09:27
(077) 610-22-33

Əlikram Əliyev: “Əbülfəs Qarayevlə qohumluğuma görə bu vəzifəyə qoyulmamışam” - DÜZ ÜZÜNƏ

  • >
3 100 15 Sentyabr 2012 11:43 | Cəmiyyət

Bu dəfə "Düz üzünə"də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyevlə danışmaq istədim. Şəhərimizin dörd bir tərəfi bu idarənin qurumudur, demək olar ki. Amma dövlət tərəfindən ayrılmış böyük vəsaitə baxmayaraq, nə kitabxanaların, nə muzeylərin problemi bitmək bilmir. Aydınlıq gətirmək istədiyim bir çox başqa və daha maraqlı məqamlar da var idi. Söhbətimizi isə qeyri-ənənəvi şəkildə belə başladım.

-Əlikram bəy, sizin vəzifəyə təyin olunmağınız deyərdim ki, Müslüm Maqomayevin dəfni ilə bağlı oldu. Doğurdan da, möhtəşəm təşkil etmişdiniz bu dəfni...

- Əslində, mən istəməzdim ki, bu dəfni təşkil etmək göstərişinin icraçısı olum. Çünki Müslüm mənim uşaqlıqdan kumirim olub. 66 yaşına çatan, yaşı və sənəti üçün gənc olan bir adamı dəfn etmək mənim üçün çox çətin idi. Bütün Bakı ora yığışmışdı. Adam çox gəlmişdi, insanlar heç yerə yerləşmirdi.

-Vəzifəyə təyin olunanda doğurdanmı belə amillər nəzərə alınır? Yəni yaxşı tədbir təşkil edənlər vəzifəyə gətirilir?

- Yox təbii. Dövlət qulluğunda çalışan insan püxtələşir. Belə düşünürəm ki, layiq olmaq lazımdır. Mən özüm uzun illər mədəniyyət sahəsində çalışmışam. Kiçik yaşlarımdan tədbirlərin təşkilatçısı olmuşam. Əsgərlikdən sonra yenə mədəniyyət sahəsində işləməyə başladım.

-Dəqiq neçə ildir bu vəzifədəsiniz?

- Hal-hazırda 4 ildən bir neçə ay çoxdur ki, bu işdəyəm.

- O zaman sizdən yaxşı heç kim bilməz ki, hər il bu idarəyə nə qədər vəsait ayrılır?

- Ümumilikdə, bütün xərclərlə bərabər 18 milyon manat. Amma təxminən 17 milyon manatı əmək haqlarına gedir. Çünki bizim sahədə 5200-ə yaxın şəxs çalışır. 84 kitabxana, 46 mədəniyyət evi, 38 musiqi məktəbi, 7 muzey, 6 park, 1 qoruq...

- Amma yaxşı bir qərar qəbul olunub. İndi hər bir muzeydən istifadə üçün müəyyən məbləğ ödənilməlidir. Məsələn, TV-lərə deyirlər ki, muzeydə videoçəkiliş aparmaq üçün 100 manatdan 300 manata kimi pul ödəməlisən. Bu yaxşı, əlavə qazancdır...

- Bəli. Bakıda artıq bu ildən şəbəkəyə daxil olan bütün müəssisələrdə pullu xidmətin qurulması prosesi başlanıb. Hətta musiqi məktəblərində də pullu xidmət var. 130 manat əmək haqqı alan şəxs bir mədəniyyət müəssisəsində əlavə xidmət göstərib, istədiyi qədər pul qazana bilər. Bakının mədəniyyət tarixində ilk dəfə olaraq bir neçə mədəniyyət evi artıq kvartal gəlirinə görə işçilərinə bir aydır mükafat verir. Bu yüksək göstəricidir. Təsəvvür edin, bu vaxta qədər hələ belə bir iş baş verməmişdi. Baxmayaraq ki, nazirimizin qərarı var idi, amma bu çox ağır prosesdir. Sovetlərdən çıxdıq, müəyyən boşluğa düşdük, yalnız indi mədəniyyət müəssisələri canlanır. Həm də əgər şərait olmasa, necə pullu xidmət göstərmək olar?

