00:27
(077) 610-22-33

Millət vəkili təhsil nazirinə müraciət etdi

  • >
298 15 May 2013 11:07 | Cəmiyyət

Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə Sumqayıt şəhərində 17 saylı orta məktəbdə şagirdin ölümünə sərt reaksiya verib.

Modern.az-ın məlumatına görə, YAP-çı deputat dünyasını dəyişən şagirdin valideynlərinə başsağlığı verərək məsələnin araşdırılması üçün yeni təhsil nazirinə müraciət edib:

"Bu günlərdə Sumqayıt məktəblərinin birində XI sinif şagirdinin səhər məktəbdə dünyasını dəyişməsi xəbərini oxudum. Həyata yeni başlayan bir gəncin həyatının yarımçıq qalması ürəyimizi ağrıtdı. Onun 17 il əziyyətini çəkmiş, ona böyük ümüdlər bəsləyən valideynlərinin faciəsi böyükdür və onlara başsağlığı vermək istərdim.

Şagirdlərin iddiasına görə dərsə bir neçə dəqiqə gecigən gənci məktəb ətrafında qaçmağa məcbur ediblər. Və deyilənə görə bu həmin məktəbdə adi bir haldır. Əlbətdə həqiqəti aparılan istintaq müəyyənləşdirəcək və təqsirkarlar cəzalandılacaqlar.

Ancaq sual olunur ki, nəyə görə bəzən məktəblərdə bəzi müəllimlər öz səlahiyyətlərdən kənar çıxmağı adi hal sayırlar. Ara-sıra orta məktəblərdə müəllimin dərs zamanı şagirdlərə cəza növləri tətbiq etdiyi, özünü dərsin və şagirdin hakimi mütləqi kimi aparması barədə xəbərlər də eşidirik. Gənc oğlan və qızların həmyaşıdları qarşısında cəzalandırılmasının hansı psixoloji travmaya gətirdiyini isə izah etməyə ehtiyac yoxdur. Gənc oğlan dünyasını dəyişməsəydi yəqin ki, dərsə gecikənlərin məktəb binası ətrafında qaçırdılması faktına heç kim əhəmiyyət verməyəcəydi, hətta ola bilsin bunu sağlamlıq üçün faydalı sayanlar da tapılacaydı.

Düzdür, cəmiyyət məktəbə hələ layiq olduğu yüksək qiyməti verə bilməyibdir, onların maaşı azdır, mənzillə təminatları öz öhdəliklərindədir. Ancaq bu heç də bəzi müəllimlərin şagirdlə istədiyi kimi davranmaq hüququ vermir. Hüquqi dövlət anlayışı hamıya olduğu kimi şagirdlərə də aiddir. Onları əşya kimi baxmaq, onlar üçün cəza növləri fikirləşib tətbiq etmək, onların şəxsiyyətini alçatmaq olmaz. Hər bir şagirdin fərdi psixoloji, ən əsası sağlamlıq xüsusiyyətləri də nəzərdən qaçmamalıdır.

Müəllimin vəzifəsi tədris etmək, qanunla müəyyən edilmiş qaydalar çərçivəsində hərəkət etməkdir. Müəllim MÜƏLLİMdir, hakimi mütləq deyil.

Qaldırlan məsələni vacib sayıram, fikrimcə bu məsələ daima diqqətdə saxlanılmalı, məktəbin və müəllimin yüksək adına xələl gəlməməlidir. Çox istərdim ki, yeni təyin edilmiş təhsil nazirimiz də bu məsləni diqqətdə saxlasın".

Qeyd edək ki, Sumqayıt şəhəri 17 saylı məktəbin şagirdi Azad İlyasov ürək tutmasından dünyasını dəyişib. Onun ölümünə dərsə gecikdiyinə görə müəllimin cəza olaraq qaçırmasının səbəb olduğu göstərilir".

AzNews.az
Bağla X