gətirib. Bu ziddiyətin ciddi sosial qarşıdurmaya çevrilməməsi müstəsna şəkildə prezident İlham ƏIiyevə xalqın etimadı ilə bağlıdır. Prezident İlham Əliyev öz fəaliyyəti ərzində bir neçə dəfə siyasi nəzəriyyədə "oliqarxiyanın dəmir qanunu" adlanan böhranın ölkəmizdə yaranmaması üçün qətiyyətli və peşəkar gedişlər edib. Yenə eyni təhlükə yarandığından, güman etmək olar ki, hakim partiya öz namizədlərini müəyyən edərkən xalqın içindən çıxmış, özünü cəmiyyətdə və iqtidar qarşısında təsdiq etmiş, korrupsiyaya bulaşmamış və yeni milli hədəflərin reallaşmasına intellektual xidmət göstərə biləcək simalara üstünlük verəcək. YAP-ın debat qabiliyyəti yüksək üzvləri üçün “sosial lift”in qapılarını açmasını həm də parlament və parlamentdən kənar müxalifətlə qələbə emosiyası səngiyəcək cəmiyyətin problemləri yaradır.

Azərbaycan dünyada çox az saytda respublikalardan biridir ki, parlamentində müxalifət fraksiyası yoxdur. Belə bir fraksiyanın yaranması isə, həm sosial, həm də tarixi sifarişdir. Çox maraqlı bir məqam var. Azərbaycan prezidenti İlham Əliyev ƏHD partiyasının sədri, bir neçə dəfə prezident seçkilərində iştirak etmiş və ölkənin ən samballı siyasətçilərindən olan Qüdrət Həsənquliyevi Heydər Əliyevin 100 illik yubiley medalı ilə təltif etdi. Əgər ƏHD partiyası parlamentdə müxalifət fraksiyasının nüvəsinə çevrilərsə- açığı, başqa siyasi alternativ də yoxdur- bu, Ulu Öndərin siyasi platformasının Milli Məclisdə hər iki cinah tərəfindən qəbul edilməsinin təsdiqi olacaq. Siyasi ənənələrimiz, o cümlədən parlament institutunun inkişafı baxımından son dərəcə mütərəqqi tendensiyadır. Eyni zamanda, Azərbaycanda son bir neçə ildə siyasi partiyalar sistemində ciddi islahatlar aparılıb, partiyalar faktiki olaraq, yenidən təşkilatlanıb və qeydiyyatdan keçib. Prosesin məntiqi yekunu kimi Milli Məclisdə müxalifət fraksiyasının formalaşması tam gözləniləndir.

Siyasi partiyaların yenidən təşkilatlanması və qeydiyyatı parlamentdənkənar müxalifətin sosial bazasının son dərəcə məhdud olduğunu üzə çıxardı. Adətən, müxalifətin bu cinahının liderləri öz zəifliklərini iqtidarın mübarizə meydanını daraltması ilə izah edirlər. Amma bu, blefidir. AXCP, Müsavat, AMİP, ADP xalq hərəkatının siyasi mərkəzləri olub və müstəqillikdən sonra formalaşan bazar münasibətlərinin yaratdığı iqtisadi və sosial differansasiyadan kənarda qalıblar. AMİP və ADP bir qədər fərqli siyasət yürütməyə çalışsalar da, onlar da yeni iqtisadi formasiyanın istiqamətləndirdiyi elektorata nüfuz edə bilməyiblər. Odur ki, bu təşkilatların parlament seçkilərində iqtidara nəinki təhdid olmağa, hətta bir neçə dairədə mandat qazanmağa taqəti yoxdur. Müsavat başqanlığına yenidən qayıtmağa hazırlaşan- yeri gəlmişkən, ilk dəfə bu proqnozu biz vermişdik- İsa Qəmbər bütün resurslarını 2003-cü ildə tükəndirib, 24 ildir AXCP sədri postunu tutan Əli Kərimli isə son prezident seçkilərində prezident İlham Əliyevə rəqib olmağa cürət etməyib. Azsaylı və marginal tərəfdarlarının nəyə inanmasından asılı olmayaraq, cəmiyyətin ortaq zəkası bütün bu amilləri yetərincə qiymətləndirə bilir.

Bütün bunlar isə belə bir qənaət yaradır ki, növbəti parlament seçkilərində sistemdənkənar müxalifət adlandırdığımız çeşidli qruplar xüsusi fəallıq sərgiləyəcək. Bu cür qrupların təmsilçilərinin normal şərtlərdə seçkidə namizəd kimi qeydə alınmaq üçün sosial dayaqları olmasa da, hakim partiyanın ictimai fəallıq baxımından bir çox dairələrdə “inert” namizədlərlə çıxış etməsi onlara həmişə şou yaratmaq üçün meydan verib. Arzu və ümid edək ki, həmin marginallara bu dəfə eyni fürsət yaradılmayacaq.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru