- Siyasi müzakirə
- 29 Oktyabr 22:36
- 1 583
“Trampın vasitəçiliyi mühümdür, amma əsas rolu Azərbaycan oynayıb” - Mübariz Göyüşlü
“Təbii ki, Cənubi Qafqazda baş verən proseslər, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ardınca sülh prosesinin başlanması və sülh sazişinin imzalanması istiqamətində atılan addımlar regionda yeni situasiya yaradıb, reallıqları dəyişib və yeni mərhələnin əsasını qoyub. Bütün çətinliklər və gərgin mərhələlər Azərbaycanın və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində geridə qalıb. Bu prosesin irəliləməsində dəstək göstərən qüvvələr, ölkələr və beynəlxalq təşkilatlar da var. Bu sırada xüsusilə ABŞ və onun Prezidenti Donald Trampın səylərini qeyd etmək lazımdır. Onun təşəbbüsləri və vasitəçilik cəhdləri bu istiqamətdə mühüm rol oynayıb. Lakin bəzən belə bir təsəvvür yaranır ki, guya problemi tam şəkildə məhz Donald Tramp həll edib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər regionun gələcəyi üçün yeni reallıqlar yaradıb. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməklə bölgədə sülh və sabitlik üçün əsaslı zəmin formalaşdırdı. Lakin müharibədən sonrakı dövrdə sülh müqaviləsinin imzalanması prosesi müəyyən çətinliklərlə üzləşdi. Bu mərhələdə beynəlxalq vasitəçilərin, xüsusilə də ABŞ-nin fəallığı diqqət çəkdi. Dünyanın aparıcı dövləti olan ABŞ-nin sülh təşəbbüsləri və Prezident Donald Trampın şəxsi vasitəçiliyi regionda yeni mərhələnin başlanğıcını qoydu. Tramp Cənubi Koreyada jurnalistlərə açıqlamasında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında onun vasitəçiliyi ilə əldə olunan razılaşmadan danışıb. O, bu razılaşmanı 38 il davam edən münaqişənin həlli baxımından böyük diplomatik uğur adlandıraraq bildirib ki, “hətta Putin də bu razılaşmaya heyranlığını ifadə edib və qeyd edib ki, bu münaqişəni uzun illər ərzində həll edə bilmirdilər”.
Siyasi şərhçi bildirib ki, bu, müəyyən dərəcədə yanlış yanaşmadır.
"Prosesin yalnız ABŞ və Trampın fəaliyyəti ilə əlaqələndirilməsi düzgün olmazdı. Belə təqdimat, əslində, nə Amerikanın, nə də onun Prezidentinin maraqlarına uyğundur. Çünki bu məsələdə əsas rolu Azərbaycan və onun Prezidenti İlham Əliyev oynayıb, bunu xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, Trampın bu istiqamətdəki fəaliyyəti və təşəbbüsləri də müsbət qiymətləndirilməlidir. Bu, gələcəkdə Cənubi Qafqazda ABŞ-ın uzunmüddətli, konstruktiv və faydalı strategiyasının bir hissəsinə çevrilə bilər. Amerikanın bu fəallığı regionda sülhün, sabitliyin, iqtisadi və ticarət inkişafının güclənməsinə, Cənubi Qafqazın dünyanın aparıcı inkişaf mərkəzlərindən birinə çevrilməsinə töhfə verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az