- Əgər bir muzeyə dövlət pul ayırırsa və muzeyin gəliri də varsa, demək ki, bu müəssisə normal fəaliyyət göstərməlidir. Amma mən o gün muzeylərin birində çəkilişdə olarkən internetdən istifadə etmək istədim və gördüm ki, muzey hələ də "dial-up" sistemi ilə çalışır.

- Hansı muzeydə?

- N. Nərimanovun ev muzeyində.

- Əminliklə deyirəm: bu gün mədəniyyət şəbəkəsinə daxil olan müəssisələrdə vəsait çatışmazlığı yoxdur.

- Amma onlar dedi ki, biz yeni internet üçün müraciət etmişik...

- Buyurub göstərsinlər ki, hansı formada, kimə müraciət ediblər? Bu mümkün olan şey deyil. Bizdə istənilən müraciətə operativ şəkildə baxılır. Əgər elə bir müraciət varsa, bu bizim üçün çox xırda bir işdir. Mən təəccüb edirəm ki, belə bir şey var. Biz müasir texnologiyalarla işləyirik. Bütün muzeylərin saytı var, olmayanları açmağa çalışırıq. Mən bu yaxınlarda dedim ki, təşəbbüs göstərməkdən qorxuruqsa, gedək oturaq evimizdə. Bu 4 ildə bütün təşəbbüslər araşdırılıb düzəlib, heç kim deyə bilməz düzəlmədi.

- Gələk kitabxanalara. 84 kitabxana Bakı üçün az deyilmi? Universitetlər paytaxtda yerləşir, onların çoxsaylı tələbələri var, amma gündən-günə kitabxanaların sayı azalır. Birini bank edirlər, birini nə bilim özəl təşkilat alır.

- Bu gün bizim kitabxanalarımızın saytları fəaliyyət göstərir, informasiya mərkəzləri yaradılır. Hər bir vətəndaş o sayta girib, istədiyi kitabla maraqlana bilir və sifariş edə bilirsə, kitabxanaya gəlmədən - evdə oturub baxa bilirsə, deməli, oxucuların kitabxanaya gəlişi azalacaq. Bakıda kitabxana həddindən artıq çoxdur. Kitabxana lazımdırsa, o, yüksək səviyyədə təmir olunmalıdır, hazırlanmalıdır. Buna da vəsait lazımdır. Bir xəbəri də deyim ki, ilin sonunda artıq bir neçə kitabxananı da bağlayacağıq. Bakıda elə kitabxana var ki, gündə heç bir adam da qapısından içəri girmir.

- Bu kitabxananın günahı deyil.

- Zamanla ayaqlaşmalıdırlar.

- Avropada yüzlərlə kitabxana var, o demək deyil ki, onlar zamanla ayaqlaşmır.

- Sizə zirzəmidə kitabxana lazımdır?

- Bəs təmirə pul ayrılır deyirsiz?

- Bakının inkişafı ilə əlaqədar, zirzəmidəki kitabxanaların da təmirinə başlanır. Açığı, mən binanın altında mədəniyyət müəssisəsinin olması ilə razı deyiləm. Hansısa 9 mərtəbənin altında mədəniyyət evi yerləşir. Orda olan bütün hadisələrə görə kitabxananın fəaliyyəti dayandırılır. Su axır, qaz keçir və s. Bu gün iş şəraiti birinci olmalıdır. Bizim 5 milyon kitab fondumuz var axı.

- Bəs bəzi kitabxanalar dağıdılandan sonra neynəyirsiz o kitabları?

- Prezidentimizin sərəncamına əsasən yeni kitablar çap olunur. Qərara görə, hər nüsxədən bir neçəsi saxlanmaq şərti ilə kitablar maklatura kimi təhvil verilir. Kim isə yalandan deyir ki: "kitabxana bağlandı, kitablar çölə atıldı". Xeyr, bunlar yalan söhbətdir.

