04:14
(077) 610-22-33

“Azərbaycan“ qəzeti Saakaşvilinin müdafiəsinə qalxdı

  • >
182 6 Mart 2013 09:31 | Siyasət

Rəsmi dövlət qəzeti "Azərbayacan"ın 6 mart sayında Gürcüstan prezidenti Mixail Saakaşvilini müdafiə edən yazı dərc olunub. "Media forum" saytının məlumatına görə, siyasi şərhçi İbrahim Məmmədovun qələmə aldığı yazıda deyilir:

"Keçmiş KQB zabiti, Rusiyadakı "Qazprom" və "Aeroflot"un iri səhmdarlarından biri, rusiyalı milyonerin sahibi olduğu, Britaniyada çıxan "The İndependent" qəzetinin Azərbaycan və onun prezidenti haqda neqativ yazılarının arası kəsilmir. Mixail Qorbaçovun da yaxın adamı olan A.Lebedevin qəzetində təkcə yanvar-fevral aylarında Azərbaycanın neqativ imicini formalaşdırmaq üçün 8 məqalə dərc edilib. Yəni hər həftəyə bir məqalə düşür. Bundan əlavə Azərbaycana həsr edilməmiş başqa mövzulu yazılarda da tez-tez Azərbaycan haqda neqativ fikirlərə mütləq yer verilir. Və xüsusilə diqqəti cəlb edən odur ki, Azərbaycanda bəzən bu yazıları Avropanın siyasi mövqeyi kimi təqdim etməyə cəhdlər var. Amma faktlar göstərir ki, "The İndependent"in siyasi mövqeyi nəinki Avropanın maraqlarını əks etdirmir, hətta onun əleyhinə də işləyir.

Ötən həftə ərzində apardığım araşdırmalar maraqlı bir faktı da ortaya qoydu. Bu araşdırma "The İndependet" qəzetinin Cənubi Qafqazla bağlı informasiya siyasətinin əsas konturlarını müəyyənləşdirməyə imkan verir. Məsələ ondadır ki, keçmiş KQB zabiti, M.Qorbaçovun yaxın adamı olan A.Lebedevin Cənubi Qafqazda hədəfə aldığı təkcə Azərbaycan prezidenti deyil. Bu qəzetin Gürcüstanda da özünün sevmədikləri və favoriti var. "The İndependent"in 2011-ci ildən indiyə qədər Gürcüstana həsr olunmuş bütün yazılarında Mixeil Saakaşvili pislənir, Bidzina İvanişvili haqqında isə birmənalı olaraq müsbət imic formalaşdırılır.

"The İndependent"in Gürcüstan haqdakı məqalələrində heç də həmişə məharətlə gizlətməyin mümkün olmadığı anti-Saakaşvili və bunun əksinə İvanişvilinin mədh olunması birbaşa gözə girir. 2011-ci ildən başlayaraq keçmiş KQB zabiti, "Qazprom"un və "Aeroflot"un səhmdarı Lebedevin sahibi olduğu "The İndependent" Avropada M.Saakaşvili haqda "avtoritar", "yalançı", "diktator" və s. epitetlərlə ifadə olunan mənfi obraz yaratmağa, İvanişvilini isə "xeyriyyəçi", "sakit adam", "Putindən qaçmış sahibkar", "bir-iki ildən sonra siyasəti tərk edəcək təmənnasız siyasətçi", "təmənnasız olaraq mədəniyyətə milyonlar xərcləyən filontrop", "əsl xristian" və s. qiymətləndirmələrlə təbliğ etməyə başlayıb.

"The İndependent"in əksər məqalələrində B.İvanişvilinin Rusiyanın adamı olmadığı haqda tezis qırmızı xətlə keçir. Yəni açıq-aşkar görünür ki, "The İndependent" B.İvanişviliyə Avropanın etibarını formalaşdırmağa çalışır. Saakaşvilini isə bütün məqalələrdə – yeri gəlmişkən, onlar saysız-hesabsızdır – "dəmir əl", "keçmiş nomenklaturanın hüququnu pozmuş siyasətçi" və s. kimi xarakterizə edir".

Müəllif qeyd edir ki, "The İndependent" qəzeti 4 oktyabr 2012-ci ildə dərc etdiyi yazıda İvanişvilinin Putinlə yaxın olduğunu vurğulayıb: "Məqalə belə bir sonluqla bitir: "Praqmatik və iqtisadi baxımdan Gürcüstanın Rusiya ilə çətin diplomatik münasibətlər və kəskin ritorikalardan çıxış yolu tapmaq və vacib kommersiya əlaqələrinə, xüsusən iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına aparacaq bir nəfərə ehtiyacı var. ...İvanişvilinin qələbəsi Putinin dəstəyindən qaynaqlana bilər, amma Saakaşvilinin məğlubiyyəti Qərblə, xüsusilə də ABŞ-la dövrü çoxdan keçmiş siyasi tərəfdaşlığın zəruri sonluğudur. Gürcüstan qarşıdakı illərdə daha çox rus dostlarına ehtiyacı ola biləcək yeganə Avropa ölkəsi deyil".

Azərbaycanda Avropada nəşr olunan qəzetlərdəki ölkəmizə həsr olunmuş məqalələrin Avropa İttifaqının və yaxud onun dərc olunduğu ölkənin hakimiyyət orqanlarının mövqeyi kimi şərh etmək meyilləri həmişə güclü olub. Xüsusilə, "The İndependent" kimi populyar qəzetin yazıları Azərbaycan hökumətinə "İngiltərənin mənfi münasibəti" və "demokratiyanın dəstəklənməsi" kimi təqdim edilir. Ancaq bu faktlar göstərir ki, heç də belə deyil. "The İndependent"in Azərbaycanda İlham Əliyevi, Gürcüstanda isə M.Saakaşvilini hədəfə almasının arxasında konkret dairələrin geosiyasi maraqlarının durduğu açıq-aydın görünür".

AzNews.az
Bağla X