12:09
(077) 610-22-33

Qəbələ toplantısı başladı

  • >
396 11 Sentyabr 2012 16:47 | Siyasət

Toplantının yekunları əsasında enerji, nəqliyyat, ticarət və media sahələrində əməkdaşlığa dair sazişlərin imzalanması gözlənilir



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının II toplantısına qatılmaq üçün Azərbaycana gəlib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan və Türkiyə nümayəndə heyəti Qəbələ hava limanında Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanıb.

Türkiyə nümayəndə heyətinə baş nazirin müavini Bəkir Bozdağ, xarici işlər naziri Əhməd Davudoğlu, iqtisadiyyat naziri Zəfər Çağlayan, nəqliyyat, dənizçilik və rabitə naziri Binəli Yıldırım, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri İsmət Yılmaz, TİKA (Türk İşbirliyi və Kalkınma Ajansı) rəhbəri Sərdar Çam, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik, AKP parlament fraksiyasının həmsədri Mustafa Elitaş daxildir. R. T. Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da heyətlə birlikdə Azərbaycana gəlib.

Qəbələdə əvvəlcə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında 1 saat davam edən təkbətək görüş keçirilib, paralel olaraq hər iki ölkə nazirlərinin öz həmkarları ilə ayrı-ayrılıqda danışıqları olub, sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının II toplantısı başlayıb. Toplantının yekunları əsasında enerji, nəqliyyat, ticarət və media sahələrində əməkdaşlığa dair sazişlərin imzalanması gözlənilir. Tərəflər bölgədə yaranmış durumu və Dağlıq Qarabağ münaqişəsinin həllini də müzakirə edəcəklər. Daha sonra İ. Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.

Qonaqlar sabah Azərbaycanın tarixi bölgələrindən olan Şəkiyə səfər edəcək. Azərbaycana səfərini tamamladıqdan sonra R. T. Ərdoğan Ukraynaya yola düşəcək.

AzNews.az
Bağla X