-Musiqi məktəblərində not dəftərləri yoxdur. Heç musiqi məktəbi üçün dərsliklər satılan yer də yoxdur. Bir dəfə cənab nazir Əbülfəs Qarayev də etiraf etmişdi ki, "bu, nonsensdir"...

- Musiqi məktəbləri üçün bütün dərsliklər dövlət tərəfindən çap olunur. Pulsuz heç yanda satılmır. Nazirlik tərəfindən lazımı sayda tələbata uyğun olaraq, məktəblərə paylanılır.

- Amma ayrıca satış yerləri olmalıdır...

- Bu adi kitab deyil, yalnız məktəbdə oxunmalıdır. Bizdə dərslik problemi yoxdur. Lazımı sayda çap olunub, məktəblərə paylanılır.

- Sovet vaxtı belə bunun üçün ayrıca mağazalar vardı axı.

- Buna nəşriyyatların marağı olmalıdır. Dövlət onları sata bilməz. Nəşriyyatlar özəldir, kim istəyir satsın.

- Mövzunun istiqamətini bir az dəyişmək istəyirəm. Müsahibədən əvvəl sizin adınızı internetdə axtarışa verdim, haqqınızda 5-6 tənqidi məqalə çıxdı. Çoxu da rüşvət ittihamı ilə bağlı idi...

- Yeni təyin olunduğum 6 ay müddətində bütün qəzetlərə maraqlı idi ki, birdən-birə haradan gəldi Əlikram Əliyev?! Haqqımda müxtəlif şayiələr gəzdi. Bu yazılara baxmayaraq, mən heç bir qəzeti məhkəmə ilə hədələməmişəm. Sadəcə dəvət edib soruşmuşam, mənim haqqımda faktlarla danışanları qəbul etmişəm.

- O yazılardan birində deyilir ki, yaşlı insanlar işdən çıxanda onların yerinə yeni gələn gənclərdən pul alınır. Deyəsən, məmurların əlinə yaxşı şans düşüb...

- Yox. Niyə biz məmurları xalq düşməni kimi qələmə verilir? Niyə bəs yalan yazan jurnalistlər xalq düşməni deyil? Görək, hansı mədəniyyət evi 5 min pul qazanır? Mən sevinərəm 5 min manat gəlir olsa.

- Deyirlər, kitabxanalardan sayt üçün pul yığırsınız.

- Bəs niyə demirlər avqustda işçilərimi apardım Altıağaca? Bizim sistemdə rüşvət deyilən şey yoxdur. Yaşa gəldikdə isə kim layiqdirsə alır. Bu mənim qərarımla həll olunmur. 110 manat maaş alan insan necə rüşvət verə bilər?

-Bir də deyirlər ki, Əlikram Əliyev Əbülfəz Qarayevin qohumudur.

- Əlikram Əliyev azərbaycanlıdır. Bütün Azərbaycan mənim qohumumdur. Düzünü desəm, nazirlə qohum deyiləm. Və Əbülfəz Qarayevlə qohumluq əlaqəsinə görə vəzifəyə qoyulmamışam. Hakimiyyətdə başqa birisilə də qohumluğum yoxdu. Mənim nəslimin ən böyük vəzifədə olanı da mən özüməm.

-Bəs Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bizim bilmədiyimiz böyük problemi nədir?

- Hazırda idarədə kadr, ştat çatışmır. Cəmi 15 nəfər aparatda işcimiz var. 182 müəssisə, 5200 işcini 15 adam idarə edir.Amma bu məsələdə də razılaşmalar var. Sənədlər yiğilib. O da həll olunacaq.

-Bəs sizin idarənin turizm tərəfi necə işləyir?

