- Siyasi müzakirə
- 29 Oktyabr 22:37
- 1 900
“Ermənistanın gələcəyi revanşda deyil, regional əməkdaşlıqda gizlidir” - Həşim Səhrablı
“Cənubi Qafqaz son beş ildə tamamilə fərqli siyasi mərhələyə daxil olub. Bu prosesdə region ölkələrinin mövqeləri yenidən formalaşsa da, ən ciddi transformasiya Ermənistanda müşahidə olunur. Uzun illər Moskvanın orbitində qalan bu ölkə indi fərqli istiqamətdə hərəkət edir. Ermənistanın Qərbə inteqrasiya cəhdləri təkcə 2018-ci il inqilabının nəticəsi deyil — əsas amil, regionda baş verən geosiyasi dəyişikliklərin doğurduğu yeni reallıqdır. Əgər bir vaxtlar Ermənistanın siyasətini müəyyən edən əsas faktor Rusiya idisə, indi bu asılılıq zəifləməyə başlayıb. Nikol Paşinyan hakimiyyəti Qərblə münasibətləri inkişaf etdirməyə çalışır, lakin bu kurs təsadüfi deyil. 2020-ci il müharibəsindən sonra yaranmış vəziyyət İrəvana yeni manevr imkanı verib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 2023-cü ildə separatçı qurumun tam ləğvi Ermənistan üçün illərlə üzərində dayandığı “Qarabağ yükü”nün sona çatması deməkdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Cənubi Qafqazda son illərdə yaranan yeni siyasi düzən region ölkələrinin istiqamətini dəyişib. Bu dəyişikliklərdən ən çox təsirlənən dövlətlərdən biri isə Ermənistandır. Uzun illər Rusiya orbitində qalan İrəvan indi fərqli siyasi yol seçməyə çalışır. 2020-ci il müharibəsi və onun ardınca baş verən hadisələr Ermənistanı həm daxili, həm də xarici siyasətdə dönüş nöqtəsinə gətirib çıxarıb.
Siyasi şərhçi bildirib ki, bu məsələ İrəvan üçün təkcə siyasi yox, həm də iqtisadi və diplomatik baxımdan ciddi məhdudiyyətlər yaradıb.
"Ermənistan beynəlxalq aləmdə münaqişənin işğalçı tərəfi kimi tanındığı üçün həm iqtisadi layihələrdən, həm də əməkdaşlıq platformalarından kənarda qalmışdı. İndi bu baryer aradan qalxıb və ölkə ilk dəfə olaraq regional iqtisadi inteqrasiya barədə düşünməyə başlayıb. Paşinyan administrasiyası anlayır ki, Ermənistanın inkişafı üçün açar regional kommunikasiya və tranzit xətlərindən keçir. Bu gün hökumət ölkənin qlobal ticarət sisteminə qoşulması üçün yeni imkanlar axtarır. Əvvəlki illərdə Moskvanın diktəsi ilə hərəkət edən elita isə bu reallığı görməmişdi. Məsələn, vaxtilə Azərbaycan qazının Türkiyə və Avropaya daşındığı xətt Ermənistan ərazisindən keçə bilərdi. O halda həm iqtisadi mənfəət artardı, həm də İrəvan regionda mühüm rol qazanardı. Ancaq Moskva yönümlü siyasət nəticəsində bu fürsət əldən verildi. Hazırda Ermənistan fərqli yol seçməyə çalışır. Paşinyan hökuməti ölkəni uzunmüddətli təcriddən çıxarmaq üçün həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşmasını prioritet sayır. Çətin və ziddiyyətli olsa da, bu addımlar ölkənin gələcək rifahı üçün zəruridir. Yeni reallıq Ermənistan üçün həm siyasi, həm də iqtisadi baxımdan yeni səhifə açır. Bununla belə, real nəticə əldə etmək üçün Ermənistan əvvəlcə daxili sabitliyi möhkəmləndirməli və qonşularla qarşılıqlı etimad mühiti yaratmalıdır. Rəqabətə, düşmənçiliyə əsaslanan köhnə düşüncə tərzindən qurtulmaq lazımdır. Ölkənin gələcəyi artıq revanşist ideyalarda deyil, əməkdaşlıq və regional inteqrasiyada gizlidir. Ermənistan bu məqamı düzgün qiymətləndirə bilsə, uzun illərin təcridindən çıxaraq regionun aktiv oyunçusuna çevrilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az