Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas prioritet sahələrindən biri olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas prioritet sahələrindən biri olub.

Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldı - Foto

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlətin əsas rəmzlərindən biri olan dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə dövlət sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas prioritet sahələrindən biri olub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.

Fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər.

Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə çıxış edib. O qeyd edib ki, həmsərhəd ölkələr arasında ilk olaraq Azərbaycan-Rusiya dövlət sərhədinin müəyyənləşdirilməsi prosesinə 1996-cı ildə start verilib və 14 illik birgə fəaliyyət uğurla yekunlaşdırılaraq 2010-cu il sentyabrın 3-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb.

Vurğulanıb ki, milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.

Elçin Quliyev deyib: “Qəti əmin olduğumuzu bildirmək istəyirəm ki, ölkələrimiz arasında sərhəd həmişəki kimi bundan sonra da xalqlarımızı daha sıx birləşdirəcək, sərhədlərimizdə vəziyyət ikitərəfli dostluq və mehriban qonşuluq münasibətlərinin nümunəsi olacaq. Ölkələrimizi, o cümlədən Azərbaycan və Dağıstan xalqlarını tarixən bağlayan qardaşlıq və qarşılıqlı hörmət telləri Azərbaycan-Rusiya dövlət sərhədində təhlükəsizliyin və sabitliyin rəhni, bu münasibətlərin sarsılmaz təməlidir. Dövlətlərimizin rifahı naminə uzunmüddətli, sıx və səmərəli əməkdaşlığa görə həmkarlarımıza – rusiyalı sərhədçilərə xüsusi minnətdarlığımı bildirmək istədim”.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov qeyd edib ki, Azərbaycan ilə Rusiyanın dövlətlərarası münasibətləri mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsindədir, bugünkü hadisə iki ölkə arasında əbədi dostluğun rəmzi kimi tarixə düşəcək. Qeyd edilib ki, İlham Əliyevin qətiyyətli siyasəti, ölkəmizin dövləti maraqlarının ardıcıl və məqsədyönlü müdafiəsinə yönəlmiş fəaliyyəti sayəsində Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ölkəmizin fəaliyyəti yekun mərhələyə çatıb. Dövlət sərhədinin demarkasiyası üzrə işlərin tezliklə başa çatacağına əminlik ifadə edilib.

Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov xatırladıb ki, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması ilə əlaqədar təntənəli məqamdan əvvəl uzunmüddətli işlər görülüb. Əvvəlcə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb, sonra hökumətlərarası komissiya yaradılıb. Vadim Postnov deyib: “Biz sərhədin müəyyən edilməsi qaydası barədə normativ sənədləri, təlimatları uzun müddət ərzində hazırlamışıq. Nəhayət, bizim fəaliyyətimizdə yeni mərhələ - sərhəddə nişanların quraşdırılmasının praktiki mərhələsi başlanır. Bu cür nişanlar hələ çox olacaq, lakin bugünkü nişan uzun müddət yadda qalacaq, çünki o, birincidir”.

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov xatırladıb ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə 2011-ci il iyulun 18-də qüvvəyə minib. O deyib: “Beləliklə, hər iki dövlətin qarşılıqlı razılığı ilə müqavilədə təsbit olunmuş müddəalar qanun normasına çevrilib. Bu qanunun məqsədi Azərbaycan və Rusiya xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli şəraiti təmin etməkdir. Bu gün həmin ali məqsədə nail olmağa yönəlmiş işin növbəti mərhələsi başlanır. Müqavilənin müddəaları praktikada həyata keçirilir, sərhəd həqiqətə çevrilir”.

Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.