- Bizdə sadəcə ştat yoxdur. Yanvardan yerlər üçün işçi qəbuluna başlayırıq. İdarəetmənin qaydaları var, aşağıdan yuxarı təşəbbüs getməlidir. Turizm sektorları da olacaq. Bu gün turizm fəaliyyəti ancaq turizmlə bağlı tədbirlərin keçirilməsi, ya da yaradılan klubların fəaliyyətinin tənzimlənməsi deyil. Bakının turizm həyatına birbaşa müdaxilə etmək üçün bizə mütləq turizm sektoru lazımdır. Sentyabrın 27-si turizm günüdür, biz tədbirlərlə hazırlaşırıq. Saytımızda bu barədə məlumat verilib. Amma əsl fəaliyyətə 2013-cü ildən başlanacaq.

-Niyə mədəniyyət tədbirləri ilə insanlar tanış edilmir?

- Biz bu gün saytı yaradıb informasiya verməyə çalışırıq.

-Amma Azərbaycanla bağlı mədəniyyətimizi təbliğ edən yaxşı roliklər hazırlanmır...

- Nazirlə iclasımız oldu, biz orda bu məsələni qaldırmışıq. Nizami Gəncəviyə həsr olunan tədbirlər təşkil olunub, amma sanki mətbuat bu gün onu işıqlandırmaq istəmir.

- Siz doğru təşkil etməlisiniz...

-Gərək istək də olsun. Biz müəyyən telekanallara vermişik

- Reytinqi aşağı media qurumlarındakı təbliğatın nə xeyri?

- Reytinq nədir? Saçyoldu? Niyə xalqın səviyyəsini aşağı salırıq?

- Bəlkə özəl kanallar pul istəyir? Siz onu ödəmirsiniz?

- Azərbaycan mənəviyyatını ayaq altına atıb özəl olmaqdansa... Reytinq bizim telekanalların evini yıxıb. Bu gün onlar mənəviyyatımızı alçaldırlar.

- Mədəniyyətimizə cavabdeh şəxslərdən biri kimi niyə rəsmi mövqe bildirmirsiniz?

- Rəsmi nə deyə bilərik? Onlar özəldirlər. Bir az vətəni sevməlidirlər. Xalqı uçuruma aparmasınlar. Amma artıq düzəlir.

- O televiziyada səviyyəsiz saçyoldu edən müğənnilərin əksəriyyəti sizin nazirliyin fəxri ad verdiyi xalq artistləri və əməkdar artistlərdir. Gəlin mövzudan uzaqlaşmayaq. Əlikram Əliyev 4 ildə nəyi dəyişə bilib?

-Mən dəyişməyə gəlməmişəm. Mədəniyyət sahəsində qarşıya qoyulan məqsədləri yerinə yetirirəm. Bu məqsədlər Prezidentin və nazirindir, sadəcə mən yerinə yetirirəm. Konkret idarələr açılmalıdır. Kitabxanalar tozdan təmizlənməlidir. Bunlar mənə tapşırılıb. Bu gün işlərə nəzər salsaq, verilən sərəncamların 50% etmişik. Mənə deyirdilər, 30-u etsən sevin, mən 50-ni etmişəm artıq.

-Mədəniyyət işçilərinin maaşları artacaq?

-Gözlənilir, biz Prezidentin qərarını gözləyirik. Amma biz özümüz də qazanmalıyıq. Niyə İradə İsaq bir ad günü edəndə firma axtarır? Bəs niyə bizim mədəniyyət evi o məkanı bəzəməsin? Yaşlı kadrlar müasirləşə bilmirlər sadəcə. Bütün treninqlər nəyə xidmət edir, bəs? Xidmət inkişaf etməsə, 120 manat maaş olacaq. Kim bizim qarşımızı kəsir? Gün o gün olsun ki, mədəniyyət evinə çalışmaq üçün gələnlər olsun. Bu gün isə gələnlər işləmək, inkişaf etdirmək üçün gəlmir.


İradə İsaq
Yaşar İsakov
Aznews.az
Bağla X