17:35
(077) 610-22-33

Bakıda törədilən dəhşətli cinayətin təfərrüatları - PROSES

  • >
353 21 May 2013 18:24 | Cəmiyyət

Odlu silahdan açılan atəşlə bağlı soyuq həqiqətlər




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər-Ross" MTK-nın baş ofisində törədilən dəhşətli qətldə və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - H.Məmmədov və F.Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Prosesdə Hümbət Məmmədovun vəkili Ramiz Zeynalov müdafiə nitqi ilə çıxış etdi. Müdafiə çıxışında hadisənin törədilməsindən danışan vəkil bildirdi ki, hadisədən 32 saat sonra Hümbət Məmmədov istintaqa təslim olub. Onun sözlərinə görə, Hümbət Məmmədov ilkin istintaqa mütəşəkkil dəstə barədə məlumat verib və bundan sonra digər təqsirləndirilən şəxslər məsuliyyətə cəlb ediliblər.

Vəkil qeyd etdi ki, mütəşəkkil dəstənin üzvləri ayrı-ayrılıqda həbs ediliblər və istintaqa ifadə veriblər: "Ayır-ayrı ifadələr versələr də, onlar eyni məzmunlu danışıblar. Bu da onların hadisədən səmimi peşmanlıq hissi keçirmələri ilə bağlı olub".

Ramiz Zeynalov daha sonra qeyd etdi ki, istintaq orqanı Hümbət Məmmədovun əməlini tamah məqsədi ilə cinayəti törətməsi nəticəsinə gəlib. O, bildirib ki, Hümbət Məmmədov 2004-cü ildə yaşadığı Rusiyadan Azərbaycana köçüb: "O, Rusiyada qurduğu biznesini də davam etdirmək məqsədilə Azərbaycana gətirib. Burada Hümbət Məmmədov Əflatun Piriyevlə görüşüb və məqsədi barədə ona danışıb. Əflatun Piriyev də müdafiə etdiyim şəxsi Hacı İbrahim İbrahimovla tanış edib. Hümbət Məmmədov Bakıda biznes qurmalı olub".

Məhkəmədən ədalətli qərar gözləmədiyini qeyd edən Ramiz Zeynalov bildirdi ki, tikinti ilə bağlı qeyri qanuni ödəmələr olub. Vəkil həmçinin, qeyd etdi ki, müdafiə etdiyi şəxs Əflatun Piriyevin öldürülməsini sifariş verməyib. O, dedi ki, Əflatun Piriyevin döyülməsi, şikəst edilməsini Hümbət Məmmədov sifariş verib. Onun sözlərinə görə, Hümbət Məmmədov Əflatun Piriyevə xəsarət yetirmək məqsədilə üzünə sulfat turşusunu tökməyi tapşırıb: "Ancaq sulfat turşusu öldürücü olduğunu hesab edən Vüsal Qurbanov bu sifarişdən imtina edib. Bundan sonra Hümbət Məmmədov Əflatun Piriyevi döyüb, xəsarət yetirməyi sifariş verib. Vüsal Qurbanov daha sonra silah istəyib, silahdan istifadə etmək üçün yox, Əflatun Piriyevi döyəndən sonra qaçmaq niyyəti ilə istəyiblər. Hümbət Məmmədovda silahı əldə edib və Tofiq Bəkirova verib. Tofiq Bəkirov da silahlı zəncirvari şəkildə dəstə üzvləri vasitəsilə Vüsal Qurbanova ötürüb. Ölüm hadisəsi təsadüf nəticəsində baş verib. Buna görə də Vüsal Qurbanova ömürlük cəzanın verilməsi düzgün deyil".

Ramiz Zeynalov daha sonra bildirdi ki, Hümbət Məmmədovun da, Vüsal Qurbanovun da əməlində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Vəkil bildirdi ki, Hümbət Məmmədovun əməlində Cinayət Məcəlləsinin 178.2.3 və 313-cü maddələri ilə də cinayət tərkibi yoxdur. O, qeyd etdi ki, həmin maddələrlə Hümbət Məmmədova bəraət hökmü, Vüsal Qurbanov isə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməlidir. Bundan başqa, vəkil qeyd etdi ki, müdafiə etdiyi şəxs silahı əldə edib və dəstə üzvlərinə ötürməsini etiraf edib. Onun bildirdiyinə görə, Hümbət Məmmədov Cinayət Məcəlləsinin 228.2.3-cü maddəsi ilə məhkum edilməlidir.

Daha sonra Tofiq Bəkirovun vəkili Tərlan Xanəliyev bildirdi ki, müdafiə etdiyi şəxs Hümbət Məmmədovdan namus məsələsi ilə bağlı cinayəti sifariş alıb. Vəkil əlavə etdi ki, Tofiq Bəkirovun barəsində daha yüngül cəza təyin edilməlidir. Məhkəmə iclası mayın 30-da davam etdiriləcək.

Ramin DEKO
AzNews.az
image description
Bağla X