Elçin Mirzəbəyli: "Bu iddia Makronun özünü sığortalamaq istəməsi kimi dəyərləndirilə bilər"

“Rusiya rəsmiləri “Crocus City Hall”da həyata keçirilən dəhşətli terror aksiyasının arxasında rəsmi Kiyevin dayandığını bildirsələr də, bunu sübut edən faktlar hələlik mətbuata açıqlanmayıb. Bu barədə konkret fikir söyləmək çox çətindir. Amma ümumi mənzərəyə diqqət yetirsək, bəllidir ki, dünyada mövcud olan terror təşkilatları, bir qayda olaraq müxtəlif dövlətlərin, xüsusilə də böyük dövlətlərin xüsusi xidmət orqanları tərəfindən yaradılırlar. İŞİD-in yaradılma prosesində də Birləşmiş Ştatların və Fransanın yaxından iştirak etməsi kifayət qədər hər kəsə bəlli olan məlumatlardır. Bununla bağlı çoxsaylı faktlar var. Vaxtilə Əl-Qaidənin formalaşması prosesində də müəyyən bir zaman kəsiyində, xüsusilə də Əfqanıstanda sovet qoşunları ilə Amerika arasında baş verən qarşıdurmalarda istifadə etmək üçün yaradıldığı barədə də məlumatlar var. Bəlli olduğu kimi, daha sonra Əl-Qaidə 11 sentyabr hadisələrini törətdi. Terror qrupları konkret ideologiyaya, məqsədə xidmət edən hansısa rəsmi leqal strukturlara malik olan təsisatlar deyil ki, onlardan bu və ya digər hadisəyə münasibətdə sabit mövqe gözləmək olsun. Həmin qrupların da içərisində müxtəlif qüvvələr təmsil olunurlar. Necə ki, İŞİD-in özü də vaxtilə eyni qruplaşmalardan ibarət deyildi. Bir sıra müxtəlif maraqlar prosesdə yer almışdı. Fransa şirkətlərinin İŞİD-i vaxtilə maliyyələşdirilməsi ilə bağlı, məsələlər kifayət qədər ciddi faktlara söykənir. Xüsusilə də Fransanın Lofarge şirkətinin bu terror təşkilatının Suriyada maliyyələşdirilməsi və hətta onların müəyyən barikadaların qurulması üçün sementlə təmin etməsi ilə bağlı çoxsaylı faktlar var. Eyni zamanda, Fransanın xüsusi xidmət orqanlarında sözügedən terror təşkilatı və Lafarge şirkətinin həmin ərazilərdəki nümayəndələri ilə otuzdan artıq görüş keçirdikləri məlumdur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert qeyd edib ki, bu aspektdən terror qruplarının müxtəlif dövlətlər tərəfindən yaradıldığı, maliyyələşdirildiyi artıq bir faktdır və təəssüflər olsun ki, dünyada beynəlxalq terrorizmə qarşı mübarizədə standartlar bu gün də davam etməkdədir.

“Yaxşı, terrorçu, pis terrorçu anlayışları hələ də Qərbin yanaşmasında ön sırada dayanır. Məlum olduğu kimi, sözügedən terror aksiyasının məsuliyyətini Vilayət Xorasan adlı İŞİD-in qruplaşması öz üzərinə götürüb və bu qruplaşmanın da Makronun iddiasına görə, Fransada bir neçə belə terror aksiyası keçirmək niyyəti nəzərə alınıb. Lakin maraqlıdır ki, Makronun iddia etdiyi zaman kəsiyində Fransada terror təhlükəsi ilə bağlı qrupların zərərsizləşdirilməsi ilə bağlı hər hansı bir informasiya mətbuatda yer almayıb. Bu əslində Makronun daha çox özünü sığortalamaq xarakteri daşıdığını sübuta yetirən bir faktor kimi dəyərləndirilə bilər. Qənaətimə görə də reallığı bir o qədər də əks etdirmir. O ki qaldı yenə də Moskvanın Kiyevlə bağlı iddialarına, hər iki ölkə müharibə vəziyyətindədir. Ukrayna ərazisində müharibə gedir, eyni zamanda Rusiya ərazisi də artıq atəşə məruz qalır. Bununla bağlı çoxsaylı faktlar və məlumatlar var. İnformasiya müharibəsində belə hallardan istifadə edilməsi qənaətimə görə mümkündür. Ancaq təbii ki, reallığın nədən ibarət olduğunu zaman göstərəcək. İŞİD-in və onun ayrı-ayrı qruplaşmalarının, həmçinin digər terror qruplaşmaları PKK-nın və onun qanadlarının istənilən ölkə üçün təhlükə yarada biləcəyi faktı hər zaman var.

Bəlli olduğu kimi, Ermənistanda açıq şəkildə terroru müdafiə edən və dəstəkləyən dövlətlərdən biri sayılır. Erməni terror təşkilatlarının nümayəndələri ASALA və digərləri bəlli olduğu kimi, həm də müxtəlif bölgələrdə ərazilərdə, o cümlədən PKK-nın tərkibində, hətta İŞİD-in tərkibində belə müxtəlif terror aksiyalarının həyata keçirilməsi prosesində iştirak edə bilərlər. Ola bilsin ki, “Crocus City”də baş verən hadisələrdə müxtəlif maraqlar bir araya gəlib. Bunu istintaq və zaman göstərəcək. Ancaq terror təşkilatları bütün dünya üçün təhlükə kimi qalacaq o vaxta qədər ki, dünyada terrora qarşı mübarizə vahid bir mövqedən çıxış edilərək sərgilənməyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA